“Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri sənədlə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, qaldırılan məsələlərə aydınlıq gətirildiyini bildirib.
Layihədə tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsaslarının təkmilləşdirilməsi, təklif olunan qoşulma qaydalarının mövcud istehlakçıların hüquqlarının qorunması və keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılması və yüksəldilməsi, sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının optimallaşdırılması, vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflığın artırılması, həmçinin tariflərin və qoşulma tələblərinin şəffaflığının təmin edilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb.
Sonra Sadiq Qurbanov “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
Komitə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su təsərrüfatı sahəsinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin vacibliyi ilə bağlı fikirlərini açıqlayıb.
Müzakirəyə çıxarılan hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
