Sizin reklam burada
Sizin reklam burada
  • Arif Əsədov: Fransa - İspaniya qarşılaşmasını turnirin vaxtından əvvəlki finalı kimi qiymətləndirərdim

    Fransa-İspaniya qarşılaşmasını turnirin vaxtından əvvəlki finalı kimi qiymətləndirərdim.

    Bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov dünya çempionatının yarımfinal mərhələsində keçiriləcək oyunlarla bağlı danışarkən deyib.

    O bildirib ki, kağız üzərində favorit Fransa yığmasıdır: “Fransa millisinin hər mövqedə yüksək səviyyəli və bir-birini əvəz edə biləcək oyunçuları var. Bu isə baş məşqçiyə heyət seçimində geniş imkanlar yaradır”.

    Veteran futbolçu, həmçinin fransızların turnir ərzində nümayiş etdirdiyi oyunun da yüksək səviyyədə olduğunu vurğulayıb.

    Bununla belə, sabiq baş məşqçi İspaniya yığmasının sürpriz edə biləcəyini düşünür. Onun fikrincə, ispanların topa nəzarətə əsaslanan oyun üslubu Fransa üçün ciddi problem yarada bilər.

    "İspaniya topa uzun müddət sahib olub oyunun tempini diktə edə bilsə, bu, fransız futbolçularını yoracaq və onların ritmdən düşməsinə səbəb olacaq. Topsuz qalmaq Fransa yığmasını həm psixoloji, həm də taktiki baxımdan çətin vəziyyətə sala bilər", - deyə Arif Əsədov bildirib.

    O hesab edir ki, İspaniya öz oyununu rəqibə qəbul etdirə və topa nəzarətdə üstünlük qazana bilsə, bu görüşdən qalib ayrılaraq dünya çempionatının finalına yüksəlmək şansını artıracaq.

    İngiltərə-Argentina qarşılaşması barədə danışan mütəxəssis görüşün maraqlı və prinsipial keçəcəyini bildirib: “Bu iki yığma arasında uzun illərə söykənən rəqabət mövcuddur və hələ Dieqo Maradonanın çıxış etdiyi dövrdən bu oyunlar həmişə böyük maraq və gərginlik doğurub. Bu səbəbdən də qarşılaşmanın nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Argentina yığmasında Lionel Messi amili həlledici rol oynaya bilər. Matçın əlavə vaxtda uzanmaq ehtimalı da var”.

    Sabiq baş məşqçi bildirib ki, komandaların oyun üslubları bir-birindən fərqlənir. Onun sözlərinə görə, Argentina daha aqressiv futbol nümayiş etdirir, komanda şəklində mübarizə aparır və hücumların son nöqtəsində Messinin fərdi keyfiyyətlərindən maksimum yararlanmağa çalışır. İngiltərə isə daha nizamlı və dominant futbol oynamağa üstünlük verir.

    Arif Əsədov qeyd edib ki, İngiltərə millisində Harri Keyn və Cud Bellingemin çıxışı həlledici əhəmiyyət daşıyacaq. Onun sözlərinə görə, bu futbolçular öz potensiallarını tam nümayiş etdirə bilsələr, İngiltərənin qələbə şansı artacaq.

    O, ümumi dəyərləndirməsində Argentinanı cüzi üstün hesab etdiyini və bu komandanın finala yüksəlmək ehtimalının daha yüksək olduğunu bildirib.

    Xatırladaq ki, dünya çempionatının yarımfinal mərhələsində Fransa-İspaniya görüşü iyulun 14-də, İngiltərə - Argentina qarşılaşması isə iyulun 15-də keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ