Sizin reklam burada
Sizin reklam burada

Azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hazırlanıb və hökumətə təqdim edilib - Mikayıl Cabbarov

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hazırlanıb və hökumətə təqdim edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.
Nazir bildirib ki, bununla bağlı təkliflər paketi hazırlanıb. “Vergi güzəştləri, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır”, - deyə M.Cabbarov bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ