Sizin reklam burada
Sizin reklam burada
  • Ekspert: Alternativ marşrutlar və Orta Dəhliz iqtisadi dayanıqlığın əsasıdır

    Son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan dərin transformasiyalar, qlobal iqtisadi proseslərin mürəkkəbləşməsi, enerji bazarlarında dəyişkənlik və təhlükəsizlik çağırışlarının artması diplomatik platformaların rolunu daha da aktuallaşdırıb. Bu baxımdan Antalya Diplomatiya Forumu yalnız siyasi dialoq məkanı deyil, həm də iqtisadi əməkdaşlıq və qlobal inkişaf gündəliyinin formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi çıxış edir.
    Bunu iqtisadçı-ekspert Samir Heydərov bildirib.

    Ekspert qeyd edib ki, müasir dövrdə dövlətlərarası münasibətlər təkcə siyasi deyil, eyni zamanda iqtisadi maraqlar və strateji layihələr üzərində formalaşır. Onun sözlərinə görə, qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlar — təchizat zəncirlərindəki pozulmalar, enerji resurslarının təhlükəsizliyi və nəqliyyat marşrutlarının şaxələndirilməsi — beynəlxalq platformalarda geniş müzakirə olunmalıdır.

    “Antalya Diplomatiya Forumu bu baxımdan müxtəlif regionları təmsil edən dövlətlərin və ekspertlərin bir araya gələrək fikir mübadiləsi aparmasına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Bu cür platformalar qlobal iqtisadi sistemdə etimadın möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi müasir beynəlxalq iqtisadiyyatın əsas sütunlarından biridir. Enerji ixrac edən və tranzit ölkələr arasında əməkdaşlıq təkcə iqtisadi gəlirlər baxımından deyil, həm də regional sabitlik və uzunmüddətli strateji balans üçün vacibdir. Bu kontekstdə etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşdırılması xüsusi önəm kəsb edir”, - deyə Samir Heydərov qeyd edib.

    Ekspert əlavə edib ki, qlobal ticarət sistemində baş verən dəyişikliklər nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb: “Alternativ marşrutların inkişafı və beynəlxalq yükdaşımaların təhlükəsizliyinin təmin olunması iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir. Bu baxımdan Orta Dəhliz kimi layihələr region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Antalya Diplomatiya Forumu çərçivəsində aparılan müzakirələrin bu istiqamətləri əhatə etməsi isə forumun iqtisadi gündəliyini daha da zənginləşdirir. Bu platforma həm də yeni iqtisadi tərəfdaşlıqların formalaşması, investisiya imkanlarının genişlənməsi və regional inteqrasiyanın gücləndirilməsi baxımından mühüm rol oynayır”.

    Ekspertin qənaətinə görə, Antalya Diplomatiya Forumu qlobal iqtisadi çağırışlara cavab verən, dialoq və əməkdaşlığı təşviq edən strateji beynəlxalq platforma kimi öz əhəmiyyətini ildən-ilə artırır. Bu isə həm regional, həm də qlobal səviyyədə dayanıqlı inkişaf və iqtisadi sabitlik üçün yeni imkanlar yaradır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ