MİLLƏT VƏKİLİNDƏN TƏKLİF VƏ İRADLAR
İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə təklif olunan 17 məsələdən biri də "Qrant haqqında qanuna dəyişiklik"lə bağlı idi. Məsələnin müzakirəsi zamanı çıxış edən Razi Nurullayev təklif olunan dəyişikliyə münasibətini aşağıdakı kimi səsləndirdi
-...Bildirişlərin və digər sənədlərin gücləndirilmiş elektron imza ilə göndərilməsi fikrimcə müsbət haldır. Lakin bu dəyişiklikləri heç də inqilabi dəyişiklik hesab etmək olmaz. Sadəcə bununla sənədlər kağız vasitəsilə deyil, elektron variantda göndəriləcək. Mən bir çox media qurumlarında, internet şəbəkələrində gördüm ki, bunu inqilabi dəyişiklik kimi təqdim etmək istəyənlər var. Hətta, o dərəcədə inqilabi dəyişiklik kimi təqdim edirlər ki, qeyri-hökumət təşkilatlarının, ümumilikdə vətəndaş cəmiyyətinin problemlərinin bununla həll olunacağı düşünülür.
Hörmətli həmkarım Azay Quliyevə üzümü tutub demək istəyirəm ki, burada bir neçə dəfə bu məsələni dilə gətirmişik ki, qeyri-hökumət təşkilatlarının çox ciddi problemləri var, onlar həll olunmalıdır. Bu sənədlər göndəriləcək, ancaq mahiyyət dəyişməyəcək. Yəni, qrant haqqında alınan sənədlərin və yaxud nizamnamənin ora elektron qaydada göndərilməsi yenə də məsələnin həlli deyil. Nə fərqi kağızla göndər, ya elektron variantda göndər. Qərar verən şəxslər Ədliyyə Nazirliyindədir. Onlar qanuna uyğun qərar verəcəklər. Yenə vətəndaş cəmiyyəti üçün bunlar müsbət hal olmayacaq. Onun üçün də
2009-2014-cü ildə Qeyri-hökumət Təşkilatları Haqqında Qanuna, Qrant Haqqında Qanuna məhdudlaşdırıcı düzəlişlər edilib, əlavə müddəalar salınıb. O müddəaların tamamilə aradan qaldırılması lazimdı ki, həm də dövlət başçısının dediyi ictimai-nəzarəti qeyri-hökumət təşkilatları həyata keçirə bilsin.
Bütün bunları nəzərə alaraq təklif edirəm ki, bu qanuna nə qədər tez baxıb, onlara dəyişiklik etsək, bir o qədər həm cəmiyyət üçün, həm qeyri-hökumət təşkilatları üçün faydalı olar, həm də ictimai nəzarəti professional şəkildə yerinə yetirən təşkilatların da güclənməsinə və yerində olmasına nail ola bilərik.
