Sizin reklam burada
Sizin reklam burada
  • Qələbəmizin ən müqəddəs şərti hərbçilərimizin məhz öz doğma torpaqları uğrunda vuruşması, canlarını fəda edərək şəhid və ya qazi olmasındadır

    Qələbəmizin ən müqəddəs şərti hərbçilərimizin məhz öz doğma torpaqları uğrunda vuruşması, canlarını fəda edərək şəhid və ya qazi olmasındadır Musa Süleymanov
    iş adamı

    Azərbaycan Milli Dövlətçilik İnstitutunun qızıl tarixi, qürur və şərəf simvolu olan 27 sentyabr 2020-ci il Azərbaycanın hərbi-strateji tarixində işğalçı Ermənistanın təcavüzünə cavab verilən 44 günlük Vətən müharibəsinin başlanması günüdür. Xalq bu günü 30 il inamla gözləmişdir. Erməni vəhşilikləri, qəddarlıqları bu illər ərzində öz faşist xisləti ilə qəzəb, nifrət hissini söndürməmiş, əksinə daha da alovlandırmışdı.
    Bu illər ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll imkanları istiqamətində Prezident İlham Əliyev beynəlxalq aləmdə ciddi siyasi iş aparmışdı. Xalqın və dövlətin səbrini tükəndirən işğalçının getdikcə azğınlaşması, işğal edilən ərazilərdə möhkəmləndirməyə cəhd, ATƏT-in Minsk Qrupunun qəbul etdirdiyi “Əsas Prinsiplər”ə təcavüzkar Ermənistanın əməl etməməsi, saxta “dağlıq qarabağ respublikası”nın mərkəzinin Xankəndindən Şuşaya köçürmə planı - “yeni müharibə, yeni ərazilər” kimi bəyanatlar, dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin qanunsuz olaraq Qarabağa yerləşdirilməsi, toponimlərin adlarının dəyişdirilib, tarixi abidələrin özlərininkiləşdirilməsi kimi dözülməz, riyakar davranışlar xalqın və dövlətin səbrini daşdırmışdı. Başqa bir amil 5 avqust 2019-cu ildə Xankəndində keçirilən mitinqdə Ermənistanın baş naziri N.Paşinyanın “Artsax Ermənistandır və nöqtə” deməsi artıq danışığlar məsələsini belə dağıtdı.
    2020-ci il iyulda təcavüzkar Ermənistanın Azərbaycanın dövlət sərhədlərini atəşə tutması, münaqişə zonasından çox uzaq olan Tovuz rayonuna hücumu vəziyyətin daha da gərginləşməsinə səbəb yaratdı. Azərbaycan-Ermənistan dövlət sərhədindəki döyüşlər zamanı 14 iyul 2020-ci il Bakıda ümummilli mitinq keçirildi, on minlərlə insan “Qarabağ bizimdir”, “Qarabağ Azərbaycandır”, “Eşq olsun Milli Orduya”, “İrəli” şüarları səsləndirərək torpaqlarının azadlığı uğrunda vuruşa hazır olduqlarını bildirdilər. Artıq xalq könüllü səfərbərlik xidmətlərinə yazılırdı. 15 iyul Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, hərbi xidmətə getmək istəyənlər şəxsi məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinə təqdim edə bilərlər. Torpağını işğaldan azad görmək istəyən nəinki oğlan və qızları, hətta xaricdəki soydaşlar, ehtiyatda olan hərbçilər, müharibə əlilləri və veteranlar hərbi əməliyyatlarda iştirak üçün Müdafiə Nazirliyinə müraciət ünvanlamışdılar. Bəlkə də dünyada yeganə xalq idi ki, Ali Baş Komandanın hərb əməliyyatlarına başlamağını istəyir, müharibəni xoş istəklə qarşılayırdı.
    27 sentyabr 2020-ci il - 1994-cü ildə bağlanan atəşkəsi pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə ardıcıl zərbələr endirən, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məkanına atəş yağdıran təcavüzkar layiqli cavabını aldı. Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Gəncə şəhərlərində dinc əhalinin yaşayış yerləri raketlərdən bombardmana tutuldu. Azərbaycana qarşı bu yeni təcavüz beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Beynəlxalq Humanitar Hüququn, 1949-cu il Cenevrə Konvensiyası, 1993-cü ildə qəbul edilən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdiyi ərazilərdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinin Ermənistan tərəfindən pozulması idi.
    Həmin gün Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziyada xalqa müraciət edərək bildirdi ki, Qarabağ torpaqlarının işğaldan azadlığı uğrunda Vətən müharibəsi başladı və bəyan etdi ki: “Qarabağ Azərbaycandır!”. Vətən müharibəsinin hərbi-strateji tarixində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı simvola çevrildi.
    Həmin gün Azərbaycan Milli Məclisinin təcili xüsusi iclası çağırıldı və ölkədə Hərbi vəziyyətin elan edilməsi qərarı qəbul olundu. Ali Baş Komandan tərəfindən bu qərar imzalanaraq, Bakı şəhəri və ölkənin bir neçə bölgəsində hərbi vəziyyət tətbiq edildi, sentyabrın 28-də də ölkə üzrə qismən səfərbərlik elan olundu.
    Prezident İlham Əliyev vurğuladı ki: “Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur... Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü. İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti idi. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar dayanıbdır. Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi olmuşdur. Bu təxribat deyilmi? Bu bizə qarşı təhqirdir”.
    Bu tarixdəki bəyanatla xalqın inam və ruh hissi daha da artdı, cəbhə boyu əks-hücum əməliyyatlarına başlayan Milli Ordu sürətlə düşmənə ağır zərbələr endirdi. 44 gün davam edən və “Vətən Müharibəsi” adlanan savaşda Milli Ordu sarsılmaz gücünü əks etdirdi və Zəfər qazandı.
    Qarabağ torpaqları işğaldan azad edildi və 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs müqaviləsi imzalandı.
    27 sentyabrdan başlayan Vətən müharibəsi 10 noyabrda zəfərlə bitdi və 44 günlük müharibənin başa çatması ilə “Yaşat” Fondu, Qarabağ Dirçəliş Fondu təsis olundu. Azərbaycanın Milli Məclisi ilk dəfə olaraq 2020-ci ilin sonunda Zəfər büdcəsi qəbul etdi, işğaldan azad edilən tarixi torpaqların bərpası üçün ilkin olaraq 2 milyard manat vəsait ayrıldı.
    27 sentyabr 2020-ci il 44 günlük Vətən müharibəsində milli ordu bir an da olsun geri çəkilmədi. Burada açıq sual var - Niyə? Ən müqəddəm şərti ordu-hərbçilərin məhz öz doğma torpaqlarının işğaldan azad edilməsi uğrunda vuruşması, canlarını belə fəda edərək şəhid və ya qazi olmasındadır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağ müharibələri şəhidlərinin xatirəsinin yad edilməsi, onların ailələrinin, həmçinin qazilərə xüsusi diqqət yetirilməsi onların qayğılarının qarşılanmasında müxtəlif səpkili tədbirlərə dəstək verir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva vurğulayır ki: “Azərbaycan xalqının igid oğulları zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, hər birimiz bu zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacayıq”.
    27 sentyabr Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan Ordusu yüksək hərbi peşəkarlıq, orduda məsuliyyətli nizam-intizam, operativ mobillik, müasir döyüş texnologiyalarına malikliyi və bundan siyasi taktika ilə istifadə edərək zəfər qazandı.
    27 sentyabr Azərbaycan xalqının dövlətə, orduya etibarı, xalq-dövlət birliyi, vətən-doğma torpaqlar uğrunda vuruşan döyüşçülərin də mənəvi-psixoloji durumuna müsbət təsir göstərdi. Bunun bir göstəricisi də, məhz yaralanan və hətta ağır vəziyyətdə olan hər bir əsgər və zabitin sağalaraq yenidən vuruş bölgəsinə qayıtmağa səy etməsi idi. Bu, vətənsevərlik, doğma torpağına bağlılıq, eyni zamanda dövlət siyasətinə, Ali Baş Komandana olan güvəncdən və zəfərə inamdan qaynaqlanırdı.
    27 sentyabr Vətən müharibəsi göstərdi ki, zəfər bir daha Azərbaycanın hərbdəki müvəffəqiyyətinin qarşısında heç bir erməni gücünün, silah-sursatının dayana bilməyəcəyini göstərdi. Xalq-dövlət birliyi düşməni məğlub etdi və Azərbaycan qəhrəman xalq oldu. Azərbaycan Respublikası dövlət sərhədini bərpa etməklə yanaşı, həm də Cənubi Qafqazda tamamilə yeni bir reallıq yaratdı.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ