Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 11 oktyabr tarixli iclasında çıxışı

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin  11 oktyabr tarixli iclasında çıxışı Parlamentin 11 oktyabr tarixli iclasında spiker Sahibə Qafarova çıxış edərək Milli Məclisin nümayəndə heyətinin Slovakiya Respublikasına oktyabrın 7-dən 9-dək davam etmiş rəsmi səfəri barədə qısa məlumat verib.
Parlamentin sədri xatırladıb ki, Slovakiya Mərkəzi Avropada yerləşən bir dövlətidir. Əhalisi 6 milyon nəfərə yaxın, ərazisi təqribən 49 min kvadrat-kilometrdir. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.
Sahibə Qafarova deyib ki, bu səfər, ümumiyyətlə, Milli Məclisin Sədrinin Slovakiyaya ilk rəsmi səfəri idi. Spiker qeyd edib ki, o, Slovakiyanın paytaxtı Bratislavada ölkənin Baş naziri cənab Eduard Heger ilə görüşüb. Daha sonra sədr və nümayəndə heyətimiz parlamentin – Milli Şuranın Sədri cənab Boris Kollar ilə, dostluq qrupu ilə və xarici işlər naziri cənab İvan Korçok ilə görüşüb danışıqlar aparıblar. Milli Məclisin sədri və cənab Kollar Skovakiya mətbuatı üçün birgə brifinq də keçiriblər.
Sədr diqqətə çatdırıb ki, Skovakiyada söhbətlər zamanı o, Azərbaycanın Avropa İttifaqının üzvü olan dövlətlər ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyi məsələlərində ölkəmizin oynadığı rol haqqında danışıb.
Sahibə Qafarova 44 günlük Vətən müharibəsində böyük qələbə haqqında məlumat verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan 30 ildən bəri Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edərək, həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail olmuşdur. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.
Sədr həmsöhbətlərinin nəzərinə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin iyul ayında imzaladığı Fərmanla ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü müəyyənləşdirilmiş, 2 yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.
O, görüşlərdə Ermənistanın təxribatları barədə də məlumat verildiyini deyib. Bildirib ki, Ermənistan işğaldan azad olunmuş ərazilərə terrorçu qruplar göndərir, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra tutulmuş terrorçuları hərbi əsirlər kimi qələmə verir, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırır. Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində bu günədək 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olmuş və ya ağır yaralanmışdır.
Bu isə bir daha onu göstərir ki, Ermənistan həmişə olduğu kimi, beynəlxalq humanitar hüququ kobudcasına pozmaqda davam edir.
Sahibə Qafarova deyib ki, o, bununla əlaqədar olaraq, ötən ilin noyabrında Slovakiya parlamentində qəbul edilmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 2021-ci ildə aprelin 1-də qəbul edilmiş "Dağlıq Qarabağ haqqında" qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.
Gələn il Azərbaycanda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd ediləcəyini nəzərə çatdırıb. Xatırladıb ki, bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar insanlığa qarşı törədilmiş bu qətliama dair müvafiq qərarlar qəbul etmişlər. Sədr ümidvar olduğumu bildirib ki, Slovakiya parlamenti də Xocalı soyqırımının tanınması prosesinə başlayacaqdır.
Spiker öz nitqində söhbətlər zamanı iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artması üçün müvafiq tədbirlərin görülməsi, "COVID-19" pandemiyasına qarşı mübarizədə atılan addımlar, post-pandemiya dövründə əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsinin aparıldığını deyib.
Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfərin uğurla keçdiyini söyləyib və bununla əlaqədar olaraq, səfərdə onunla birlikdə olmuş və danışıqlarda fəal iştirak etmiş həmkarlarına təşəkkürünü bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ