Sizin reklam burada
Sizin reklam burada
  • Professor İsa Həbibbəyli Saqiyan kəndinin Günəşli adlandırılmasında onun yerləşdiyi coğrafi ərazinin xüsusiyyətlərinin nəzərə alındığını dedi

    Professor İsa Həbibbəyli Saqiyan kəndinin Günəşli adlandırılmasında onun yerləşdiyi coğrafi ərazinin xüsusiyyətlərinin nəzərə alındığını dedi Şamaxının Saqiyan kəndinin adı dəyişdirilərək "Günəşli" oldu

    Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirdi ki, gündəliyə 13 məsələ daxil heç bir edilib.
    Gündəlik təsdiqləndikdən sonra Spiker diqqətə çatdırdı ki, müzakirəyə çıxarılan ilk iki qanun layihəsi cənab Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsidir. Gündəliyin ikinci məsələsi bu dəyişikliklə əlaqədar olaraq “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsidir. Birinci layihə ad dəyişikliyi ilə bağlıdır, ikinci layihə isəuyğunlaşdırma xarakteri daşıyır. Hər iki qanun layihəsini biz bir oxunuşda qəbul etməliyik.
    Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, Şamaxı rayonunun inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Məsələ ilə bağlı Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparılıb, yerli sakinlərin münasibəti öyrənilib. Coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılması məqsədəuyğundur. Professor İsa Həbibbəyli Saqiyan kəndinin Günəşli adlandırılmasında onun yerləşdiyi coğrafi ərazinin xüsusiyyətlərinin nəzərə alındığını dedi
    Layihəyə əsasən, Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılır, Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilir.
    “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi ilə bağlı Siyavuş Novruzov bildirdi ki, bələdiyyələrin siyahısının Şamaxı rayonu bölməsində Saqiyan bələdiyyəsinin adı Günəşli bələdiyyəsi ilə, Saqiyan kəndinin adı Günəşli kəndi ilə əvəz olunur.
    Müzakirələr zamanı deputatlar Tahir Kərimli və Aydın Mirzəzadə məsələ barədə öz fikirlərini açıqladılar.
    Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri, professor İsa Həbibbəyli öz çıxışında Saqiyan sözünün mənşəyi barədə məlumat verərək kəndin Günəşli adlandırılmasında onun yerləşdiyi coğrafi ərazinin xüsusiyyətlərinin nəzərə alındığını dedi: -" Toponimiya komissiyasının üzvü olan alimlərin fikirlərini də əsas tutaraq birmənalı şəkildə bildirmək istəyirəm ki, bu kəndin adı qədim Sak tayfaları ilə qətiyyən bağlı deyildir. Sak tayfalarının Azərbaycana hardan gəlməyi, hardan keçməyi, yayılma ariyalı məlumdur. Bu kəndlə həmin tayfaların heç bir əlaqəsi olmadığını elm təsdiq edir. Eyni zamanda bildirmək istəyirəm ki, saklarla bağlı heç br əlaqəsi olmayan bu kəndin adı, əslində xalq mənşəli alınma sözdür. Saqiad saqilərin yaşadığı yer deməkdir. Sözün sonu yan olmayıb. Onu ermənilər "yan"laşdrıb. "Saqi" sözü ərəbcə şərab paylayan ofisiant deməkdir, "an" sözü isə farsca "lar", "lər" şəkilçisi mənasındadır. Bu ad təkcə bu kəndə aid olmayıb. Şərq dünyasında bu ümumi addır. Hətta Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasında da deyildiyi kimi, " Saqi, ver badə mürüvvət ilə..." və sairə. Və ya Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" əsərində
    Saqi, lalə rəngli bir şərab gətir,
    Çəng ilə badəni qarşıma yetir.
    Onunla sabahın üzü şad olur,
    Onunla ruh evi tez abad olur.-
    deyilir. 10-larla belə misallar gətirə bilərəm. Odur ki, saqi sözünün konkret olaraq bu kəndlə, onun toponimiyası, tarixi, adət-ənənəsi ilə heç bir bağlılığı, əlaqəsi yoxdur və "saqi" sözünün alınma söz olduğu da bu mənada burda mütləq nəzərə alınmalıdır. Bu sözün mənşəyi də, onun bu kəndə verilməsi də qədim deyil. Burda məndən öncə çıxış edən həmkarlarım qeyd elədilər ki, Şah Abbas tərəfindən bu kəndə ermənilər köcürülüb. Əslində daha əvvəllər də burda ermənilər yaşayıblar. Kənd 1988-ci ilə qədər tam tərkibdə ermənilərdən ibarət olub. Ona görə də onlar bu kəndin adını öz dillərində araya "y" səkilçisini artıraraq Saqiyan kimi işlədirdilər. Dolayısı ilə bu, kəndin adının ermənilər tərəfindən erməniləşdirilməsi deməkdir. Kəndə yeni ad verilərkən onun həm coğrafi, həm də toponimik xüsusiyyəti nəzərə alınmışdır. Bundan başqa, məsələ kənd əhalisi, kənd icması ilə, eyni zamanda Rayon İcra Hakimiyyətində müzakirə olunmuş, müvafiq qərar qəbul olunmuşdur. Mən bu barədə 10-larla alimlərlə danışmışam, söhbətlər aparmışam və hamısının fikri bu cürudür. "Günəşli" kəndi kəndin müasir reallığını, ölkəmizdə baş verən yeni dəyişiklikləri və həmin kəndin coğrafi xüsusiyyətlərini tam əhatə edir. Bu mənada sözügedən kəndə coğrafi adının verilməsini elmi cəhətdən də, siyasi cəhətdən də, ümummilli cəhətdən də əhəmiyyətli və qəti hesab edirəm.
    Beləliklə, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

    Bəradər SƏMNƏDƏRLİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ