
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Onun sözlərinə görə, bütün bunlar dövlətimizin maraqları baxımından olduqca həssas məqamlardır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi həm də bu baxımdan ciddi diplomatik mesaj deməkdir. Bu səfər vasitəsilə Cənubi Qafqazı ayırıcı xətlərlə bölmək və onu öz maraqlarının girovuna çevirmək istəyən dairələrə tutarlı cavab verildi. Bu, o demək idi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan kimlərinsə deyil, öz dövlət maraqlarını, beynəlxalq hüququ və ədaləti əsas tutacaq, böyük güclərin oyununda alətə çevrilməyəcək. Heç kimə imkan verilməyəcək ki, ölkələrimizin daxili işlərinə qarışmaqla ictimai-siyasi sabitliyi poza bilsin və nəticədə suverenliyimizi, dövlət maraqlarımızı növbəti dəfə təhdid etsinlər. Prezident İlham Əliyev yanvarın 17-də mətbuata müsahibəsində “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər” deməklə, Cənubi Qafqazda sabitliyi pozmaq istəyən dairələrə mesaj verdi.
“Azərbaycan Prezidentinin bu mesajının mahiyyəti strateji baxımdan kifayət qədər dərindir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Prezidentinə xitabən Bakıda səsləndirdiyi fikirlər kənar aktorlara və maraqlı tərəflərə bir daha nümayiş etdirdi ki, Cənubi Qafqazın siyasi mənzərəsini müəyyən edən Liderin mövqeyi nəzərə alınmadan, heç kim bu coğrafiyada öz layihəsini həyata keçirə və uğura imza ata bilməz. Onun dövlətimizin başçısına xitabən “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” deməsi, bir çox dövlətlər üçün nəticə çıxarmalı olduğu dərs idi”, - deyə Ü.Quliyev vurğulayıb.
Deputat, həmçinin qeyd edib ki, Cənubi Qafqazın üç dövlətindən ikisinin - Azərbaycanın və Gürcüstanın üst-üstə düşən mövqeyini, Azərbaycan Prezidentinin müəllifi olduğu geosiyasi reallığı görməzdən gələn dairələr bilməlidirlər ki, onların diktə ritorikasının bizim coğrafiyada sosial bazası yoxdur. Ölkəmizin milli maraqlarını təhdid etməklə Ermənistana boş vədlər verən, onu müntəzəm şəkildə hücum silahları ilə gücləndirən, hərbi, siyasi və maliyyə dəstəyini əsirgəməyən, işğalçı ölkəni yenidən xam xəyallara şirnikləndirən siyasi mərkəzlər bunu da düşünməlidirlər ki, beynəlxalq hüququ, tarixi ədaləti və Cənubi Qafqazdakı yeni reallığı gözardı edə bilməyəcəklər.