Sizin reklam burada
Sizin reklam burada
  • AZƏRBAYCAN XALQINA VƏ DÖVLƏTÇİLİYİNƏ HƏSR OLUNAN ÖMÜR

    AZƏRBAYCAN XALQINA VƏ DÖVLƏTÇİLİYİNƏ HƏSR OLUNAN ÖMÜR
    Bu il Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının xilaskarı və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur.
    Zaman keçdikcə bənzərsiz Heydər Əliyev dühasının əzəməti, Onun böyüklüyü, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır.

    Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının bugünədək gəlmiş-keçmiş görkəmli öndərlərindən biridir. Heç bir rəhbər özünü xalqının lideri elan etmir, xalq özü liderini seçir və onun ardınca gedir.
    Heydər Əliyev tarixin gedişatını dəyişə bilən, yeni tarix yaradan dövlət xadimi idi. Heydər Əliyev həyatı boyunca istər hakimiyyət olimpinin ən yüksək zirvələrinə ucaldığı, istərsə də hakimiyyətdən getdiyi dövrlərdə zaman-zaman çox çətin, mürəkkəb və keşməkeşli situasiyalarla qarşılaşmışdır. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxartmışdır. Ona qarşı təşkil olunan bütün təhdidlərə, hətta sui-qəsd cəhdlərinə və dövlət çevrilişi planlarına baxmayaraq, ən mürəkkəb, ziddiyyətli və taleyüklü sınaq məqamlarında Ulu Tanrı və Azərbaycan xalqı Heydər Əliyevi qorumuşdur. Çünki, Heydər Əliyev sözün əsl mənasında ümumxalq sevgisi və dəstəyi qazanmış nadir və seçilmiş dövlət rəhbəri idi. Heydər Əliyev bütün varlığıyla Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətçiliyinə bağlı idi və O, lazım gələrsə həyatını belə bu yolda əsirgəməzdi. Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Milli Məclisin tarixi iclasında ölkə parlamentinin sədri seçilərkən dediyi sözlər bunun bariz sübutudur: “...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir”.
    Təbii ki, bu cümlələri yalnız xalqını canından çox sevən, onun müstəqilliyini hər şeydən üstün tutan lider – rəhbər deyə bilərdi. Heydər Əliyev heç vaxt söz xatirinə söz deməmişdir, bu dahi şəxsiyyətin və görkəmli dövlət xadiminin ömürboyu sözü də, əməli də, gördüyü işlər də dialektik vəhdət təşkil etmişdir. Keçdiyi zəngin və şərəfli həyat yolu, Azərbaycan xalqının mənafelərini qorumaq üçün bütün dövrlərdə apardığı qətiyyətli mübarizələr, gördüyü işlər, nümayiş etdirdiyi siyasi iradə və Azərbaycanın həqiqi müstəqilliyi yolunda göstərdiyi misilsiz fədakarlıqlar bunun əyani sübutudur. Məhz, bütün bunların nəticəsidir ki, həyat fəaliyyətinə dövlət təhlükəsizlik orqanlarında gənc bir əməkdaş kimi başlayan Heydər Əliyev müstəqillik dövründə nəinki Azərbaycan xalqının və bütün dünya Azərbaycanlılarının, eləcə də Türk dünyasının Lideri səviyyəsinə yüksəldi. Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyev epoxası bir insan ömrünə sığışmayan və hər kəsə nəsib olmayan əlçatmaz zirvə və təkrarolunmaz taledir.
    Azərbaycan SSR-yə rəhbərlik etdiyi 1969-1982-ci illərdə məhz Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində respublikanın xalq təsərrüfatının demək olar ki, bütün sahələrinin inkişafı ilə bağlı ən yüksək səviyyədə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin xüsusi Qərarlarının qəbul olunması ölkədə sənayenin, kənd təsərrüfatının və digər sahələrin sürətli inkişafına, yeni sənaye sahələrinin, yol, nəqliyyat, kommunikasiya infrastrukturun yaradılmasına, müxtəlif zavod və fabriklərin, məktəb, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin tikintisinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə səbəb oldu. 1969-cu ildə Məkəzləşdirilmiş Xalq Təsərrüfat Kompleksinin aqrar-xammal əlavəsi olan respublikanı Heydər Əliyev cəmi 13 il ərzində aqrar-sənaye ölkəsinə çevirdi. Bu dövrdə Azərbaycan iqtisadi inkişaf tempinə görə bütün müttəfiq respublikaları geridə qoyaraq, ən mühüm sosial-iqtisadi göstəricilərə görə birinci üçlükdə yer aldı. O dövr üçün yüksək inkişaf səviyyəsinə çatan Azərbaycan, 65 ölkəyə 350 adda məhsullar ixrac edən sənaye respublikası kimi özünü təsdiqlədi. 1969-cu ilə qədər bütün sosial-iqtisadi inkişaf göstəricilərinə görə İttifaq respublikaları arasında sonuncu yerlərdə qərarlaşan Azərbaycan, 1982-ci ildə 15 İttifaq respublikası arasında iqtisadi cəhətdən özünü tam təmin edən iki respublikadan biri oldu. SSRİ kimi fövqəldövlətin tərkibində formal müstəqilliyə malik olan Azərbaycanda bütün bu nailiyyətlərin əldə olunması məhz Heydər Əliyev fenomeni ilə izah olunmalıdır.
    Bəlkə də, Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etməsəydi, ölkədə yuxarıda qeyd olunan iqtisadi potensialı formalaşdırmasaydı əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan müstəqillik dövründə şahidi olduğumuz sürətli inkişafa nail ola bilməzdi. Bu barədə onun dahiyanə uzaqgörənliklə dediyi sözləri bir daha yada salmaq çox düzgün olardı:“... bu gün bu cəsarətli addımları atmaq üçün görürsünüz, keçmiş illərdə nə qədər böyük işlər aparılıbdır... Bu gün sizə bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.
    Heydər Əliyevin böyük əməyi sayəsində həyata keçirilmiş kompleks irimiqyaslı dəyişikliklər və ictimai-iqtisadi islahatlar nəticəsində 1969-1982-ci illər Sovet Azərbaycanın inkişaf tarixinin ən parlaq səhifələrini təşkil edərək yaddaşlara əbədi həkk olunmuşdur. Bu dövrdən başlanan iqtisadi inkişaf, milli-mənəvi dirçəliş, milli özünüdərk və milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı müstəqil dövlətçilik ideyalarının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu.
    1993-cü ilin iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı Ulu Öndərin böyük xilaskarlıq missiyasının başlanğıcı oldu. Heydər Əliyev gənc müstəqil Azərbaycan dövləti üçün ən çətin və mürəkkəb dövrdə 10 il ərzində mümkün olan hər şeyi etdi – ölkəmizdə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət idarəçiliyi sistemi yenidən quruldu, bu məqsədlə zəruri olan bütün dövlət institutları formalaşdırıldı, yeni sosial-iqtisadi sistemə – bazar iqtisadiyyatına keçidin reallaşdırılmasına, cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən geniş və sistemli siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsinə başlanıldı, iqtisadi tənəzzüldən inkişafa doğru ciddi addımlar atıldı. Eyni zamanda ölkənin gələcəyə hədəflənən iqtisadi və sosial inkişaf strategiyası hazırlandı, qanunun aliliyinə əsaslanan sivil, demokratik, hüquqi dövlət quruculuğunun fundamental əsasları, Azərbaycançılıq məfkurəsi platformasında milli ideologiya formalaşdırıldı, bütün cəmiyyət bu ideologiya ətrafında birləşdirilərək ölkədə vətəndaş həmrəyliyinə nail olundu, bir sözlə Heydər Əliyev yeni müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm ictimai-siyasi fundament və iqtisadi-sosial platforma yaradaraq siyasi sistemin əsaslı surətdə transformasiyasına nail oldu. Heydər Əliyev tərəfindən sosialyönümlü bazar iqtisadiyyatının cəmiyyətin əsas inkişaf strategiyası, konsepsiyası kimi qəbul olunması növbəti dövrlərdə Azərbaycanın müstəqil inkişafına real zəminlər yaratdı.
    Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi missiyalarından biri də özünün ən etibarlı siyasi varisini müəyyənləşdirməsi və qurucusu olduğu müasir Azərbaycanı etibarlı əllərə əmanət etməsi oldu.
    Mübaliğəsiz demək olar ki, 2003-2020-ci illər Azərbaycan Respublikasının müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifələridir. Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş, qətiyyətli, uzaqgörən, çevik və praqmatik siyasət nəticəsində ölkəmizin milli maraqları və təhlükəsizliyi tam təmin edilmiş, ictimai-siyasi sabitlik bərqərar olunmuş, iqtisadiyyatın dinamik inkişafına nail olunmuşdur. Bu dövr ərzində ölkəmizdə müasir tələblərə, minilliyin çağırışlarına, qarşıya qoyulan strateji vəzifələrə cavab verən səmərəli dövlət idarəçiliyi sistemi yaradılmış və Azərbaycanın beynəlxalq nüfuzu, siyasi çəkisi xeyli yüksəlmişdır. Bu dövrdə müstəqilliyimiz daha da möhkəmlənmiş, sözün tam mənasında əbədi və dönməz xarakter almışdır.
    Bu dövrün ən mühüm nailiyyəti kimi Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi və onun müasir dövrün tələb və çağrışlarına, eləcə də dünyada baş verən qlobal proseslərə müvafiq olaraq keyfiyyətcə təkmilləşdirilməsi xüsusi qeyd olunmalıdır.
    Ulu öndər Heydər Əliyevin formalaşdırdığı milli iqtisadi inkişaf modeli bu dövr ərzində daha da təkmilləşdirilərək ölkəmizin sosiai-iqtisadi həyatının bütün sahələrinin dayanıqlı və davamlı inkişafında özünün məntiqi nəticəsini tapmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kimi, “Milli maraqların hər şeydən üstünlüyü” bu gün də dövlətimizin inkişaf strategiyasının ən mühüm prinsiplərindən biri kimi çıxış edir.
    Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyev siyasəti yaşayır və cəmiyyətimizin həyatında, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir, modernləşdirilir və uğurla davam etdirilir.

    AZƏRBAYCAN XALQINA VƏ DÖVLƏTÇİLİYİNƏ HƏSR OLUNAN ÖMÜR
    Şəmsəddin Hacıyev,
    YAP Səbail rayon təşkilatının sədri

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ