Sizin reklam burada
Sizin reklam burada
  • Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu

    Ərəstun İmanov,
    Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu

    2020-ci il təqvimimizə elə tarixi günlər yazdı ki, illər ötdükcə gələcək nəsillər bu tarixi səhifələrini böyük qürur hissi ilə vərəqləyəcək, müzəffər Ordumuzun qəhrəmanlıq salnaməsini həyat kredolarına çevirəcəklər. 30 il idi ki, Azərbaycan xalqı bu günlərin intizarında idi. O günlər ki, son 30 ildə təqvimimizi zəbt etmiş acılı, qaralı günləri silib atacaq, zədələnmiş milli qürurumuzu dirçəldəcək, Vətənin göylərində dalğalanacaq bayrağımıza baxmaq üçün başımızı uca, alnımızı açıq edəcəkdi.
    Azərbaycanın bu illər ərzində əldə etdiyi bütün nailiyyətlərin (siyasi, iqtisadi, mədəni, idman və s.) bir natamamlığı vardı. Ölkəmizin ərazisinin beşdəbirinin işğal altında olması onların üzərinə də kölgəsini salırdı. Əldə olunan hər bir qələbənin, uğurun beşdəbir kəsiri vardı. Çünki onların hər birində əlimiz yetməyən, ünümüz çatmayan Vətən torpaqlarının da payı vardı, olmalı idi, amma yox idi. Bunu fərd olaraq hər birimiz, xalq, cəmiyyət olaraq hamımız dərk edirdik. Hər zaman dilimizə gətirməsək də... Hər “Vətən bağı al-əlvandır” söylənəndə xarı bülbülün yeri görünür, “Qarabağ şikəstəsi” səslənəndə qəlbimizdəki bir boşluğu, o beşdəbirin kəm olduğunu hiss edirdik...
    Yalnız ölkəmizin ərazi bütövlüyü, Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədlərinin bütünlüyü üçün deyil, millət və toplum olaraq bu natamamlıqdan qurtulmaq üçün də bizə tam bir Zəfər lazım idi...
    Nəhayət, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
    Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
    Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
    Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ