Sizin reklam burada
Sizin reklam burada

Şuşa azad edildiyi ilk günlərdən bura­da geniş miqyaslı bərpa-quruculuq işlərinə başlanıldı

Şuşa azad edildiyi ilk günlərdən bura­da geniş miqyaslı bərpa-quruculuq işlərinə başlanıldıİqbal MƏMMƏDOV,
Milli Məclisin deputatı

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması mədəniyyətimizin beşiyi sayılan bu şəhərin Azərbaycan xal­qı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini bütün dünyaya nümayiş etdirməklə bərabər, həm də bu qədim mədəniyyət paytaxtımızın daha sürətlə bərpasını, Şuşaya “Böyük qayıdış”ın reallaşmasını şərtləndirir. Eyni zamanda, adıçəkilən sərəncam Qarabağın döyünən ürəyinin – Şuşanın yenidən sürətlə dirçəldilməsini, bununla da kimə məxsus olduğunun bir daha beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm önəm daşıyır.
Onu da qeyd edim ki, xalqımız Şuşanın erməni faşizminin əsarətində olduğu illərdə şəhərin işğaldan mütləq xilas olunacağına və dogma Qarabağımızın incisinə qovuşa­cağına inanırdı. Bu əminlik isə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrətindən irəli gəlirdi. Vətən müharibəsinin getdiyi günlərdə də hər kəs Silahlı Qüvvələrimizin şəhər və kəndlərimizi azad etməsindən sevinir, qürur hissi ke­çirir, bununla belə Şuşanın düşməndən təmizlənəcəyi günü səbrsizliklə gözləyirdi. Dövlətimizin başçısının o zaman “uğura bir nəfəs qədər yaxın olduğumuzu” bildirməsi, “Şuşa azad edilmədən bu əməliyyat tamam­lanmış sayılmaz, yarımçıq qalar” –söyləməsi isə Şuşa zəfəri ilə bağlı ümid və əminliyi daha da artırırdı.
Azərbaycan Prezidenti, Ali Baş Koman­dan İlham Əliyev tərəfindən 2021-ci il no­yabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini isə xalqımız taleyüklü bir hadisə kimi qarşıladı. Bu qələbə təkcə Şuşanın deyil, həm də Azərbaycanın işğal altında 30 il saxlanılan torpaqlarının xilası, ərazi bütövlüyümüzün bərpası demək idi. Təsadüfi deyil ki, Ermənistan mədəniyyət paytaxtımıza qovuşduğumuzdan az sonra kapitulyasiya aktını imzalamağa məcbur oldu. Nəticədə, Ağdam, Kəlbəcər və Laçın döyüşsüz, itkisiz Azərbaycana qaytarıldı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən il noyabrın 8-də Şuşada hərbçilər qarşısındakı çıxışında düşmənin müqəddəs şəhərimizi tapdaq altın­da saxladığı dövrdə hər il may ayında burada işğalı bayram etdiyini, Şuşa zəfərindən sonra isə bu torpağın öz sahibinə qovuşduğunu, yenə də Cıdır düzündə “Xarıbülbül” festiva­lının keçirilməsinə başlanıldığını, muğam oxunduğunu, Vaqif Poeziya Günlərinin reallaşdığını dedi: “Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu”.
Şuşa azad edildiyi ilk günlərdən bura­da geniş miqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev və bi­rinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abadlaşdırılması diqqət mərkəzində saxlanıldı. Yolların, tarixi abidələrin bərpasına, şəhərin su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi. Bu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə dəfələrlə etdikləri səfərlər zamanı bir daha öz təsdiqini tapdı.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən il 32 dəfə azad edilmiş torpaqlara, təkcə Şuşa şəhərinə isə 7 dəfə səfər etdiyini qeyd edib: “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiq­yaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”.
Həqiqətən də Şuşanın işğaldan azad edilməsindən ötən bir il ərzində burada geniş miqyası bərpa-quruculuq işləri aparılıb. “Zəfər yolu”nun tikintisi başa çatdırılıb. Bu qələbə, uğur yolunun inşasının qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq zəfərin simvolu kimi dəyərləndirilib. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib.
Belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu poten­sialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərib. Bir sözlə, şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən təmizlərkən, istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.
Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanı­lıb. Quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb.
Qısa müddət ərzində Şuşanın əsl tarixi simasının bərpası yönündə genişmiqyaslı işlər görülüb. Şəhərin Baş planının hazır­lanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və me­marlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsi kimi diqqət çəkib. Bütün bunlarla yanaşı, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinə başlanılıb. Bu istiqamətdə Heydər Əliyev Fondu səmərəli fəaliyyət göstərib. Fondun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Şuşada, eləcə də regionda icrasına başlanılan layihələrə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də cəlb edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ