Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan 2030-cu ilədək hansı vəzifələri hədəfləyir?

    Azərbaycan 2030-cu ilədək hansı vəzifələri hədəfləyir?
    Malik Həsənov,
    millət vəkili


    Sosial-iqtisadi inkişafa dair milli prioritetlər

    2021-ci ilin ilk ayı artıq geridə qaldı. Gerçəkdən dünya sürətlə dəyişir. Odur ki, buna uyğun adekvat addımlar atmağın zəruri olduğunu vurğulamağa gərək ki, ehtiyac yoxdur.
    Bəs, Azərbaycan qarşıdakı bu illər üçün hansı strateji məqsədləri hədəfləyir? Bu suala cavab tapmaq üçün ölkə Prezidentinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında" 2 fevral 2021-ci il tarixli Sərəncamına nəzər salmaq kifayətdir. Sözügedən həmin sənəddə qeyd olunur ki, müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi inkişaf infrastruktur yaradılmış, pozitiv dinamik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkəmiz yuxarı orta gəlirli dövlətlər qrupuna mövqelənmişdir.
    Prezident sərəncamında çox haqlı olaraq o da vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Təbii ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövr bizdən dərin struktur-institusonal islahatlar aparılmasını tələb edir. Məhz bu islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması Azərbaycanın daha da inkişafını təmin edə bilər, ölkə vətəndaşlarının rifahı yüksələr. Unutmamalıyıq ki, qarşıdakı illərdə bizi "Böyük Qayıdış"la bağlı kifayət qədər mürəkkəb, çətin və məsul vəzifələr gözləyir. Yəni, bölgələrə tarixi qayıdışın və əbədi məskunlaşmanın həyata keçirilməsi ən vacib və təxirəsalınmaz tədbirlərdən biri olmalıdır. Ona görə də qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
    Haqqında söz açacağımız və Azərbaycan Prezidentinin imzaladığı Sərəncam da məhz bu tələblərdən irəli gələn mühüm bir sənəddir. Beləliklə, qarşıdakı onillikdə ölkəmiz üçün hansı Milli Prioritetlər müəyyənləşdirilib?
    İlk növbədə qeyd edək ki, bu prioritetlər 5 istiqaməti əhatə edir ki, onlardan birincisi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, ikincisi, dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, üçüncüsü, əqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, dördüncüsü, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və nəhayət, beşincisi, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi tezisidir.
    Elə buradaca yada salaq ki, müəyyən edilən Milli Prioritetlər və həm də Birləşmiş Millətlər Təşkilatının "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi önəm daşıyır.
    Əslində sadalanan beş istiqamətin hər biri geniş mövzunu əhatə edir. Buna imkan olmadığından mən onların hər biri barədə qısaca məlumat vermək istərdim.
    Hər şeydən əvvəl nəzərə almalıyıq ki, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Sözsüz ki, belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün isə aşağıdakı iki məqsəd təmin olunmalıdır; birinci məqsəd davamlı və yüksək iqtisadi artım, ikinci məqsəd isə daxili və xarici təsirlərə dayanıqlıqdır.
    Bütün bu məqsədlər mühüm dövlət sənədinin "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" bölməsində yer alıb.
    "Dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət" adlanan ikinci istiqamətdə göstərilir ki, bu prioritet üç məqsəd-inkişafdan hər bir vətəndaşın bəhrələnməsi,
    yuksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət,
    paytaxt və regionların tarazlı inkişafı-əsasında uğurla reallaşa bilər.
    Üçüncü istiqamət "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" adlanır. Sənəddə qeyd olunur
    ki, bu prioritetin reallaşması üçün isə üç məqsədə nail olunmalıdır. Birincisi, XXI əsrin tələblərinə uyğun təhsil, ikincisi, yaradıcı və innovativ cəmiyyət, üçüncüsü isə vətəndaşların sağlam həyat tərzidir.
    Dördüncü istiqamət "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"la bağlıdır və bundan ötrü iki məqsəd qarşıya qoyulur. Birinci məqsəd, dayanıqlı məskunlaşma, ikinci məqsəd iqtisadi fəaliyyətə reinteqrasiyadır.
    Nəhayət, sonuncu istiqamət "Təmiz ətraf mühit" və Yaşıl artım ölkəsi" adlanır. Bu istiqamətdə də yenə effektiv reallaşmaya nail olmaq üçün iki əsas məqsəd-yüksək keyfiyyətli ekoloji mühit və
    yaşıl enerji məkanı-hədəflənir.
    Bir daha vurğulamaq istərdim ki, göstərilən beş istiqamətin hər biri bir-birilə əlaqəlidir və bu barədə geniş təhlil tələb olunur və növbəti çıxışlarda həmin mövzulara ayrı-ayrılıqda toxunmağa çalışacağıq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ