
Aydın Hüseynov,
millət vəkili
Onu bizə bəxş edənlər heç vaxt unudulmayacaq
Belə demək mümkünsə, dünya bizi heyrətləndirməkdə davam edir. Onsuz da planetdə uzun illər idi ki, bir gərginlik yaşanırdı. Millətlərarası münaqişələr, səngiməyən terror aktları, müxtəlif səbəblərdən yaranan konfliktlər, siyasi-iqtisadi mübahisələr dünyanı başına götürmüşdü. Və belə bir məqamda Çinin Uhan şəhərində koronavirusun aşkar olunması, ardınca da Ümumdünya Səhiyyə Təşkilatının bunu pandemiya elan etməsi sanki əvvəl baş verənləri hamıya unutdurdu. Bir çox beynəlxalq səviyyəli tədbirlər, idman yarışları, kino festivalları təxirə salındı. Elə o vaxtdan bu günədək gündəmdə bir məsələ var: koronavirus pandemiyası.
Ağıllı və tədbirlə tərpənən dövlət başçıları öz ölkələrində bu təhlükəli virusdan insanları qorumağın yollarını müəyyənləşdirdilər. ABŞ, Belarus, Braziliya və digər ölkələr məsələyə etinasız və səthi yanaşdıqlarını gec anladılar. Nəticədə həm virusa yoluxanların, həm də ölənlərin sayı çox oldu.
Mən qürurla deyirəm ki, Vətənim Azərbaycanda başda ölkə Prezidenti İlham Əliyev, həmçinin Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla çox vacib önləyici tədbirlər görüldü. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. “TƏBİB”in işçi heyəti, həkimlərimiz, tibb bacıları, polislərimiz böyük fədakarlıqlar göstərdilər. Belə çətin vaxtda xalq-iqtidar birliyi bir daha özünün monometliyini nümayiş etdirdi. Düzdür, sözügedən bəla hələ sovuşmayıb, ancaq Azərbaycanın gördüyü işlər bütün dünya, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qiymətləndirildi.
Qarşıdan bizim üçün ən əziz bayram olan Respublika Günü gəlir. Dünya nə qədər təlatümlərlə dolu olsa da, müstəqil ölkələr öz azadlıqlarına biganə yanaşmır, pandemiya dövründə belə onu hansısa formada qeyd edirlər. Məsələn, qardaş Türkiyə mayın 19-da istiqlaliyyət bayramının 101 illiyini özünəməxsus şəkildə keçirdi. Təntənəli tədbir düzənlənməsə də, insanlar yaşadığı evin balkonlarına çıxdı, əllərində al-əlvan bayraqlar, saat 19:19-da özgürlük himnini oxudular. Doğrudan da riqqətəgətirən bir mənzərəni seyr etdik. Hətta, klinikalardan birində həmin vaxt xəstə üzərində əməliyyat keçirən uzman doktor və həmşirələr (yəni, tibb bacıları) də deyilən vaxtda himni oxudular. Vətənə, bayrağa, torpağa, himnə sədaqətin gözəl bir nümunəsi!
Azərbaycan dövləti hələ çox gəncdir. Biz öz müstəqilliyimizə ikinci dəfə 1991-ci ildə qovuşmuşuq. Ancaq fəxr elədiyimiz, qürur duyduğumuz bir tarix var: 28 may 1918-ci il. Məhz həmin il Şərqdə ilk dəfə Azərbaycanda Cümhuriyyət yaradılıb.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Cümhuriyyət tarixini bilmək hər bir azərbaycanlının ümdə vəzifələrindən biridir. Bu tarixi yazan dəyərli insanlarımız heç vaxt unudulmayacaq, çünki onlar müstəqilliyimiz üçün çox böyük fədakarlıqlar göstəriblər. Təkcə bir faktı vurğulamaq istərdim: tarixçi alimlərimizin mülahizələrinə görə onlar 350-dən çox ilkə imza atıblar.
Yurdumun adı yazılıb,
Ölkələr sırasında.
Aylar, günlər arasında
Əziz günüm, ayım mənim,
28 Mayım mənim!
O vaxt müstəqilliyin ömrü az olsa da, zaman xalqımızı 70 ildən sonra bu arzusuna qovuşdurdu. Ancaq biz heç vaxt unutmamalıyıq ki, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edən və Müvəqqəti Hökumətin tərkibində yer alan, yaxud heç yer almayan, fəqət müstəqilliyimiz uğrunda canlarından keçən xalqımızın unudulmaz oğulları çox çətin tarixi şəraitdə böyük və şərəfli bir missiyanı yerinə yetiriblər. Bu missiyanın o illər və hətta bu gün üçün nə qədər böyük əhəmiyyət daşıdığını isə zənnimcə xüsusi vurğulamağa ehtiyac yoxdur.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında oxuyuruq: “1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir”.
Bayramınız mübarək!
