Bakı Kitab Mərkəzində tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçirilib.
Azərbaycan tarixində xüsusi yeri olan Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, general-mayor Cəfərqulu xan Cavanşirin (1787-1866) vəfatının 160 illiyinə həsr olunan kitab Azərbaycan və Rusiya arxivlərində, eləcə də Azərbaycan, Rusiya və Gürcüstan muzeylərində qorunan sənədlər və tarixi eksponatlar əsasında hazırlanıb.
Təqdimat mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan tarixinin araşdırılmasında muzeylərdə qorunan eksponatların əhəmiyyətindən danışıb, Qarabağ tarixi ilə bağlı həqiqətlərin üzə çıxarılmasının vacibliyini vurğulayıb.
Kitabın elmi redaktoru, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı XVIII-XIX əsrlər Azərbaycan tarixinin öyrənilməsində tarixi artefaktların mühüm rolunu qeyd edib. O, müəllifin araşdırmanı zəngin arxiv materialları əsasında apardığını diqqətə çatdırıb.
“Tədqiqat zamanı Cəfərqulu xana məxsus olmuş, onun xələfləri tərəfindən 1935-1940-cı illərdə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş, lakin indiyədək geniş ictimaiyyətə təqdim olunmayan silah kolleksiyası və şəxsi əşyalar müəyyənləşdirilib”,- deyə N.Vəlixanlı əlavə edib.
Tədbir çərçivəsində tamamilə süni intellekt vasitəsilə hazırlanmış “Ov əlcəyinin sirri” filmi nümayiş olunub. Filmdə bir eksponat əsasında başlayan araşdırmalar və Qarabağ xanları nəslindən olan hərbçinin həyat yolunun üzə çıxarılması əks etdirilib.
Filmin hazırlanma qrupunun rəhbəri Tural İbrahimov “Süni intellekt tarixi hadisələrin təqdimatında yeni üsul kimi” mövzusunda çıxış edərək “İncipit” layihəsi barədə məlumat verib. O qeyd edib ki, latın mənşəli “incipit” sözü “burada başlayır” mənasını verir. Layihə tarixə daxil olmaq, tarixi geri qaytarmaq, naməlum olana yaxınlaşmaq, baxış bucağını müəyyənləşdirərək onu göstərmək prinsiplərini özündə birləşdirir.
Azərbaycan Yazıçılar Birliyinin katibi, dramaturq və şair İlqar Fəhmi “Cəfərqulu xan – “Nəvə” təxəllüsü ilə şeirlər yazan şair” mövzusunda çıxış edərək generalın ədəbi irsi haqqında danışıb.
Azərbaycan Milli Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev “Cəfərqulu xan – Qarabağ xanları nəslindən olan sərkərdə” mövzusunda çıxış edib və Azərbaycan hərb tarixinin araşdırılmasının əhəmiyyətini vurğulayıb.
Kitabın müəllifi Səbuhi Əhmədov Cəfərqulu xan Cavanşirin bioqrafiyası, araşdırmanın gedişində üzə çıxarılan yeni faktlar və qarşıya çıxan çətinliklərdən bəhs edib.
Təqdimatda silahsaz usta Cahangir Əhmədov tərəfindən hazırlanmış, Cəfərqulu xan Cavanşirə məxsus olmuş xəncərin replikası da yer alıb. Tədbirin sonunda iştirakçılara kitablar təqdim olunub.
