Milli Məclisin deputatı
Azərbaycanın evsahibliyi etdiyi Bakı Enerji Həftəsində bərpa olunan enerji sərgisi xüsusi diqqət çəkir. Bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, yaşıl hidrogen, habelə ixrac məsələlərini özündə birləşdirən sərgidə Almaniya, Rumıniya və Rusiya ən son təkliflərin yer aldığı milli pavilyonlarla iştirak edir. Bakı Enerji Həftəsində bərpa olunan enerji mənbələrinə xüsusi maraq göstərilməsi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” ilə təmin edilməsi üçün investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanlarını genişləndirmək əminliyi yaradır.
Hesablamalara görə, Qarabağ bölgəsinin alternativ enerji potensialı kifayət qədər yüksəkdir. Belə ki, işğaldan azad olunan ərazilərimizin günəş enerjisi potensialı 4 min MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.
Yeri gəlmişkən, ötən il iyunun 3-də Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzalanıb.
Qeyd edim ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə “yaşıl enerji” zonası, eləcə də “ağıllı kənd” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal sonra atılıb.
“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda gerçəkləşdirilməsini potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.
Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında düşməndən təmizlənən ərazilərimizdə “yaşıl enerji” zonası yaradılmasının zəruriliyini diqqətə çatdırıb. Ölkə rəhbəri bunun üçün böyük imkanların, habelə kifayət qədər geniş həcmdə su resurslarının mövcudluğunu vurğulayıb. Prezident İlham Əliyev, həmçinin xarici tərəfdaşları, investorları bu layihələrin gerçəkləşdirilməsinə cəlb etməyin, yerli şirkətlərə şərait yaratmağın önəmi barədə də dəyərli fikirlər səsləndirib.
Hazırda işğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır.
Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Azərbaycanın digər bölgələri də bərpaolunan enerji mənbələri ilə zəngin olduğu üçün Günəş və külək enerjisindən səmərəli istifadəni gerçəkləşdirmək məqsədilə 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bu potensialın payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin, həm də məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.
Sonda onu da bildirim ki, düşməndən təmizlənən ərazilərdə bərpa edilən potensial əsasında tikilən rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası isə “yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçı yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.
Ölkə rəhbərinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 3 may 2021-ci il tarixli Sərəncamından ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, həm də tam rəqəmsallaşdırılıb. Başqa sözlə, düşməndən təmizlənən torpaqlarda dördüncü sənaye inqilabına uyğun intellektual enerji sistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb.
