Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Bu il artıq onuncu ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 1200 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulub. Rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə artıq ipəkqurdu toxumu təhvil verilib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 30 qutu ipəkqurdu toxumu gətirilərək qazaxlı kümçülərə paylanılıb.
