Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayırıq.
Ömrünüzün yetmiş ili elmə, təhsilə, mədəniyyətə və dövlətçiliyə xidmət nümunəsi olmuşdur. Fizika sahəsində qazandığınız fundamental elmi hazırlıq üzərində yüksələrək fəlsəfə elmləri doktoru, tanınmış filosof kimi formalaşmağınız, müasir elmin metodoloji və qnoseoloji problemlərinə həsr olunmuş araşdırmalarınız, eləcə də çoxşaxəli elmi-pedaqoji fəaliyyətiniz Sizi ölkəmizin nüfuzlu ziyalılarından birinə çevirmişdir.
Əmək fəaliyyətiniz dövründə Azərbaycan Milli Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda, SSRİ Elmlər Akademiyasının A.F. İoffe adına Fiziki-Texnika İnstitutunda, Bakı Dövlət Universitetində, Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzində, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində, Bakı İdarəetmə və Texnologiya Kollecində, UNEC nəzdində Qida Sənayesi Kollecində, Lənkəran Dövlət Universitetində və Odlar Yurdu Universitetində müxtəlif məsul və rəhbər vəzifələrdə fəaliyyət göstərmisiniz. Müxtəlif dövrlərdə daşıdığınız bu məsul vəzifələr Sizin yüksək peşəkarlığınızın, güclü təşkilatçılıq bacarığınızın, idarəçilik təcrübənizin və ictimai məsuliyyət hissinizin bariz göstəricisi olmuş, elm, təhsil, mədəniyyət və gənclər siyasətinin inkişafına mühüm töhfələr verməyinizə imkan yaratmışdır.
Nobel mükafatı laureatı, akademik Jores Alfyorovun elmi məktəbində yetişməyiniz, fizika-riyaziyyat elmləri namizədi və sonradan fəlsəfə elmləri doktoru elmi dərəcələrinə layiq görülməyiniz, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şuralarında uzun illər səmərəli fəaliyyətiniz, eləcə də müəllifi olduğunuz çoxsaylı elmi əsərlər, monoqrafiyalar, dərs vəsaitləri və ixtiralar Azərbaycan elmi fikrinin inkişafına verdiyiniz sanballı töhfələrin göstəricisidir.
Siz hər zaman yüksək ziyalılıq, prinsipiallıq, vətənpərvərlik və insanpərvərlik nümunəsi göstərmiş, elmi düşüncənin, milli-mənəvi dəyərlərin və təhsilin inkişafı naminə yorulmadan çalışmısınız. Həm alim, həm filosof, həm də bacarıqlı təşkilatçı kimi qazandığınız nüfuz və hörmət Sizin zəngin və mənalı həyat yolunuzun ən qiymətli nəticələrindəndir.
Bu əlamətdar gündə Sizə yeni yaradıcılıq uğurları, tükənməz enerji, möhkəm sağlamlıq, böyük və mehriban ailənizlə, xüsusilə də sevimli nəvələrinizlə birlikdə xoşbəxt, mənalı və sevinc dolu günlər arzulayırıq. Qoy qazandığınız hörmət və nüfuz daim Sizi müşayiət etsin, zəngin həyat təcrübəniz, filosof müdrikliyiniz və elmi irsiniz gələcək nəsillərə örnək olsun.
70 illik yubileyiniz mübarək olsun!
Dərin hörmət və ehtiramla,
Dostlarınız
Vidadi Orucov
Pedaqogika elmləri doktoru, professor
