Sizin reklam burada
Sizin reklam burada
  • Şahidliyi ilə tarix yazan igid: Şahlar Şükürovun əbədiyaşar qəhrəmanlıq yolu

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Kəlbəcər rayonunun Zülfüqarlı kəndinin igid oğlu Şahlar Şükürovun şəhidlik zirvəsinə ucaldığı gündür.

    1990-cı il iyulun 11-də hərəkətdə olan avtomobil karvanı erməni silahlı dəstələrinin silahlı hücumuna məruz qaldı. Həmin ağır və faciəli anda Şahlar Şükürov son nəfəsinə qədər böyük cəsarət və qətiyyət nümayiş etdirərək döyüşdü, Vətənə sədaqət andına sadiq qalaraq şəhidlik zirvəsinə ucaldı. Onun göstərdiyi şücaət xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olundu.

    Şahlar Şükürovun ömür yolu bizə bir daha göstərir ki, Vətən sevgisi sadəcə söz deyil, lazım gəldikdə canı belə fəda etməyə hazır olmaqdır. O, öz həyatını Azərbaycanın azadlığı, xalqının təhlükəsizliyi və milli ləyaqəti uğrunda tərəddüd etmədən qurban verdi. Məhz belə oğulların fədakarlığı xalqımızın mübarizə ruhunu qoruyub saxladı və gələcək nəsillərə örnək oldu.

    44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, şəhidlərimizin müqəddəs amalının həyata keçdiyini bütün dünyaya nümayiş etdirdi. Şahlar Şükürov kimi qəhrəmanların yarımçıq qalan arzuları onların layiqli davamçıları tərəfindən döyüş meydanında gerçəkləşdirildi, Vətən torpaqları işğaldan azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı.

    Bu gün Şahlar Şükürovun əziz xatirəsini sonsuz ehtiram və minnətdarlıq hissi ilə yad edir, onun müqəddəs ruhu qarşısında baş əyirik. Qəhrəmanlarımızın adı xalqımızın yaddaşında daim yaşayacaq, onların şərəfli ömür yolu gələcək nəsillər üçün Vətənə sevginin, mərdliyin və fədakarlığın ən ali nümunəsi olaraq qalacaq.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun!

    Cəmilə ÇİÇƏK
    Tədqiqatçı-jurnalist,
    Zekainfo.az saytının baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ