Mən Hidayət Orucovun adını imzasından qabaq, hələ uşaq və yeniyetmə olarkın tanımışam. Ötən əsrin altmışıncı-yetmişinci illərində Hidayət müəllim bir neçə dəfə bizim kənddə - Urudda olmuşdu. "Sovet Ermənistanı" qəzetinin müxbiri işləyərkən kəndimizin sosial-iqtisadi həyatından, zəhmətkeş insanlarından maraqlı məqalələr yazmışdı. İrəvan Azərbaycan Teatrının direktoru olarkən məhz onun təşəbbüsü ilə bu teatrın bir çox azərbaycanlı kəndlərində, o cümlədən, bizim kənddə səyyari tamaşaları göstərilmişdi.Sonralar mən Bakıda tələbə olarkən Hidayətin kitablarını, məqalələrini oxudum, poeziyası, publisistikası və dramaturgiyası ilə yaxından, bir eloğlu, doğma adam təəssübkeşliyi ilə tanış oldum. Hidayətin tələbə ikən oxuduğum bir şeiri məni həm təəccübləndirmiş, həm də qürürlandırmışdı: "Allahın özü də Zəngəzurludur"! Bəli, Hidayət böyük istedad sahibi olduğu kimi, həm də böyük ürək, böyük cəsarət sahibi idi. Ötən əsrin yetmişinci illərində, ateist kommunist rejimində, şovinist Ermənistanın paytaxtında yaşayasan və Allahın özünün də şair Hidayətlə həmyerli-Zəngəzurlu olduğunu iddia edəsən!
Bəli, Hidayətin şair inamına görə Zəngəzurlu olan rusun " boq"u, erməninin "astvats"ı deyil, məhz azərbaycanlı türkün Allahı idi. Və bu Allah Allah adımı olan Hidayəti həmişə himayə etdi, hifz etdi, lütfünü ondan əsirgəmədi.
İrəvanda yaşayarkən zəngin bir Azərbaycan ədəbi-bədii mühiti yaradan Hidayət müəllim Qərbi Azərbaycandakı bütün kəndlərimizi bir-bir gəzmişdi, o yerlərə, onların problemlərinə, qayğılarına yaxşı bələd idi. Onun İrəvan Teatrına rəhbərliyi dövrü oradakı sənət məbədimizin əsil yüksəliş illəri olmuşdur.
Hidayət müəllimlə şəxsi tanışlığımız isə 2002-ci ildən başlamışdır. O zaman mən Zəngəzur haqqında ilk araşdırmalarımı apararkən Hidayət müəllim mənə qiymətli tövsiyyələr verdi.
Mənim 2006- cı ildə İrəvana, Qarakilisəyə, Uruda səfərimdən sonra görüşərkən səfər təəssüratlarımı mütləq yazmağı qətiyyətlə tapşırdı. Sonralar böyük maraqla qarşılanan "Uruda iki səfər" kitabım məhz böyük Ustadın təkidi nəticəsində yazıldı.
Hidayət Orucov həm dövlət xadimi, həm də diplomat kimi də uğurlu faydalı fəaliyyəti ilə seçilmişdir.
Hidayət müəllimin Azərbaycanın Qırğız Respublikasında səfiri işlədiyi dövrdə mən Azərbaycan-Qırğızstan Parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri idim və biz birgə işimizlə bağlı daha sıx ünsiyyətdə olduğumuzdan bu böyük insanı daha yaxından tanıdım. Təpədın dırnağa milli ruhlu, dövlətçi və vətənpərvər ziyalı, Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə son dərəcə sədaqətli bir dövlət xadimi idi.
Hidayətin ədəbi-bədii yaradıcılığı çoxşaxəli idi, onun müxtəlif dillərdə 100- yaxın kitabı nəşr olunub. Bu əsərlərin hamısı qiymətlidir. Ancaq mən Ustadın iki əsərini xüsusi fərqləndirmək istəyirəm: "Burdan min atlı keçdi" və " İrəvana 7 məktub". Bu iki əsər, mənim fikrimcə, həm də Hidayətin taleyi, ömür yolu, mübarizəsi və arzularının abidəsidir. Milli ruhlu böyük ziyalımızın ən birinci arzusu torpaqlarımızın işğaldan azad olunması və doğma yurdlarımıza qayıtmağımlz idi. Şükürlər olsun ki, indi Qarabağ və Şərqi Zəngəzur azaddır, yenidən qurulur, dirçəlir. Qərbi Azərbaycana dönəcəyimiz gün də uzaqda deyil.
Mən böyük ziyalı və dövlət xadimi Hidayətin vəfatı xəbərini Yeni Azərbaycan Partiyasının xətti ilə Şuşada keçiriləcək "Milli Qurtuluş Günü" nə və tarixi "Şuşa bəyannaməsinin" ildönümünə həsr olunan tədbirə gedərkən yolda eşitdim. Bu yazını da Şuşada oteldə yazıram.
...Qalibiyyətimizin Şuşa zirvəsindən Zəngəzur dağları aydın görünür.
...Şuşadan Zəngəzura-sözün bütün mənalarında böyük Zəngəzurlu Hidayətin dədə-baba yurdu Mığrıya, Maralzəmiyə salamlar olsun!
...Mən inanıram ki, indi Şuşaya, Şərqi Zəngəzura getdiyimiz kimi, bir gün də Qərbi Zəngəzura, Mığrıya, Maralzəmiyə gedəcəyik.
...Və bizi orada Şairin xoşbəxt ruhu qarşılayacaq!
Musa Urud,
millət vəkili
