Sizin reklam burada
Sizin reklam burada
  • 22 iyul Azərbaycanda Milli Mətbuatımızın yaranması günüdür

    Xatırlamalar, gerçəkliklər və yaşanan tarixdən sətirlər

    Bu gün bütün Kütləvi İnformasiya Vasitələri, mediya qurumları, sosial şəbəkələr bu mövzuda xəbərlər, yazılar və mülahizələr söyləyirlər. Mən də bu gün baş vermiş bir yaddaqalan hadisə ilə bağlı öz fikirlərimi və yaxın tarixdə rayonumuzda baş vermiş bəzi hadisələri sizinlə bölüşmək istərdim.

    Bu gün YAP Astara rayon təşkilatının rəhbərliyi, başda sədr Həbib Cəfərov olmaqla, məsul işçiləri Vüqar Abbasov və Elçin Məmmədəliyev Azərbaycan mətbuatının inkişafında xüsusi xidmətləri olan, uzun illər "Astara" (əvvəlki adı "Sovet Astarası") qəzetinin redaktoru, sözün və əməlin həqiqi mənasında mətbuat fədaisi, partiya veteranı Azər Abdullayevi ziyarət ediblər. Həbib müəllim Azər Abdullayevin həyat və fəaliyyəti barədə danışıb. Ona Allahdan şəfa diləyərək yenidən aktiv fəaliyyətə başlamağını arzulayıb. Həmçinin Azər Abdullayevə YAP Astara rayon təşkilatı adından Fəxri Fərman təqdim edilib.
    Bu, sadəcə rayonun mətbuatı sahəsində və ictimai-siyasi fəaliyyətində öz yeri olan bir insana baş çəkmək deyil, ona mənəvi və psixoloji cəhətdən dayaq olmaq, onun xidmətlərinin qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir, yaddaqalandır, həm də həyəcanlıdır.

    Bu görüşdən Azər Abdullayevin nə qədər sevindiyini və ona necə müsbət təsir etdiyini ifadə etmək belə çətindir. Hiss etdi ki, unudulmayıb, çəkdiyi zəhmət hədər getməyib. Bu gün də AZƏRSEVƏRLƏRİN yaddaşındadır.

    Qeyd edim ki, YAP Astara rayon təşkilatı Azər Abdullayevin 70 illik yubileyində də onu unutmamışdılar. (Bu görüşlərdən kadrları sizə təqdim edirəm).
    ...Ulu Öndər Heydər Əliyev Azərbaycan mətbuatının inkişaf tarixini layiqincə dəyərləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”.

    ...Keçmiş sovet məkanında 23 yaşında rayon qəzetinin əməkdaşı kimi fəaliyyətə başlayan, cəmi 6 il ərzində baş redaktor vəzifəsinə yüksələn və cəmi 29 yaşında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa qəbulunda olaraq bu dahi Şəxsiyyətdən yeni vəzifəsinə xeyir-dua alan Azər Abdullayev işlədiyi müddətdə ona göstərilən etimadı ən yüksək səviyyədə doğruldub. Azər Abdullayevi təqdim edən MK işçiləri Ulu Öndər tərəfindən bu namizədin necə qəbul ediləcəyindən çox narahat idilər. Dahi Şəxsiyyətin ona ünvanladığı "belə gənc", "etimadı gərək doğruldasan" kəlmələri bu gün də Azər müəllimin yaddaşındadır.

    ...Senzura yaradıcı insanlar üçün bir buxov, mətbuat azadlığının inkişafında çox ciddi maneə idi. Əslində, senzura dövlət sirrini yaymamaq üçün nəzərdə tutulsa da ideologiyaya işləyirdi. Ulu Öndərin senzuranın ləğvi ilə bağlı məlum Fərmanı çox vaxtında verilmiş düzgün qərar idi. Xüsusilə vurğulamaq lazımdır ki, postsovet ölkələri sırasında ilk dəfə Azərbaycan senzuranı ləğv etdi.

    Bəli, həyatını mətbuat sahəsinə, qəzetçiliyə, jurnalistikaya həsr edən Azər Abdullayev respublikanın ən ağır vaxtlarında, bir tərəfdən azğın ermənilərin təcavüzü, digər tərəfdən daxili əhali arasında qarşıdurmanın yaranması, qardaş qırğının alovlanması zamanında Astara kimi sərhəd rayonunda qəzet redaktoru vəzifəsində çalışmaq hər kəsin qüdrəti deyildi. Azər Abdullayev elə redaktor olub ki, qəzetin səhifəsində müxalif olanların ona yazdıqları "Açıq məktub"unu dərc edib. ...
    O günlərdə Astaranın mərkəzi meydanında yığışan sakinlər iki cəbhəyə ayrılmışdı, bir himə bənd idilər ki, qardaş qırğını başlasın, belə bir kritik həddə - qorxularından künc-bucaqda gizlənən, amma indi özlərini "qəhrəman" adlandıran şəxslərin cürət etmədiyi şəraitdə - meydandakı tribunaya Azər Abdullayev qalxdı və çox alovlu, emosional, həyəcanlı bir çıxış etdi. Məhz bu çıxışın nəticəsində qızmış beyinlər soyudu, millət sakitliklə dağılışdı. Həmin günlərdə Qarabağa Xalq Yardımı Komitəsinin rayon təşkilatının sədri kimi dəfələrlə hər tərəfdən güllələr yağan döyüş bölgəsinə gedəndə, oradakı yerli əhaliyə yardım aparanda bugün özünü öyən, "mənəm, mənəm" deyən kəslər harda idi, o vaxt? Məhz güclü Vətənsevərliyi, çətin anlarda doğma Vətəninə sədaqəti, təmizliyi, sağlığı, qorxmazlığı, təşkilatçılıq bacarığı, sadə insanlarla ünsiyyəti, onların dərd-sərinə bələdliyi həmin gərgin vaxtlarda rayon rəhbəri olan çox hörmətli İbrahim Quliyevin diqqətlini cəlb etdi. Polis rəisi işləyən, ixtisasca hüquqşünas, elmlər doktoru, professor, ən nəhayət, Ulu Öndər tərəfindən Astaraya icra başçısı təyin edilmiş İbrahim Quliyev Azər Abdullayevə birgə işləməyi, humanitar sahəyə rəhbərlik etməyi təklif etdi. Əlbəttə, kim olsaydı, dərhal razılaşardı, amma Azər vaxt istədi, çünki qəzetdən ayrılmaq istəmirdi. Bəzilərinin düşündüyü kimi, onun vəzifəyə can atmaqlığı yox idi. Amma icra başçısı İbrahim Quliyevin israrlı təkidindən boyun qaçıra bilmədi. Həmin günlər də ağır, çətin günlər idi. Kənarda qalmaq olmazdı. Bu, Azər Abdullayevə xas olan cəhət deyildi. Qarabağ uğrunda döyüşlər zamanı şəhid olan astaralıları ailələrinə təqdim etmək, onların dəfn mərasimlərini təşkil etmək ürək dağlayan və həm də çox ağır iş idi. Burada da Azər Abdullayev faktoru var idi. Yəni, vəzifəyə can atmırdı, bəzilərinin düşündüyü kimi. İdeyasını, məqsəd, məramını dəyişmədi, necə ki, Vətən uğrunda, dövlətçilik uğrunda mübarizəyə başlamışdı, harada işləməyindən asılı olmayaraq, ona sadiq qaldı. Çünki Ulu Öndərə şöz vermişdi, onun xeyir-duasını almışdı. Başçı müavinliyindən istefa verən Azər Abdullayev sonradan yenə rayon rəhbərliyinin dəvəti ilə ictimai-siyasi şöbə müdiri vəzifəsinə gətirildi və yenə ən çətin sahə - rayonun dini qurumlarının fəaliyyətinin kurasiyası ona tapşırıldı. Bu sahədə də vəziyyəti qaydasına saldı.

    ...Bir müddət rayon icra hakimiyyətinin Astara şəhəri üzrə nümayəndəsi (xalq arasında "mer" də deyirlər) işlədi. Amma gördü ki, yox, bu vəzifə onluq deyil, onun əqidəsinə, məramına, amalına uyğun gəlmir. Dərhal da öz ərizəsi ilə azad olunmağını xahiş etdi, yenə öz doğma kollektivinə, sevimli işinə, qəzetçiliyə qayıtdı, ta təqaüdə çıxana qədər işlədi, sonralara redaktorluqdan çıxaraq əməkdaş kimi işlədi, gənc yazarlara hami oldu, onlara yol göstərdi. Bu faktı qeyd edim ki, Azər Abdullayev vəzifə dalınca qaçmırdı, vəzifə onun ardınca gəlirdi.

    Azər Abdullayev "əməkdar jurnalist" olmasa da xalqın jurnalisti adını çoxdan haqq edib. "Sovet Astarası", "Astara" qəzetlərinin saylarını vərəqləsən, onun imzasını tanıyar, dəsti-xəttini görə bilərsiniz. Jurnalist yazıları müsabiqələrinin dəfələrlə qalibi kimi mükafatlandırılması da sıradan hadisə deyil. Nolsun ki, o kitab müəllifi deyil, əgər müxtəlif dövrlərdə bədii, publisistik, müsabiqə yazılarını toplasan on kitab edər. Amma, Azər Abdullayev heç vaxt buna getmədi. Getsəydi, 10 kitab müəllifi idi.

    ...Jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Dövlət başçısı daim jurnalistlərin peşəkar əməyinə yüksək qiymət verir. Prezident İlham Əliyevin mətbuatla bağlı imzaladığı sərəncamlar və onun bu sahəyə olan diqqəti jurnalistlər tərəfindən yüksək dəyərləndirilir.
    ... Bu gün Ulu Yaradan öz bəndəsini, doktor Elşadın təbirincə desək, bir həyat sınağına çəkib. Həmişə ətrafındakılara dözümlü, iradəli, təmkinli olmağı məsləhət görən Azər Abdullayev, hal-hazırda özü bu sınaq müddətindədi.

    Biz inanırıq və əminik ki, yüzdə-yüz bu sınaqdan alnıaçıq, üzüağ çıxacaq Qardaşımız! İradə, səbr, dözüm göstərib Qələbə çalacaq Qardaşımız!
    Bu yazıda Milli Mətbuatın yaradıcısı Həsən bəy Zərdabidən danışmasaq, mümkün deyil. Həsən bəy Zərdabi çoxcəhətli fəaliyyəti, banisi olduğu elmi-mədəni çalışma yönləri ilə XIX əsrlə XX yüzillik arasında körpü yaradan sosial təkamülçü olub. Zərdabi milli oyanış, demokratik təşəkkül və ümumi tərəqqi tariximizin öndəri, yeni ziyalılar nəslinin atası mərtəbəsinə yüksəlib.

    Mən bu yazını Əlimərdan bəy Topçubaşovun Həsən bəy Zərdabiyə həsr etdiyi "Azərbaycan mayakı" məqaləsinin sonluğu ilə bitirir və burada yazılan fikirlərə diqqət etməyinizi xahiş edirəm. Necə deyərlər, Anlayana.
    "... Elə bil xalq belə xadim ilə şərt kəsərək deyirdi: "Əgər sən özünü bütövlükdə mənə xidmət etməyə həsr edirsənsə, onda sən hansı peşə sahibi, yaxud professional işçi olmaq ümidini unut. Sən bütövlükdə mənə məxsus olmalısan, əks halda səni xidmətə götürmürəm. Bir mütəxəssis kimi, professional işçi kimi, göydən ulduz dərmək Səadəti sənin bəxtinə yazılmış olsa belə, sən mənə gərək deyilsən..'

    Azər Abdullayev də öz həyatı boyu Azərbaycana, dövlətimizə, xalqımıza xidmət edib. Bu gün sağlamlığı imkan verməsə də, yenə də dövlətçiliyə sadiqdir.
    Sonda YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərova göstərdiyi diqqətə görə Ailəmiz adından bir daha təşəkkür və minnətdarlığımı bildirirəm.
    Başda Azər Abdullayev olmaqla, bütün mətbuat işçilərini, şüurlu həyatlarını bu sahəyə fəda edən kütləvi informasiya vasitələri nümayəndələrini təbrik edirəm.

    Milli Mətbuat günümüz mübarək, əziz dostlar!



    Azad Abdulla
    Astara Pedaqoji Kollecin müəllimi,
    YAP Astara rayon fəalı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ