Mil-Muğan bölgəsində yerləşən İmişli rayonunda meyvə bağlarının çox hissəsi əsasən fərdi təsərrüfatlarda, yəni həyətyanı sahələrdədir. Yağan yağışlar səbəbindən bağlardan məhsul gözləntisi aşağı düşüb. Qeyri-sabit hava əsasən ərik və gilas ağaclarına təsir edib.
İmişlidən olan bağban Muxtar Əliməmmədov əvvəlki illərə nisbətən məhsuldarlığın iki dəfə az olacağını bildirir: “İstənilən qədər gilas olmayacaq. Çünki yağış çox təsir edib. Yağışlar ağac çiçəkləyən dövrdə düşdüyü üçün çiçəklər zədələnib tökülür. Bəzi ağaclarda çiçək qalsa da, bir çoxunda ümumiyyətlə heç yoxdur. Ötən il bu ağaclar 15-18 kiloqram məhsul verib. Lakin bu dəfə yağışın fəsadları səbəbindən hər ağac 5-6 kiloqramdan artıq məhsul verə bilməyəcək”.
