Sizin reklam burada
Sizin reklam burada
  • Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır

    Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim

    Azərbaycan və Litva arasında sıx münasibətləri şərtləndirən bir sıra siyasi-iqtisadi elementlər mövcuddur. Hər iki ölkənin keçmiş SSRİ respublikası olması birgə əməkdaşlığın qurulmasında bu nöqteyi-nəzərdən xüsusi rol oynamışdır. Keçmiş ittifaq daxilində yaxşı əlaqələrə malik olan hər iki ölkə ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə nail olub.
    Hər iki ölkənin müstəqillik əldə etməsindən sonra tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoymuş və əməkdaşlığın bütün sferaları dinamizmi ilə seçilməyə başlamışdır. Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub və bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.
    Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Statistika göstərir ki, ixrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin may ayının 22-də Litvada rəsmi səfəri zamanı bu əməkdaşlıqların genişləndirilməsi üçün önəmli addımlar atılmışdır. Ölkə başçısının Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda dediyi kimi, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artmasına güclü təsir göstərəcəkdir: “Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq”.
    Səfər zamanı yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi. Litva bərpa olunan enerji mənbələri, xüsusən də günəş enerjisi sektorunda böyük potensiala malikdir. Ümumiyyətlə iki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur.
    Göründüyü kimi, iki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür və Azərbaycan Respublikası ilə Litva Respublikası arasında dostluq əlaqələrinin inkişafında iki ölkənin təhsil sahəsində əməkdaşlığı xüsusi yer tutur.
    Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı imzalanmış əməkdaşlıq sənədləri - Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” onu deməyə əsas verir ki, Azərbaycan və Litva arasında perspektivli əməkdaşlıq istiqaməti yüksələn xətlə daha da inkişaf edəcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ