Sizin reklam burada
Sizin reklam burada
  • “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Aqrar siyasət komitəsi sədrinin müavini Eldar Quliyevin çıxışı

    “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Aqrar siyasət komitəsi sədrinin  müavini Eldar Quliyevin çıxışı
    Hörmətli cənab sədr!
    Hörmətli həmkarlar!

    Gənc nəslin düzgün və müasir tələblərə uyğun yetişdirilməsi hər bir ölkə üçün olduğu kimi müstəqil Azərbaycan Respublikası üçün də ən başlıca məsələdir. Çünki, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclərimiz müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanırlar. Gənclərin daha yüksək nailiyyətlər əldə etməsini stimullaşdıran əsas şərtlərdən biri müvafiq qanunvericilik bazasının yaradılması və onun daim təkmilləşdirilməsidir.
    Bu məqsədlə 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ona müasir tələblərə uyğun dəyişikliklər edilmişdir. Müzakirə etdiyimiz qanun layihəsi də dünyada gedən qlobal ictimai-siyasi proseslərə uyğun olaraq bu Qanunun təkmilləşdirilməsinə yönəlmişdir.
    Qnun layihəsində bir çox önəmli dəyişikliklərin edilməsi nəzərdə tutulur ki, bu da cəmiyyətdə gedən proseslərdən irəli gələn tələblərə tam uyğundur. Bu dəyişikliklərdən 1-ci maddədə real həyatda tez-tez rast gəldiyimiz yeni anlayışların izahının verilməsini, 3-cü maddədə gənclər siyasətinin məqsəd və prinsiplərinin, 4-cü maddədə gənclər siyasətinin həyata keçirilməsində dövlətin vəzifələri, 5-ci maddədə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı məsələlərinin daha geniş və əhatəli əks olunmasını xüsusi qeyd etmək istəyirəm.
    Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkəmizin gələcəyi olan gənclərə çox yüksək dərəcədə diqqət və qayğı göstərir, onların təhsili, tərbiyəsi, fiziki, mənəvi və əqli inkişafı, sağlamlığının qorunması üçün lazım gələn bütün tədbirləri həyata keçirir və bu tədbirləri daim təkmilləşdirmək əzmindədir.
    Bununla yanaşı qanun layihəsi barədə bəzi irad və təkliflərimi bildirmək istəyirəm.
    1.0.5.-ci maddədə “icra orqanlarının üzvlərinin və təsisçilərinin” sözləri “təsisçilərinin və icra orqanlarının üzvlərinin” sözləri ilə əvəz edilməsi daha düzgün olardı. Ona görə ki, təşkilatı təsisçilər yaradır , icra orqanları isə həmin təşkilatın üzvlərindən formalaşır.
    4.0.12.-ci maddədə “edilməsi” sözündən sonra “üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hər il müsabiqələrin keçirilməsi, qaliblərin mükafatlandırılması” sözlərinin əlavə edilməsinə ehtiyac vardır. Belə olan halda istedadlı və yaradıcı gənclər onların qabiliyyətinin qiymətləndirilməsini yəqin etdikdə bu sahədə öz nailiyyətlərini inkişaf etdirməkdə maraqlı olacaq və bu hal digər gənclərdə də stimul yaradacaqdır. Digər tərəfdən bu məsələ ilə məşğul olacaq orqan konkret olaraq məlum olur və tədbirin həyata keçirilməsi təmin edilir. Əks təqdirdə isə bu məsələ sıradan bir ünvansız tədbir kimi qalacaq və heç bir hüquqi yük daşımayacaq. Bu mənada yaxşı olar ki, 4.0.15.-ci maddədə də “dəstəklənməsi” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada stimullaşdırılması” sözləri əlavə edilsin.
    Layihənin 7.2.-ci maddəsində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunsa da bu maddə həmin qanunun 28.3-cü maddəsi ilə ziddiyət təşkil edir. 28.3-cü maddədə təhsil müəssiəsinin mülkiyyət növündən, təhsilalma formasından və təhsi müəsiəsinin tipi və növündən asılı olmayaraq birmənalı olaraq göstərilir ki, təhsil müəssiəsində təhsil alanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilir. Layihənin 7.2.-ci maddəsində isə yalnız dövlət təhsil müəssisələrində təhsil alan gənclərə pulsuz, peşə və orta-ixtisas müəssisələrində əyani təhsil alan gənclərə isə həmin təhsil müəssisələrinin vəsaiti hesabına tibbi yardım göstərilməsi qeyd olunur. Göründüyü kimi qanunlar arasında ciddi ziddiyət mövcuddur və onun aradan qaldırılmasına ehtiyac vardır.
    Qanunun 8.1.-ci maddəsinin 3.-cü abzasında və 8.4.-cü maddəsində “hakimiyyətinin” sözü “hakimiyyəti orqanının” sözləri ilə əvəz edilməlidir. Çünki, müvafiq icra hakimiyyəti anlayışı yoxdur, müvafiq icra hakimiyyəti orqanı anlayışı var və bütün qanunların mətnində bu qaydada qeyd olunur. 8.2.-ci maddədə “əlavə təhsilinin artırılması” sözləri “əlavə təhsil alması” sözləri ilə əvəz edilməsi cümlənin mahiyyətini düzgün əks etdirərdi.
    Mən qanun layihəsinin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ