Bu barədə “Seznam Zprávy” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Çexiya hər il Azərbaycandan təxminən 2 milyard kubmetr qaz almağı hədəfləyir. Bu tədarüklərin 2028–2029-cu illərdən etibarən başlanması nəzərdə tutulur.
Çexiyanın sənaye və ticarət naziri Karel Havlíček bildirib ki, müvafiq razılaşma hələ imzalanmasa da, danışıqlar uğurla davam edir və müqavilə çox yaxşı mərhələdədir.
Eyni zamanda qeyd olunur ki, layihədə iştirakda Çexiyanın aparıcı enerji şirkəti ČEZ də maraqlıdır və qaz tədarükü ilə bağlı təşəbbüslərdə iştirak edir.
Məlumata əsasən, bu addım Çexiyanın enerji mənbələrini şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək strategiyasının bir hissəsidir. Azərbaycan isə Avropa üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.
