Deputat bildirib ki, müharibə Ermənistanın kapitulyasiyası ilə bitdi: “Sonunda Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli bəyanat imzalandı. Bəyanatın 4-cü bəndində yazılır ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Qeyd olunduğu kimi, erməni silahlı birləşmələri Qarabağ ərazisini tərk etməlidirlər. Amma nə görürük, erməni yaraqlıları Rusiya sülhməramlıları ilə yanaşı fəaliyyət göstərirlər. Bu barədə Azərbaycan tərəfi Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına dəfələrlə iradlarını bildirsə də nəticə gözləntilərin tam əksinə olub. Mart ayının 26-da Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən və həqiqəti əks etdirməyən, birtərəfli açıqlaması isə yalnız təəssüf hissi doğurur. Halbuki Azərbaycan silahlı Qüvvələri Qarabağın bəzi məntəqələrində mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparıb. Bütün bunlar Rusiya sülhməramlılarının gözü qarşısında baş verib. Amma nədənsə Rusiya Müdafiə Nazirliyi Ermənistan tərəfinin verdiyi yalan informasiyalara söykənərək açıqlama verir. Bütün bunlar Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinin bəndlərinə uyğun gəlmir.
Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, Ermənistan isə xislətinə uyğun olaraq bölgədə qeyri-sağlam mühit, xalqlar arasında qarşıdurma yaratmağa meyllidir. Ermənistan bəyanatın 4-cü bəndinə zidd olaraq ordusunun qalıqlarını və qeyri-qanuni erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb. Bəyanatın müddəalarını Azərbaycan deyil, məhz Ermənistan pozub”.
"Atributinfo.az"
