A.Məmmədov bildirib ki, “Şərq tərəfdaşlığı" proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videofarmatda keçirilmiş Sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın "Şərq Tərəfdaşlığı"nın fəal tərəfdaş ölkəsi olduğunu, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğuladı. Həmçinin ölkə başçısı öz çıxışında 30 ilə yaxın bir müddətdə müharibə şəraitində yaşayan Azərbaycanın sosial-iqtisadi inkişafından söz açaraq, işğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafda böyük nəticələr əldə etdiyini diqqətə çatdırdı.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev bir daha vurğuladı ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir”.
Ermənistanın Baş naziri Nikol Paşinyanın əsassız və gülüş doğuran faktlarla replikasına münasibət bildirən Prezident İlham Əliyev yenidən söz alaraq çıxış etdi: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın Baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”.
Amma erməni nazirin yalanını bir beynəlxalq tədbirdə üzünə vuranda onun effekti tam fərqli olur. Dünənki videokonfrans da bu səbəbdən yaddaqalan oldu. Yeri gəlmişkən, Ermənistandakı siyasi etirazlar Paşinyanın başında çatlayacaq istiqamətdə inkişaf edir.
“Ermənistan baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir. Bir daha qeyd edim ki, Paşinyanın “Şərq Tərəfdaşlığı” sammitində yenidən danışması və Prezident İlham Əliyevin ona “yerini göstərməsi” yuxarıda qeyd etdiyim səviyyə fərqini bir daha ortaya qoydu. Paşinyan və ondan əvvəlki “yan”lar başıpozuq terrorçu dəstələrdən fərqlənmirlər”-deyə, deputat qeyd edib.
