Sizin reklam burada
Sizin reklam burada
  • 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir

    44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdirCahid Məmmədov,
    Bakı şəhəri 35 saylı Notariat Ofisinin xüsusi notariusu

    İşğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlanan İkinci Qarabağ – Vətən müharibəsi Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd - yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarımız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi.
    Bu gün, hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. Bəli, 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq... 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görülməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
    Dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan öz siyasi, hərbi gücünü, hətta dayanıqlı maliyyə durumunu belə dost və düşmən ölkələrə nümayiş etdirdi. İkinci Qarabağ savaşının üzərindən qısa zaman keçməsinə baxmayaraq, ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək istəyən və müttəfiq olmaq üçün səy göstərənlər durmadan artır. Çünki, həm siyasi müstəvidə, həm də döyüş meydanında Azərbaycan, sözün əsl mənasında qarşı tərəfə meydan oxudu. Rəsmi Bakı keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini illərdir danışıqlar yolu ilə həll etməyə çalışsa da, düşmən bu məsələdə ciddi mövqe nümayiş etdirmədi və bununla da Azərbaycan öz torpaqlarını hərbi güclə geri almaq yolunu seçdi. Danışıqlar dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları, diversiyaları bizi münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığına əmin etdi.
    Nəhayət, sentyabrın 27-də Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmalarına cavab olaraq, müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı və nəticədə yağı düşmənin işğal altında saxladığı rayonlarımız və yaşayış məntəqələrimiz geri alındı. Azad olunmuş rayon mərkəzlərinin, kəndlərin və digər yaşayış məntəqələrimizin erməni vəhşiliyinə məruz qalması aydın şəkildə dünyaya nümayiş olunur.
    Azərbaycanda ordu quruculuğu məsələləri daim nəzarətdədir. Rəşadəti ilə düşməni və onun havadarlarını vahiməyə salan yenilməz ordumuz bundan sonra da güclənəcək. Vətən müharibəsindəki qələbəmizə həsr olunan zəfər paradında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi bu 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir. Azərbaycan Prezidenti həmişə bəyan edib ki, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcəkdir. Bunun üçün müxtəlif təxribatlara əl atan düşmən və sığındığı qüvvələr Ali Baş Komandanımız tərəfindən daim susdurulub. Artıq Azərbaycan öz dəmir yumruğunu düşmənin başına qətiyyətlə endirdi və dövlət başçısı xalqımızın tarixi zəfəri ilə öz sözünün sahibi olduğunu təsdiq etdi.
    Bu gün fəxarətlə deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edir və bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı işlər artıq surətlə gedir. Bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ