Milli Məclisin deputatı.
Bakının ev sahibliyi etdiyi COP29 böyük uğurla davam edir. Ən yüksək səviyyədə keçirilən tədbirdə qlobal problemlərin həllinə innovativ yanaşmaların şahidi oluruq. Bunu bütün dünya yaxşı görür. Xatırlatmaq lazımdır ki, 196 dövlətin, eyni zamanda Avropa İttifaqının dəstəyi və ratifikasiyası ilə məhz bu tədbirin ölkəmizdə keçirilməsi nəzərdə tutulmuşdu. COP28-dən sonra 11 ay ərzində belə bir hazırlıq işlərinin aparılması, böyük miqyaslı tədbirə ev sahibliyi edilməsi, Azərbaycanın böyük məsuliyyəti öz öhdəsinə götürməsi təqdirəlayiq hal kimi dəyərləndirilir. Artıq 80 minə yaxın iştirakçının, eyni zamanda bir çox ölkənin prezident, baş nazir və vitse-prezidentlər səviyyəsində iştirakı, tədbirin panel görüşləri, eyni zamanda Prezident cənab İlham Əliyevin keçirdiyi görüşlər, pavilyonların rəngarəngliyi bir daha COP29-un yüksək səviyyəsindən xəbər verir.
Digər tərəfdən qeyd olunmalıdır ki, COP29-un Liderlər Sammitində və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Prezident cənab İlham Əliyevin nitqi iqlim məsələlərinin miqyasını bir daha ortaya qoyur. Böyük güclərin bu kimi məqamlardakı səssizliyi bir daha ikili standartları göstərir. Planetimizin gələcəyi naminə atılan addımların ideal platforma kimi Bakının ön planda olması təqdirəlayiqdir.
Əfsuslar olsun ki, ayağımızdan dartmağa çalışanlar da var. Lakin əsas məsələ budur ki, tədbir ölkəmizdə baş tutur və möhtəşəm bir konfrans kimi yadda qalacaqdır. Azərbaycan hər zaman alternativ enerji ilə, ümumiyyətlə iqlim dəyişmələrinə qarşı mübarizədə daim müsbət yanaşma ortaya qoyub. Məhz müxtəlif nazirliklərin, eyni zamanda parlament səviyyəsində görüşlərin keçirilməsi, iqlim fəsadlarının aradan qaldırılması üçün ayrılan maliyyə dəstəyi ilə bağlı bir sıra banklarla müzakirə COP29-a öz töhfəsini verir.
Əsas məsələ havanın temperaturunu 1 və ya 1,5 dərəcə azaldılması nəticəsində çox böyük dəyişmələri dünyaya çatdırmaq və platformadan gələcəkdə istifadə etmək üçün maliyyə dəstəyinin əldə edilməsidir. Yəni dünyanı narahat edən məsələlər istiqamətində ciddi addımlar atılmalıdır. Onu da qeyd etmək istərdim ki, artıq G20 dövlətlərinin Braziliyada keçirilən sammitində iqlim bölməsində Azərbaycanın COP29-a rəhbərliyi rəğbətlə qarşılanıb. Bununla bağlı açıqlamalar da yayılıb. Yeni bir kollektiv dəyərin əldə edilməsi ilə atılan addımlarla bağlı və Azərbaycanın COP29-a rəhbərliyi nəticəsində əldə olunan uğurlar qeyd olunub. Eyni zamanda təmiz, daimi və şəffaf olan inklüziv energetika haqqında açıqlamalar da öz yerini tapıb. İndiyə qədər ayrılan milyardlarla dollar artıq trilyona çatması iqlim maliyyələşməsinin vacib olması ilə bağlı açıqlamalar da öz əksini tapıb.
Ümumiyyətlə, ev sahibliyi etdiyimiz bütün tədbirlərdə yeni, müzakirəyə açıq, dünya miqyaslı təklif və həllərlə çıxış edirik. Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyimiz ölkəmizin dünya siyasətindəki mövqeyini daha da gücləndirib. Eləcə də COP29-un Azərbaycanda keçirilməsi bir daha ortaya qoyur ki, əsl iqlim dəyişməsinə töhfələr necə verilə bilər və bunun üçün hansı yollardan, hansı platformalardan, hansı müstəvidən istifadə etmək lazımdır.
