Bu fikirləri "Atributinfo.az"-a açıqlamasında
Göygöl RİHB Aparatının Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fuad Məmmədov söyləmişdir. O, əlavə etmişdir ki, ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq və Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir:
"Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir.
Azərbaycan dövlət müstəqilliyini əldə edəndə burada yaranmış böyük kimya kompleksinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu biz hamımız dərk etdik. Əgər bu kompleks yaranmasaydı, bu gün müstəqil Azərbaycan bu sərvətlərə malik olmayacaqdı. Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür.
Neftin və qazın Avropa istiqamətində ixrac olunması – təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bu, bizim Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu eyni zamanda böyük bir siyasi məsələdir. Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır.
Biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd və vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir. Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi – bunlar hamısı bizim əsas prinsiplərimizdir."- Fuad Məmmədov demişdir
Zahir Məmmədov
"Atributinfo.az"
