Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, bu məsələlər səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti haqqında 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir: “Beynəlxalq Konvensiyaya əsasən, hər bir dövlətin üzərində ərazisində olan səfirlik və konsulluq binalarını qorumaqla bağlı öhdəliyi var. Amma görünən odur ki, İran beynəlxalq hüquqla üzərinə düşən öhdəliyi yerinə yetirməkdə maraqlı deyil. Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olur, İran dövləti və polisi bu qanlı terror aktının qarşısını almaq üçün heç bir addım atmaq istəmir”.
Millət vəkilinə görə, bütün bunlar fars-molla rejiminin beynəlxalq hüquqa, insan haqqlarına olan münasibətini nümayiş etdirir: “Törədilmiş terror aktı İranın həyata keçirdiyi anti-Azərbaycan təbliğatının və fəaliyyətin nəticəsidir. Bu qanlı terror aktına görə, İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir. Əvvəllər də İranın Azərbaycan şəhidlərinin qanında əli olduğu vurğulanıb. I Qarabağ müharibəsində və Vətən Müharibəsində İran tərəfinin Ermənistana kəşfiyyat materialları ötürməsi ilə bağlı kifayət qədər faktlar var. Azərbaycan Ordusunun irəliləməsindən narahat olan molla rejimi II Qarabağ müharibəsinin gedişində də öz çirkin əməllərindən çəkinməmişdi. Ona görə də, bu gün Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktında iki vətəndaşımızın yaralanması, zabitimizin ölümündə birbaşa İran dövlətinin əlinin olduğu şübhəsizdir”.
Aqil Məmmədov deyib ki, bu cür qanlı terror aktları ilə Azərbaycana hansısa bir formada təzyiq etməyi düşünənlər yanılırlar: “Azərbaycan böyük, güclü və qalib dövlətdir. Ölkəmizin mövqeyi regionda və qlobal miqyasda möhkəmlənib. Dövlətimizin artan iqtisadi-siyasi gücü bir çoxlarını narahat edir. Amma bütün bunlara baxmayaraq Azərbaycan bu regionda yeni bir reallıq yaradıb. Bu reallıq isə sülhü, təhlükəsizliyi ehtiva edir”.
