İqbal Məmmədov,
millət vəkili
28 may bizim ən əziz bayramımızdır
“Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə – XIX əsrin sonu, XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi fikirli övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı”.
Heydər Əliyev,
ümummilli lider
Bütün dünyanın koronovirus pandemiyasına görə hələ də gərginlik içində yaşadığı dövrdə tarixi hadisələr də diqqətdən kənarda qalmır, ayrı-ayrı ölkələr bu və ya digər şəkildə buna görə adekvat addımlar atırlar. Əlbəttə, faşizm üzərində qələbənin 75 illiyinin Rusiya paytaxtında möhtəşəm şəkildə keçiriləcəyi planlaşdırılsa da, həmin tədbir də məlum səbəbdən baş tutmadı. Yaxud, yayda Tokioda yay olimpiya oyunları uzun sürən müzakirələrdən sonra bir il sonraya keçirildi.
Maddi və mənəvi itkilər az qala fantastik dərəcədə ölçülür. COVİD-19 Azərbaycandan da yan keçmədi. Bakıda keçirilməsi nəzərdə tutulan bir sıra beynəlxalq tədbirlər və idman yarışları təxirə salındı. Buna baxmayaraq, Azərbaycan dünyanın bir çox dövlətlərindən fərqli olaraq, necə deyərlər, ayıq-sayıq tərpəndi, pandemiya ilə bağlı çox düzgün və ağıllı siyasət yürütdü. Təbii ki, bu, ilk növbədə ölkə Prezidenti İlham Əliyevin çevik və uzaqgörən siyasətçi, beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmasını bir daha isbatladı. Bütün bu məsələlərin həllində heç şübhəsiz ki, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın da böyük zəhməti var.
Mayın 28-də Azərbaycanda Respublika günüdür. Budur, dövlət başçımıza təbriklər göndərilir, bizi bayram münasibətilə təbrik edirlər. İlk təbrik teleqramının okeanın o tayından gəlməsini də təsadüf saymaq doğru olmazdı. ABŞ Prezidenti Donald Trampın imzaladığı həmin sənəddə ölkəmiz üçün çox vacib olan məsələlərə toxunulur. Bu barədə mediada artıq kifayət qədər fikirlər yürüdüldüyünə görə mən söhbəti uzatmaq istəmirəm. Təkcə onu əlavə etmək istərdim ki, bütün gördüklərimiz bizi gələcəyə nikbin ruhla baxmağa sövq edir.
Nəhayət, gələk xalqımız üçün mühüm tarixi günlərdən biri olan 28 maya. O günə ki, Azərbaycanın XX əsrdə istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 may ən unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir. Bu Cümhuriyyət özü də son dərəcə çətin və mürəkkəb tarixi-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə yaranmışdır.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkəmizin çoxəsrlik tarixi, sosial-iqtisadi və mədəni inkişafının, XX əsrin əvvəllərində başlanmış və rus imperiyasının dağılması ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.
Müstəqillik Aktı qəbul olunan gündən Azərbaycan Xalq Cümhuriyyəti gərgin fəaliyyətə başladı. Fətəli xan Xoyskinin rəhbərliyi ilə ilk hökumət yaradıldı. Müvafiq dövlətçilik atributlarının tətbiq edilməsi, qanunvericilik bazasının formalaşdırılması istiqamətində işlərin əsası qoyuldu. Təəssüflər olsun ki, həmin dövrdə müstəqil dövlətimiz xarici və daxili düşmənlərin güclü müqaviməti ilə rastlaşdı. Öz ülvi arzu və məqsədlərinin böyük hissəsini həyata keçirə bilməyən Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı.
Xalqımız hürriyyət və azadlıq eşqini bir daha XX əsrin sonunda, yəni 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpa olunması ilə dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının böyük oğlu, dünyanın görkəmli siyasi xadimlərindən olan ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin yaranmasına yüksək qiymət vermiş, müasir Azərbaycan Respublikasının onun varisi olduğunu bəyan etmiş, əvvəlcə Naxçıvan Muxtar Respublikasında, sonra isə ölkə səviyyəsində varisliyin və dövlət atributlarının qəbul olunmasına nail olmuşdur.
Bu gün müstəqil Azərbaycan dövlətinin dünya ölkələri arasında özünəməxsus yeri var. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət öz müsbət nəticələrini verir. Çox keçməz ki, pandemiya dövrü də bitər və ölkəmiz böyük uğurlara imza atmaqda davam edər. O ki qaldı Qarabağ məsələsinə, onun da həll olunmasına çox vaxt qalmayıb. Sadəcə, biz sülhsevər millətik və istəmirik ki, qan tökülsün. Onsuz da ermənilər beynəlxalq aləmdə rüsvayçı kökünə düşüblər. Ona görə təslim olub torpaqlarımızı geri qaytaracaqları şübhə doğurmur.
