Bu fikirləri güləş üzrə U-17 sərbəst güləş millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda keçirilən dünya çempionatının nəticələrini dəyərləndirərkən səsləndirib.
Mütəxəssis bildirib ki, dünya çempionatına hazırlıq mərhələsinə baş məşqçi kimi təxminən bir ay yarım qalmış qoşulub və məşqçilik karyerasında ilk addımlarını atır.
“İdmançı kimi uğur qazanmaqla məşqçi kimi nəticə əldə etmək fərqli məsuliyyətdir. Sərbəst güləşdə ABŞ, Yaponiya, İran, Hindistan və Rusiya kimi güclü məktəblər var. Bu səbəbdən rəqabət son dərəcə gərgindir”, - deyə tanınmış idmançı qeyd edib.
Hacı Əliyevin sözlərinə görə, mundialın Azərbaycanda təşkili gənc idmançıların psixoloji durumuna gözlənildiyindən fərqli təsir göstərib: “Düşünürdüm ki, doğma azarkeşlərin dəstəyi onları daha da ruhlandıracaq. Təəssüf ki, bəzi güləşçilər bunun əksini yaşadı və görüşləri cüzi fərqlə uduzdular. Onlar hələ gəncdirlər və səhv etmələri təbiidir. Mən də idmançı karyeramda Olimpiya Oyunlarında bir səhvin bədəlini məğlubiyyətlə ödəmişəm. Buna görə onları qınamaq doğru olmaz”.
Böyük məşqçi qeyd edib ki, Avropa çempionatından əvvəl bu vəzifəyə təyin olunmağı arzulasa da, yekun qərar federasiya tərəfindən verilib. Onun sözlərinə görə, təyinatdan sonra komandanın heyətində geniş dəyişiklik edilməyib, yalnız bir çəki dərəcəsində yenilənməyə ehtiyac duyulub.
Hacı Əliyev gənc güləşçilərin həddindən artıq çəki salmasını əsas problemlərdən biri kimi qiymətləndirib.
“Federasiya ilə razılaşmışıq ki, normadan 3 kiloqramdan çox artıq çəkisi olan idmançılar milli komandaya cəlb edilməyəcək. Bəzi idmançılar yarışdan əvvəl 6-7 kiloqram çəki salıblar. Bu isə uşaq idmanında sağlam yanaşma hesab oluna bilməz. Məqsədimiz ilk növbədə sağlam və perspektivli idmançılar yetişdirməkdir”, - deyə Hacı Əliyev vurğulayıb.
Mütəxəssis əlavə edib ki, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək. O, uğursuz çıxış edən gənc güləşçilərin tənqid deyil, dəstək görməsinin vacibliyini vurğulayıb: “İdmanın ayrılmaz hissəsi həm qələbə, həm də məğlubiyyətdir. Gənc idmançıları sərt şəkildə tənqid etmək əvəzinə, onlara dəstək vermək lazımdır. İnanıram ki, gördüyümüz işlərin bəhrəsini qarşıdakı yarışlarda görəcəyik”.
