"Azərbaycan mətbuatı milli maraqların və dövlətçilik dəyərlərinin etibarlı müdafiəçisidir."Bunu Atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı 22 İyul – Milli Mətbuat Günü münasibətilə bildirib.
Deputat qeyd edib ki, milli mətbuatımızın tarixi Azərbaycan xalqının azadlıq, müstəqillik və milli özünüdərk uğrunda apardığı mübarizənin ayrılmaz hissəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti xalqın maariflənməsi, milli şüurun formalaşması və mütərəqqi ideyaların cəmiyyətə çatdırılması istiqamətində mühüm tarixi missiya yerinə yetirib.
Onun sözlərinə görə, “Əkinçi”nin əsası üzərində formalaşan milli mətbuat ənənələri sonrakı dövrlərdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb” və digər nəşrlərlə inkişaf etdirilib. Bu mətbuat orqanları xalqın maariflənməsinə, milli düşüncənin güclənməsinə və ictimai-siyasi fikrin inkişafına böyük töhfələr verib.
Azərbaycanda müasir və azad medianın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilib, 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində dövlət senzurası ləğv olunub.
“Bu qərar Azərbaycan mediasının inkişafında yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə media sahəsinin qanunvericilik və institusional bazası təkmilləşdirilib, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlığının artırılması və müasir informasiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib”, – deyə deputat vurğulayıb.
O qeyd edib ki, “Media haqqında” Qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın yaradılması ölkədə media siyasətinin müasir çağırışlara uyğun qurulmasına xidmət edir. Bu addımlar media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, jurnalist peşəkarlığının artırılmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə yeni imkanlar yaradıb.
Media nümayəndələrinə güzəştli ipoteka imkanlarının verilməsi, vergi güzəştlərinin tətbiqi və jurnalistlərin əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi mətbuat işçilərinə göstərilən diqqətin ifadəsidir. Prezident İlham Əliyevin bir neçə dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də dövlət başçısının media ilə açıq və davamlı münasibətlərinin göstəricisidir.
Müasir dövrdə internet jurnalistikasının inkişafı və sosial media platformalarının geniş yayılması informasiya mühitini əsaslı şəkildə dəyişib. Bununla yanaşı, rəqəmsallaşma, süni intellekt, dezinformasiya və saxta xəbərlərlə mübarizə, media savadlılığının artırılması kimi məsələlər Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirir.
“Media sürətli olmaqla yanaşı, dəqiq, obyektiv və məsuliyyətli olmalıdır. İnformasiyanın operativ yayılması həqiqətin, milli maraqların və peşə etikasının arxa plana keçməsi hesabına baş verməməlidir. Jurnalistikanın əsas gücü cəmiyyətin etimadıdır və bu etimad yalnız dürüst fəaliyyətlə qoruna bilər.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Birinci Qarabağ müharibəsinin ağır illərində jurnalistlər informasiya cəbhəsində mübarizə aparıb, 44 günlük Vətən müharibəsi zamanı isə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, düşmən təbliğatının ifşasında və xalqın düzgün məlumatlandırılmasında mühüm rol oynayıblar.
Şəhid jurnalistlərin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb:
“Azərbaycan jurnalistləri müharibə və postmüharibə dövründə ən təhlükəli ərazilərdə çalışaraq böyük fədakarlıq nümayiş etdiriblər. Peşə borcunu yerinə yetirərkən həyatını itirən media nümayəndələrinin fəaliyyəti heç vaxt unudulmayacaq”.
Mircəlil Qasımlı Azərbaycanın Türkiyə ilə media sahəsində strateji əməkdaşlığının da xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, iki ölkə arasında yaradılmış Birgə Media Platforması informasiya mübadiləsinin gücləndirilməsinə, dezinformasiyaya qarşı birgə mübarizəyə və ortaq media layihələrinin həyata keçirilməsinə xidmət edir.
Şuşada keçirilən Qlobal Media Forumlarının artıq nüfuzlu beynəlxalq platformaya çevrildiyini qeyd edib. Müxtəlif ölkələrdən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların iştirakı ilə keçirilən forumlarda rəqəmsal media, süni intellekt, dezinformasiya ilə mübarizə, media etikası, ictimai etimad və sülh quruculuğu kimi aktual məsələlər müzakirə olunur.
“Bu gün Azərbaycan mediası ölkəmizin inkişafının, müasir cəmiyyət quruculuğunun və beynəlxalq informasiya məkanında mövqelərimizin möhkəmləndirilməsinin fəal iştirakçısıdır. Qarşıdakı dövrdə də milli mətbuatımız dövlət maraqlarını uca tutmalı, cəmiyyətin düzgün məlumatlandırılmasına, milli həmrəyliyin gücləndirilməsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət etməlidir”, – deyə Mircəlil Qasımlı sonda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
