Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Cavid Osmanov: “Azərbaycana ləkə gətirmək istəyən Orduxan, Sevinc Osmanqızı və Qənimət Zahid kimi satqınları xalqımız pisləyir"

    Millət vəkili Cavid Osmanov: “Azərbaycana ləkə gətirmək istəyən Orduxan, Sevinc Osmanqızı və Qənimət Zahid kimi satqınları xalqımız pisləyir" Artıq bir aya yaxındır ki, Milli Məclis yaz sessiyasına yekun vurub. Lakin növbədənkənar iclaslar isə hələ davam etməkdədir. Deputatlar yay tətilinə hazırlaşsalar da, görünür hələ bəzi qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi, yeni qəbul olunacaq qanunlar üzərində işləməklə, fəallıqlarını bu istiqamətdə artırmaqdadırlar. Belə bir məqamda fürsət tapıb millət vəkili Cavid Osmanovla görüşdük, bu və digər mövzu ətrafında onunla həmsöhbət olduq.
    - Cavid müəllim, artıq parlament yay tətilə çıxsa da, mühüm məsələlərlə bağlı növbədənkənar iclaslar keçirilməkdədir. Təbii ki, hazırda ölkədə geniş rezonans doğuran Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi ilə bağlı ikinci paketi Milli Məclisə təqdim etməsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
    - Parlamentin yaz sessiyası, bildiyiniz kimi, may ayının sonunda bitir. Məzuniyyət müddəti isə iyul ayının 15-dən başlayır. Məlum olduğu kimi, bu günlərdə növbədənkənar bir neçə iclas keçirdik və bu iclasın da səbəbi cənab Prezidentimiz tərəfindən bu il – 2019-cu ilin əvvəllərində olduğu kimi, ikinci dəfə də növbəti, mən deyərdim ki, inqilabi sosial paketi Milli Məclisə təqdim etməsi ilə bağlıdır. Göründüyü kimi büdcədən maliyyələşən bir çox təşkilatlarda işləyən şəxslərin əmək haqqlarının orta hesabla 40 faiz həcmində artırılması ilə bağlı cənab prezidentimiz 18 iyun 2019-cu il tarixdə çox mühüm bir neçə sərəncam imzaladı. Eyni zamanda, dövlət başçısı minimum əmək haqqının bu ilin yanvar ayında 180 manata çatdırılması və 18 iyun tarixində 180 manatdan 250 manata çatdırılması ilə bağlı böyük bir sərəncama imza atdı. Təbii ki, ilk növbədə hər zaman olduğu kimi, cənab prezidentimizin bu sərəncamı Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənmişdir. Əlbəttə, 11 aprel 2018-ci ildə keçirilən son Prezident seçkilərindən sonra cənab Prezident vurğulamışdır ki, artıq Azərbaycan növbəti və fərqli mərhələyə qədəm qoyur, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində ciddi islahatlar aparılacaqdır. Qısa müddət keçmədən biz gördük ki, doğrudan da dövlət idarəçiliyində, hökumət üzvləri arasında çox ciddi islahatlar aparıldı; bəzi qurumlar ləğv edildi, bəzi qurumlar birləşdirildi, yeni qurumlar yaradıldı. Bu, təbii ki, müasir zamanın sifarişi əsasında həyata keçirilən islahatlar idi və bu islahatların da nəticəsi kimi ölkəmizdə insanların sosial rifah halının durmadan yaxşılaşmasına, iqtisadiyyatın artmasına səbəb oldu. Belə olan halda ölkə rəhbəri ilk sosial paketi 2019-cu ilin yanvar ayında çox mühüm sərəncamlarla təsdiq elədi. Eyni zamanda, bir daha qeyd elədiyim kimi, dövlət başçısı çox vacib və inqilabi-sosial sərəncamlarla insanların rifah halının birbaşa yaxşılaşdırılması istiqamətində, Azərbaycan vətəndaşının daha yaxşı yaşaması üçün belə bir böyük layihələrə, sərəncamlara imza atdı.
    Təbii ki, Azərbaycan xalqı da cənab prezidentimizin hər zaman olduğu kimi, apardığı uğurlu siyasəti dəstəkləyir, cəmiyyət tərəfindən, hər bir vətəndaş tərəfindən bu islahatlar çox yüksək qiymətləndirilir.
    - Siz kifayət qədər məsul vəzifələrdə çalışmısız. Son parlament seçkilərindən sonra boş qalan vakant yer uğrunda mübarizə aparıb qalib gəlmisiz. Belə deyək, sizi cavan deputatlar sırasına daxil etmək olar. Yəqin ki, adaptasiya dövrü çoxdan arxada qalıb.
    - Bildiyiniz kimi, 2016-cı il iyun ayının 18-də 90 saylı Ağdaş dairə seçki komissiyası üzrə təkrar seçkilər keçirilmişdir. Təbii ki, mən parlamentə gəlməmişdən əvvəl müxtəlif vəzifələrdə çalışmışdım; gənclər-idman sahəsində çalışmışam. Orda ilk işim məsləhətçi vəzifəsindən başlayıb. Daha sonra həmin qurumda idarə rəisi olmuşam. Ardınca Ağdaş rayon icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi işləmişəm. Son iş yerim parlamentə gələnədək rayon icra başçısının birinci müavini vəzifəsi olubdur ki, bu vəzifədə 10 il çalışmışam. Eyni zamanda 2007-ci ildən bu günə kimi YAP Ağdaş rayon təşkilatına rəhbərlik edirəm.
    Açığını deyim ki, hələ parlamentə gəlməzdən əvvəl bugünkü parlamentdə fəaliyyət göstərən bir neçə millət vəkillərilə tanışlığım var idi. Təbii ki, hər bir işə gedəndə ilk əvvəl adaptasiya dövrü keçməlisən, ora uyğunlaşmalısan və artıq bu arxada qalıbdır. Milli Məclisdə də çalışıram ki, bu vəzifənin öhdəsindən məsuliyyətlə gələm.
    - Əyalət adamı özünü paytaxtda necə hiss edir?
    - Bilirsiniz, biz hər birimiz azərbaycanlıyıq. Elə ona görə də mən özümü paytaxtda heç zaman kənar şəxs kimi hiss eləməmişəm. Fəxr edirəm ki, mən bu ölkənin vətəndaşıyam. Ağdaş da, Bakı da Azərbaycanındır və biz bütöv Azərbaycanın vətəndaşlarıyıq.
    - Millət vəkili və seçicilər. Bu sahədə işlərinizi necə qurursunuz?
    - Ümumilikdə mən çalışıram ki, hər zaman seçkilərimlə görüşüm. Bu, ilk növbədə mənim vəzifə borcumdur. Elə təkcə 2019-cu ilin fevral ayından başlayaraq seçicilərimlə 40-a yaxın görüşlər keçirmişəm və hər bir yaşayış məntəqəsini əhatə eləməyə çalışmışam. Cəmisi üç yaşayış məntəqəsində olmamışam, lakin iyul ayında onlarla da görüşlər keçirəcəyəm. Təbii ki, fəaliyyətim bununla bitmir. Növbəti mərhələ gəlir. Görüşlər təzələnəcək. Əgər 5 ay bundan əvvəl hər hansı məsələylə bağlı müraciət olunubdusa, o məsələ həllini tapıbdısa, artıq yeni məsələ ortaya çıxıb və yaxud orda iştirak etməyən digər vətəndaş da gəlib iştirak edəcək. Açığını deyim ki, yaşayış məntəqələrinə şəxsən özüm gedirəm, seçicilərlə görüşürəm, orda fikir mübadiləsi aparırıq, hər hansı məsələnin həlli istiqamətində birgə çalışırıq. Müraciət edən bir nəfər də olsa, 10 nəfər də olsa, çalışıram ki, dərhal onunla görüşüm və onun fikirlərini öyrənim.
    - Daha çox seçicilər hansı məsələlərlə əlaqədar sizə müraciət edir?
    - Müraciətlər müxtəlif məsələlərlə bağlı olur. Yol problemi olur, qaz problemi olur. Heç bir müraciət cavabsız qalmır. Elə məsələlər var ki, həllini yerindəcə tapır. Bu, əsasən yerli icra hakimiyyəti və ya əlaqədar təşkilatlarla bağlı olur.
    - İstəsək də, istəməsək də sosial şəbəkələr günümüzün reallığına çevrilib. Deyəsən, bir zamanlar sizin də ünvanınıza xoşagəlməz qeydlər yazmışdılar. Sizcə, belələrinə cavab vermək lazım deyilmi?
    - Biz iyirmi birinci əsrdə yaşayırıq. İnformasiya texnologiyaları durmadan inkişaf edir. Sosial şəbəkəsiz, internetsiz bugünkü müasir dünyanı, müasir zamanı təsəvvür etmək mümkün deyil. Sosial istifadəçilərin sayı günbəgün artır. Bu çox müsbət haldır. Amma, mənim ünvanıma yalnız və yalnız parlament seçkiləri mərhələsində xoşagəlməz sözlər yazılırdı və o vaxt yazılan xoşagəlməz sözlərin hamısı qarayaxma, şayiə, böhtan idi. Bu “qara piar” seçki ərəfəsində hər zaman olub və təbii ki, mən o zaman ona fikir də vermirdim. Onlar isə heç özləri də bilmədən mənim müsbət mənada təbliğatıma başlamışdılar. Çünki mən kənardan gəlməmişdim ora. Mən Ağdaşda doğulub boya-başa çatmışam, Ağdaşda yaşamışam, Ağdaşda uzun illər müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərmişəm. İnsanlar görəndə ki, bunlar qarayaxma ilə məşğul idilər, artıq məsələlər onların yox, mənim xeyrimə həllini tapırdı.
    - Qarayaxma, şər-böhtanla bilirsiz ki, təkcə Azərbaycanın daxilində deyil, həm də bəzi Qərb dövlətlərində yaşayan və ölkəmizi istəməyən qüvvələrə xidmət edən üzdəniraqlara sözünüz.
    - Onlar erməni lobbisinə xidmət eləyən, qeyd etdiyiniz kimi, üzdəniraq ünsürlərdir. Sayları çox məhdud olsa da, amma görürük ki, sosial şəbəkələr vasitəsilə heç bir Azərbaycan ideyalarına, Azərbaycanın heç bir milli-mənəvi dəyərlərinə məhəl qoymadan söyüşlərlə, təhqirlərlə və şər-böhtanlarla bütövlükdə Azərbaycan xalqını təhqir eləməyə çalışırlar. Azərbaycanın inkişafını şübhə altına salmağa, Azərbaycanın günbəgün artan imicinə ləkə gətirməyə, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasətin üzərinə kölgə salmağa çalışırlar və buna da heç cür nail ola bilmirlər. Çünki hər bir Azərbaycan vətəndaşı onların çıxışlarına baxanda ancaq və ancaq onlara nifrət yağdırır. Onlar fikirləşmirlər ki, bu millətin, bu xalqın nümayəndələridirlər, Azərbaycanın zəngin milli-mənəvi dəyərləri var, Azərbaycanda ailə dəyərləri, qadına, uşağa, böyüyə, kiçiyə hörmət var. Bunların heç birinə məhəl qoymadan onlar söyüşlərə, təhqirlərə, şər-böhtana əl atırlar. Azərbaycan xalqı onları birmənalı olaraq pisləyir, lənətləyir. Azərbaycan xalqı Azərbaycan Prezidenti ilə sıx birləşib. Azərbaycan Prezidentinin nüfuzu dünyanın inkişaf etmiş ən böyük ölkələrinin rəhbərlərinin nüfuzu ilə eyni sıradadır. Azərbaycan dünya arenasında iqtisadi baxımdan qüdrətli ölkə kimi tanınır. Artıq bütün dünya başa düşür ki, bu bölgədə Azərbaycansız heç bir layihəyə imza atmaq mümkün deyil. Azərbaycanın qüdrətli ordusu, böyük iqtisadi potensialı, durumu var. Artıq Azərbaycan təkcə bu bölgə üçün deyil, bütün Avropa və Asiya məkanı üçün vacib ölkəyə çevrilmişdir. Çünki burda tranzit-dəhliz layihələri, yol-nəqliyyat infrastrukturu, enerji sahəsində Azərbaycanın imza atdığı uğurlar, artıq Azərbaycan neftinin, qazının qərb dövlətlərinə çıxarılması göstərir ki, Azərbaycan təkcə bu bölgə üçün deyil, ümumilikdə Avropa-Asiya üçün çox vacib bir ölkədir. Ona görə də adını … qoyan belə yaramazlar, şərəfsizlər atdıqları nalayiq addımlarla heç nəyə nail ola bilməyəcəklər.
    - Cavid müəllim, yeri gəlmişkən, Paşinyanın “sayıqlamaqları” nə vaxta qədər hökm sürəcək?
    - Hər birimizə məlumdur ki, Ermənistanda daxili vəziyyət son dərəcə qeyri-stabildir. Orda Ermənistanın indiki baş naziri Nikol Paşinyanla köhnə hökumət arasında böyük qarşıdurma var. Bu qarşıdurma Ermənistanda yəqin ki, növbəti tənəzzülün olacağına gətirib çıxaracaq. Onsuz da onlar çətin iqtisadi-siyasi durumda yaşayırlar. Onların beynəlxalq aləmdə nüfuzu günbəgün aşağı düşür, iç üzləri açılır, hiylələri baş tutmur. Paşinyanın da, onların müdafiə naziri Topanyanın da verdiyi bəyanatlar yalnız və yalnız daxili gərginliyin aradan qaldırılmasına istiqamətlənib. Amma başa düşmürlər ki, onların hər dəfə mətbuatda sayıqlamaqları Ermənistanı vəziyyətdən çıxmağa yox, daha da gərginliyə, uçuruma aparır.
    - Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, idman yarışları və əldə olunan nailiyyətlər. Bu istiqamətdə fikirlərinizi bilmək maraqlı olardı.
    - Azərbaycan son illər müxtəlif beynəlxalq forumlara, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edən ölkələrdən artıq birincisidir. Çünki, burda keçirilən tədbirlər təşkilati baxımdan dünya ölkələrilə müqayisədə həm çox yüksək səviyyədə baş tutur, həm də keçirilən tədbirlərə uyğun bütün lazımi qurğular var. Təkcə bu il ölkəmizdə keçirilən “Forumla-1”, Avropa liqasının final mərhələsi, bu günlərdə BMT ilə birgə xidmətlər sahəsində keçirilən toplantı və digər bu kimi tədbirlər Azərbaycanın durmadan artan nüfuzundan xəbər verir. Dünya ölkələrinin bir çox tanınmış simalarımız nüfuzlu siyasətçilərinin Azərbaycana ayaq açması təbii ki, ölkəmizin artan reytinqindən xəbər verir. Azərbaycanda belə tədbirlərin sayı artdıqca, dövlətimizin nüfuzu da o qədər artır, xarici turistlərin də sayı artmaqda davam edir. Eyni zamanda Azərbaycana qoyulan xarici investisiyaların sayı da artmaqda davam edir və bunun üçün kifayət qədər əlverişli şərait yaradılıb.
    - Artıq yay tətili başlayır. Sirr deyilsə, istirahətinizi harda və necə keçirmək niyyətindəsiz?
    - İstirahət günləri Milli Məclisin deputatları üçün 45 gün nəzərdə tutulur – iyul ayının 15-dən avqust ayının 30-dək. Mən bunun qısa müddətini xaricdə keçirəcəyəm. Yerdə qalan hissəsini isə ölkə daxilində keçirəcəyəm və xüsusən də Ağdaş rayonunda seçicilərimlə bircə olacağam.

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ