"Atributinfo.az" məlumatlandırır ki, tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin ötən ilin 28 dekabrında imzaladığı Sərəncama əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam 30-cu ilini qeyd edəcəyimiz Konstitusiyamıza və ölkəmizin suverenliyinə verilən dəyərin təcəssümüdür və müasir Azərbaycan tarixində mühüm hadisə hesab edilən bu addım 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və milli dövlətçiliyimizin möhkəm təməl üzərində qurulmasına dərin ehtiramın ifadəsidir.
Vüqar İsayev “Konstitusiya və Suverenlik İli”nin dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıdığını vurğulayaraq, istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyət olduğunu qeyd edib. Bildirib ki, 1990-cı illərin əvvəllərindən hərbi təcavüz ilə üzləşən ölkəmizin ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldığı zaman daxildə cərəyan edən mürəkkəb proseslər, vətəndaş qarşıdurması, anarxiya, ölkənin müstəqilliyi üçün yaranan təhdidlər onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu öndər Heydər Əliyev kimi güclü, prinsipial və iradəli lider xilas edə bilər. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyev xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər bunu qeyri-mümkün etmişdir. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu.
Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan tənəzzüldən inkişafa doğru irəlilədi. Lakin bununla yanaşı Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermirdi.
Nəhayət, Ermənistanın işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində bu gün Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Tədbirdə Günel İsmayılova hesabat məruzəsi ilə çıxış edib. Tədbir iştirakçılarından Akif Hüseynov, Eldəniz Səttarov və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışlar. Qeyd olunub ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir.
Sonra təşkilatı məsələyə baxılaraq Hüseynov Fəxri Akif oğlu ərazi partiya təşkilatının sədri, Səttarov Eldəniz Zirəddin oğlu sədr müavini seçilmişlər.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.
Tədbirin sonunda Göygöl rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən və eyni zamanda yubiley yaşı tamam olan partiya veteranı Hüseynov Akif Yaqub oğluna fəxri fərman və qiymətli hədiyyə təqdim edilmişdir.
B. Seyfullaoğlu
"Atributinfo.az"
