Sizin reklam burada
Sizin reklam burada
  • Qaliblərin partiyası

    Qaliblərin partiyası Təranə Kərimova: “Azərbaycanda xalq-iqtidar birliyi sevgidən yaranır və nur kimi ölkəyə yayılır”

    Oxuculara təqdim olunan bu maraqlı müsahibənin əvvəlində diqqətinizi Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının son qurultayındakı çıxışından kiçik bir sitata yönəltmək istəyirəm: “Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırırq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir”.
    Göründüyü kimi, dövlət başçısı sözügedən qurultayda ölkədə yürüdülən siyasətin əsasında insan və vətəndaş amilinin dayandığını xüsusi şəkildə vurğulamışdır. Təkcə son bir ildə həyata keçirilən sosialyönümlü islahatlar ölkə başçısının inqilabi islahatların təşəbbüskarı və icraçısı olduğunu bir daha nümayiş etdirir. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin tikilməsi, minimum əmək haqqının, sosial müavinət, pensiya və tələbə təqaüdlərinin artırılması, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borclarının müəyyən şərtlərlə silinməsi, yanğından zərər çəkmiş sahibkarlara kompensasiyanın ödənilməsi və digər addımlar xalq tərəfindən böyük rəğbətlə qarşılanır.
    Qətiyyətlə demək olar ki, bugünkü uğurların təməlini Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev qoyub. Məhz 1992-ci il noyabrın 21-də ümummilli liderin sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi. Bununla da o zaman ölkəmizin qazandığı müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, öz müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcı qoyuldu.
    Beləliklə, bu ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ili tamam oldu. Bu günlərdə YAP Səbail rayon təşkilatının keçirdiyi möhtəşəm tədbirə toplaşanlar da bu məsələlərdən söhbət açdılar. Tədbirin sonunda YAP Səbail rayon təşkilatında Qadınlar Şurasının sədri, iqtisadçı- alim Təranə Kərimovaya yaxınlaşaraq öz təəssüratlarını bölüşməyi xahiş etdim. O, da məmnuniyyətlə suallarımızı cavablandırdı.
    Əslində yüksək intellektə, səlis nitq qabiliyyətinə malik olan bu xanım çoxdan diqqətimi cəlb etmişdi. Yəni, Təranə xanımdan müsahibə götürməyi neçə müddət idi ki, planlaşdırırdım. Sadəcə, müxtəlif səbəblərdən alınmırdı.
    - Təranə xanım, bura toplaşanlar YAP-ın yaranmasının 27 illik yubileyi ilə əlaqədar öz təəssüratlarını bölüşdülər. Sizin fikirlərinizi bilmək də maraqlı olardı.
    - Əvvəla onu deyim ki, Yeni Azərbaycan Partiyası planetar düha, siyasət nəhəngi, milli öndərimiz Heydər Əliyevin banısi və qurucusu olduğu bir partiyadır. İkincisi, YAP ümum xalq partiyasıdır. Bu partiyanın unikallığı ondadır ki, Nizamnaməsi ilə dövlətin təməl prinsipləri eynilik təşkil edir. Bunu da unutmayaq ki, YAP bu gün nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda və Şərqi Avropada ən böyük partiyalardan biridir.
    Siz diqqət yetirdinizsə, tədbirdə də haqlı olaraq vurğulandı ki, YAP o vaxt çox çətin bir dövrdə yarandı. Bu, o zamanlar idi ki, cəmiyyətdə iqtisadi, siyasi vəziyyət çox ağır idi, bütün sahələrdə deqradasiya gedirdi. Ancaq Heydər Əliyev bütün bunların öhdəsindən gələ bildi. Bir çox mümkün olmayanları gerçəyə çevirdi, əsl liderlərə xas siyasi iradə, qətiyyətlilik və uzaqgörənlik nümayiş etdirdi. Artıq aforizmə çevrilən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” şüarı özündə böyük həqiqətləri əks etdirir. Ən önəmli məsələlərdən biri də YAP-ın daim gəncləşən partiyaya çevrilməsidirOnun sıraları yeni gəncliklə daha da zənginləşir. Partiyada həm qadınların, həm də gənclərin rolu yüksələn xətlə artır. Sözsüz ki, bu da YAP-ın uğur modelini şərtləndirən göstəricilərindən biridir.
    - Bəlkə dönüb geridə qalan 27 ilə kiçicik bir ekskurs edək?
    - Bu, mənim özümçün də maraqlı olardı. Əlbəttə, 27 il çox böyük zaman kəsiyi olmasa da, zaman və məkan etibarıilə tarixi bir dövrdür. Bu illər ərzində YAP böyük təkamül yolu keçib. 550 nəfərlə yaranan və fəaliyyətə başlayan bu partiyanın bu gün 750 min üzvü var. Bilirsiz ki, o dövrdə Ulu Öndər Heydər Əliyev Naxçıvanda idi. Çox ağır illərin sınağından bizi məhz ulu öndərimiz çıxardı. Yeni Azərbaycan Partiyası günü-gündən sıralarını artırdı, özəkləri yarandı və nəhayət monolit bir partiyaya çevrildi. Bu gün isə bütün Azərbaycanı əhatə edir. Əlbəttə, bütün bu uğurlar asanlıqla əldə olunmayib.. Bir daha qeyd etmək istəyirəm ki, məhz ümummilli liderimizin gərgin zəhməti, səyi və uzaqgörən siyasəti nəticəsində biz bu qələbələrə nail olmuşuq. Yeni Azərbaycan Partiyasının yaradılması da bizim tariximizin şanlı səhifəsidir. Ona görə fəxr etməyə, qürur duymağımıza haqqımız var.
    - Təranə xanım, o qədər səmimi və şövqlə danışırsınız ki, istər-istəməz belə bir sual yaranır: YAP-ın Sizin həyatınızda oynadığı rol və əhəmiyyəti nədir?
    - Gözləyirdim bu sualı (gülümsəyir) … Birincisi, bu partiya nəinki mənim üçün, düşünürəm ki, xalqımız üçün çox böyük arxa, ümid yeri olub. Şəxsən mənə gəldikdə isə belə deyərdim: YAP mənim üçün həyat manifestinə, həyatımın mənasına, amalına çevrilib. Səmimiyyətimə inanın: bu partiya mənə azərbaycançılıq məfkurəsini tanıtdı. Mən məhz YAP-ın üzvü olduqdan sonra azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan milli kimliyin, milli mənin, milli identikliyin nə olduğunu anladım. Təbii ki, sonra öz sözümü deməyə çalışdım. Bəli, çox böyük qürurla deyə bilərəm ki, YAP artıq həyatımın amalına çevrilib. Baxın, bu gün partiyada qadınların xüsusi çəkisi 53 faizə çatıb. Bu, kifayət qədər sanballı rəqəmdir və necə deyərlər, göydən düşməyib. Mənə elə gəlir ki, qadınlarımız YAP-ın onların həyatında böyük rol oynadığını çoxdan anlayıblar. Ona görə də zənn edirəm ki, həmin qadınlar da mənimlə həmfikirdirlər.
    - Bəs necə, oldu ki, bu partiyaya üz tutdunuz?
    - Qabaqcadan deyim ki, 20 ildir ki, YAP-ın üzvüyəm. Və onu da əlavə edim ki, bizim ailədə hamı bu partiyaya üzv yazılıb.Bu zamanın və reallığın tələbi idi.Mən cəmiyyətdə cərəyan edən hadisələri görür və bu hadisələrdən kənarda qala bilməzdim.Anlayırdim ki Heydər Əliyev fenomen güclü şəxsiyyətdir siyasət dahisidir xalqı və vətəni üçün ömrünü qətrə-qətrə sərf edir.Milli Liderimiz Heydər Əliyev Şəxsiyyət və zaman konteksində hətta zamanın üzərində qələbə çalmağı bacarmış Liderdir..Xalqa böyük məhəbbətinin izharı olaraq partiya yaradır və əlbəttə ki biz də ailə üzvlərimizlə birgə bu partiyaya üzv olduq. Bu məsələdə atamın bizə böyük təsiri olub. Ancaq bura qədər psixoloji hazırlığım var idi. Yəni, mütəmadi olaraq ulu öndərin fəaliyyətini, çıxışlarını izləyirdim. Görünür, nə atam, nə mən səhv etməmişdik. Mən o vaxt Azərbaycan Dövlət İqtisad Universitetində adi müəllim idim. İctimai həyata atılandan sonra sanki gözlərim açıldı, yəni öz potensialımı və iradəmi ortaya qoya bildim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki,İqtisadiyyatın investisiya potensialının effektiv istifadə məsələlərindən yazmış olduıum doktorluq dissertasiyasını bitirdim 11 kitabın, üç monoqrafiyanın 90-dan artıq elmi məqalənin müəllifiyəm. Yeri gəlmişkən, universitetdə qadınlar şurasına da rəhbərlik edirəm. Digər ictimai işlərdə də çalışıram. Gender və İqtisadiyyat ictimai birliyinin rəhbəriyəm .Səbail rayon təşkilatına gəlincə, mən burada 17 il Qadınlar Şurası sədrinin müavini olmuşam və sonra sədr seçilmişəm. Fəxrlə deyə bilərəm ki,YAP-dan səlahiyyətli nümayəndə kimi, prezident, parlament və bələdiyyə seçkilərində partiyanıı təmsil etmişəm. Bir sözlə, bu partiya həmişə mənə və siyasətdə olan bütün layiqli qadınlara böyük etimad göstərib.Mən də bu məsuliyyəti dərk edib etimadı doğrultmaq üçün səy göstərmişəm. Məsələn, Oğuzda gənclər üçün keçirilən “Yay məktəb”ndə rəhbər olaraq, yüksək siyasi mədəniyyətə və liderlik keyfiyyətlərinə malik olan gənclərə siyasi mühazirələr oxumuşam, onların asudə vaxtlarının keçirilməsi istiqamətində intellektual oyunlar təşkil etmişəm və s.Bu siravi YAP mənsubuna partiyanın qazandırdığı ali dəyərlərdir.Bunu yüksək qiymətləndirir və partiyamla fəxr edirəm. Bu partiyamızın sədri cənab İlham Əliyevin qələbəsidir.Bu qələbə YAP-ın sədr müavini Birinci vitse- prezident, xalqın sevimlisi, milli örnək, güclü Lider, Mükəmməl Qadın xanım Mehriban Əliyevanın qələbəsidir.Onun parlaq şəxsiyyəti ölkənin və tarixin taleyini dəyişdirdi.Mehriban xanımın fəaliyyəti o qədər universaldır ki bu dünyəvi dəyərlərdən milliyyətindən asılı olmayan bütün insanlar faydalana bilir. Yeri gəlmişkən xanım Mehriban Əliyevanı iki dövlət arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirdiyinə görə Rusiya Fedarasiyasının təsis etdiyi Dostluq mükafatına layiq gğrülməsi münasibətilə təbrik edirik. Bu gün cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanı böyük uğurlara aparır.
    - Təranə xanım, istərdim ki, gənclərin YAP-da təmsilçiliyi barədə də danışasınız.
    - Məmnuniyyətlə. Əgər yadınızdadırsa, söhbətimizin əvvəlində vurğuladım ki, YAP daim yeniləşən, gəncləşən bir partiyadır. Gənclər , çox böyük qüvvədir. Şadam ki, onlar dövlət tərəfindən qayğı ilə əhatə olunmalarını yüksək qiymətləndirirlər. Bilirsiz, ləyaqətin ən böyük meyarı vətənpərvərlikdir. Bu gün gənclərimiz həqiqətən də dövlətçiliyimizə sədaqət nümayiş etdirirlər. Ordumuz get-gedə güclənir. Təsəvvür edin: gənc bir dövlət artıq dünyanın 50 modern ölkəsinin ordusu sırasındadır. Digər sahələri götürün. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi-sosial sahədə uğurlarından danışır və ölkəmizin beynəlxalq reytinqi sürətlə artır.
    Qayıdaq gənclər məsələsinə. Diqqət yetirirsinizsə, ölkə rəhbəri gənclərə daim böyük etimad göstərir, onları irəli çəkir. Bunu son kadr təyinatlarında da görmək olar. Heç uzağa getməyək. Bugünkü tədbirdə YAP-ın gənc fəalı Cavidan Adilzadənin çıxışına diqqət yetirdinizsə, məncə əlavə şərhə ehtiyac qalmayacaq.
    Mən YAP-ın parlaq gələcəyinə inanıram. Bu gələcək həm də, xalqımızın müstəqilliyinin, rifahının, təhlükəsizliyinin gələcəyi deməkdir.
    Ümumiyyətlə, YAP böyük ailədir. Biz bütün tədbirlərdə monolit birlik nümayiş etdiririk.
    İnamla demək olar ki, bu gün Azərbaycanın cənab İlham Əliyev və xanım Mehriban Əliyeva kimi güclü liderləri var. İlham Əliyev ulu öndərin təməlini qoyduğu işləri uğurla davam etdirir.
    Dünyada 220 dövlət var. İnanmıram ki, ölkədə olan xalq-iqtidar birliyi onların hansındasa bizimkindən güclü olsun. Bu birlik sevgidən yaranır və nur kimi Azərbaycana yayılır.
    Yeni Azərbaycan Partiyası həm də qaliblərin və qalibiyyətin partiyasıdır. Bunun da təməlini ulu öndərimiz Heydər Əliyev qoyub. Estafet isə etibarlı əllərdədir!
    Qarşıdan bələdiyyə seçkiləri gəlir. İnanıram ki, YAP həmin seçkilərdən də qalib çıxacaq.

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ