Sizin reklam burada
Sizin reklam burada
  • Əcdadlarımızın vəsiyyəti reallaşır...

    Əcdadlarımızın vəsiyyəti reallaşır... Ülvi Quliyev
    Milli Məclisin deputatı

    Bu yazıdakı sitatların bolluğu təəccüb doğurmamalıdır. Çünki onların hər biri baş verən böyük tarixi hadisələrin mahiyyətinin təhrif olunmadan çatdırılmasına xidmət edir. Prezident İlham Əliyev iyunun 15-də, Şuşa Bəyannaməsinin imzalanma mərasimində belə bir fikir səsləndirmişdi: "Biz bu vəsiyyətə sadiqik və XXl əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir... Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir... Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır".
    Qardaş Türkiyə ilə Müttəfiqlik Bəyannaməsi imzalanarkən dünya birliyinin onun mətnindən ətraflı məlumatı olmasa da, mərasimin özü belə, ciddi əks-sədaya səbəb ola biləcək böyük siyasi hadisə demək idi. Çünki, həqiqətən də, bu mərasim Qars müqaviləsinin hüquqi müstəvidə tarixi və məntiqi davamını rəsmiləşdirirdi. Bəyannamənin mətni təsdiq edir ki, onda nəzərdə tutulan müddəalar istər toplum halında, istərsə də ayrı-ayrılıqda strateji hədəflərin reallaşmasına xidmət edir. Onlardan biri "Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səylərin birləşdirilməsini" ehtiva edir. Bəyannamənin imzalanmasından beş ay sonra, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vlll Zirvə Görüşü keçirildi. Bu Görüş Şuşa Bəyannaməsində nəzərdə tutulmuş müddəanın reallaşmasına ilk töhfəsini verdi və Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsinin şahidi olduq. Tədbirdə çıxış edən Prezident İlham Əliyev transformasiyanın təkamül prosesinə, təbii müttəfiqliyə, ortaq tarixi və mədəni ənənələrimizə, dil və din birliyinə söykəndiyini xüsusi vurğulayaraq bu bəyanatı verdi: "Mən xatırlayıram, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə o vaxt Naxçıvan sazişi imzalanmışdı. Onu dörd lider imzalamışdı. Amma bu gün bizim sayımız 7-yə çatıb".
    İstanbulun Demokratiya və Azadlıqlar Adasında keçirilən Vlll Zirvə Görüşündə Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdi və təltif mərasimini bu sözlərlə başladı : "Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır... Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəsi olmuşdur".
    Dövlətimizin başçısı ali mükafata görə təşəkkürünü bildirərək, onun əhəmiyyətini bu sözlərlə vurğuladı: "Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır". Tarixən türk dünyasının birliyi bir çoxlarını narahat edib. Çoxları çalışıb ki, bu birlik baş tutmasın. Nəinki iqtisadi və hərbi sahələrdə müttəfiqliyimizin, hətta mədəni əlaqələrimizin dərinləşməsi belə, onları narahat edib. Əngəllərə, maneə və təzyiqlərə baxmayaraq, türk dünyasının əməli birliyi artıq reallıqdır və Türk Dövlətləri Təşkilatı bunun əyani sübutudur. İstər Zirvə görüşündən əvvəl, istərsə də sonra ermənilər tərəfindən Laçında, Kəlbəcərdə və Şuşanın yaxınlığında törədilən təxribat və terror hadisələri təsadüfi deyil. Onların arxasında təkcə Ermənistan hakimiyyətinin növbəti ağılsızlığının, məkrli xislətinin dayandığını düşünmək də sadəlövhlükdür. Bu ağılsızlığa dəstəyin haradan, hansı ünvanlardan gəlməsindən, erməniləri kimlərin qızışdırmasından asılı olmayaraq, tam əminliklə bilməliyik ki, türk dünyasının bütövləşməsinə Azərbaycanın, ilk növbədə, Prezident İlham Əliyevin göstərdiyi müstəsna xidmətlər o dairələrə yaxşı məlumdur. Böyük türk dünyasının yekdil qərarı ilə dövlətimizin başçısına təqdim olunan Ali Orden Prezident İlham Əliyevin məhz bu xidmətlərinə verilən yüksək dəyərin təsdiqidir. Son təxribatların arxasında Ermənistan siyasi-hərbi rəhbərliyinin özünün, yaxud kənar dairələrin məsuliyyətsiz davranışının dayanmasından asılı olmayaraq, bu dairələr yaxşı başa düşürlər ki, türk dövlətlərinin müttəfiqliyi artıq reallıqdır. Azərbaycanın türk dünyasının bərpasına göstərdiyi xidmətlər də onlara məlumdur. Həmin dairələrin bu reallığı nəzərə almaması, onunla hesablaşmaması mümkün deyil. Prosesin müqavimətsiz və təxribatsız gedəcəyini düşünmək də yanlış olardı. Bütün bunlara baxmayaraq, Prezidentimizin qeyd etdiyi kimi, əcdadlarımızın vəsiyyəti uğurla reallaşmaqdadır.
    Uca Tanrı bütöv Türk Dünyasını, sülhə xidmət edən bütün dünya dövlətlərini və xalqlarını qorusun!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ