Tədbirdə Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”nin fəxri prezidenti Şahin Məmmədov, Konqresin sədri Murtaza Gülməmmədov, koordinator Elçin Şükür və konqres üzvüləri iştirak edirdilər.
“Azərbaycanlılar Konqresi”nin fəxri prezidenti Şahin Məmmədov ADR-in yaranması və fəaliyyəti barəsində tədbir iştirakçılarına qısaca da olsa məlumat verdi
Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti qısaca AXC və ya ADR — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət. Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi.
Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdi. Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.
Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, hökumət, məhkəmə hakimiyyəti. Dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti hökumətə məxsus idi. Hökumət parlament qarşısında cavabdeh idi. AXC hökuməti 1918-ci ilin 28 mayından 16 iyuna qədər Tiflisdə, 16 iyundan 17 sentyabra qədər Gəncədə, 17 sentyabrdan 1920-ci ilin 28 aprelinə qədər isə Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycanda sovet sosialist respublikası yaradıldı. Yeni dövlət 1922-ci ildə ZSFSR-in tərkibində SSRİ-nin qurulmasında iştirak etdi. 1936-cı ildə müstəqil müttəfiq respublika ünvanını aldı. 1991-ci ildə Sovet Sosialist Respublikalarnın dağılması nəticəsində Şimali Azərbaycanda Azərbaycan Respublikası yarandı.
Elçin Şükür,
koordinator
