Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov)Korrupsiya əvvəlcədən müəyyən edilməsi çətin, müalicəsi asan olan,
bir müddət sonra isə müəyyən edilməsi asan,
lakin müalicəsi mümkün olmayan xəstəlikdir.
Nikkolo Makkiavelli
4-cü hissə
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson kiçik qardaşı Co Consonu biznes, enerji və sənaye strategiyası üzrə katibin müavini təyin etmişdir. Bu addım Qərbi Avropa üçün qeyri-adidir və buna görə də diqqəti cəlb etmişdir.
Li Kuan Yu-nun Sinqapurdakı rəhbərliyi başqa bir nümunədir. Belə ki, 30 ildən sonra Li Kuan Yu Sinqapurun Baş Naziri vəzifəsindən istefa verdikdən sonra 2011-ci ilə qədər hökumətdə müxtəlif vəzifələrdə çalışmışdır. Həmin ili Baş nazir vəzifəsinə Li Kuan Yu-nun - Kembric Universitetinin Triniti Kollecini fərqlənmə diplomu ilə və Harvard Universitetinin Con Kennedi adına dövlət idarəçiliyi məktəbini bitirmiş oğlu – istefada olan briqada generalı Li Syan Lun gətirilmişdir. Onun bu təyinatı qlobal liberal ictimaiyyətdə böyük narazılığa, Sinqapurun yüksək rəhbərliyinin tayfabazlıq və qohumluq münasibətlərinə uyduğu və ada dövlətinin aşağı təbəqələrində çiçəklənən korrupsiyanın hakimiyyətin ən yüksək səviyyələrində özünə yer tapması ilə bağlı söz-söhbətə səbəb olmuşdu.
Lakin Li Syan Lun birdən-birə siyasi zirvələrə çatmamışdı. O, əla təhsil almış və müxtəlif illərdə Sinqapurun bir sıra departamentlərində məsul vəzifələrdə, o cümlədən nazir vəzifələrində (dövlət müdafiə naziri, ticarət və sənaye naziri, maliyyə naziri) çalışmışdır. Ekspertlərin fikrincə, o, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyətin öhdəsindən gələ bilmiş və maliyyə bazarının liberallaşdırılması proqramını hazırlamışdır.
Onların rəhbərliyi altında Sinqapur inkişaf etməkdə olan ölkədən qlobal maliyyə mərkəzinə çevrilmiş və nepotizm ittihamlarına baxmayaraq, onların rəhbərliyi effektiv idarəetmə və iqtisadi artım nümayiş etdirmişdir. Təsadüfi deyildir ki, Sinqapuru Asiyanın İsveçrəsi adlandırırlar, həqiqətən də o buna layiqdir.
“Cəmiyyətə liderlik etmək üçün” deyə Li Kuan Yu mükəmməl Viktoriya İngilis dilində izah edir, insan təbiətini başa düşmək lazımdır. Mən həmişə insanlığın heyvanlar aləminə bənzədiyini düşünmüşəm. Konfutsi nəzəriyyəsinə görə, insan düzəldilə bilər, amma mən o qədər də əmin deyiləm. Ona təlim keçirilə bilər”.
Təlim dedikdə, çoxsaylı qadağalar nəzərdə tutulur: zibil atmaq, səkilərə tüpürmək, istifadə etdikdən sonra ictimai tualetlərdə suyu buraxmağı unutmaq olmaz - bütün bunlar cərimələr və müntəzəm olaraq qəzetlərdə istehza ilə cəzalandırılır. Bu da Baş nazirin təbirincə desək təbiətcə zəhmətkeş həmvətənlər yetişdirmək deməkdir ki, onlar bir neçə onillikdə özlərini dükançıdan yüksək texnologiyalı sənaye işçilərinə çevirmişlər.
Tarixi və müasir nümunələr qohumbazlığın ixtisaslı kadrların rəsmi vəzifələrə çıxışını necə məhdudlaşdıra biləcəyini, zəif idarəçiliyə və milli tənəzzülə gətirib çıxara biləcəyini göstərir. Nepotizmin uğurlu rəhbərlik üçün maneə olmadığı istisnalar olsa da, bu hallar adətən yüksək səlahiyyətli qohumların təyin edilməsini nəzərdə tutur. Ümumilikdə, qohumbazlıq təcrübəsi idarəetmə sistemlərinin effektivliyi və bütövlüyü üçün əhəmiyyətli risklər yaradır.
Yeri gəlmişkən, Rusiya dövlətinin bütün mövcudluğu dövründə yalnız Stalinin dövründə “qohumbazlıq” ağır cəzalandırılıb. Stalin heç kəsi bağışlamırdı: Molotovun və Xruşşovun böyük oğlunu, Kaqanoviçin arvadlarını həbs etdi. Öz oğullarına da üstünlük vermədi - general-leytenant Vasilini dəfələrlə vəzifəsindən uzaqlaşdırdı və əsir düşən Yakovu feldmarşala dəyişməkdən imtina etdi. Sovet nomenklaturasının bir çox arvadları, qardaşları, bacıları və uşaqları güllələnməsə də, həbs olundu.
Brejnev dövründə qohumbazlıq prinsipləri - dövlət və partiya hakimiyyətinin ən yüksək eşelonlarının yaradılmasında ümumi xarakter aldı. Brejnevin kürəkəni - SSRİ daxili işlər nazirinin müavini Çurbanovun və ya xarici ticarət nazirinin müavini olmuş Leonid İliçin oğlu Yurinin karyerasını xatırlayın. Brejnevin yaxın dostu Çernenkonun hakimiyyət zirvəsinə başgicəlləndirici yüksəlişini demirəm. Bəli, Yuri Andropov qohumbazlığa son qoymağa çalışdı, amma nəticəsiz qaldı - sovet sistemi nəhayət, qohumbazlığın “köməyi” olmadan xarabalığa çevrildi.
90-cı illərdə prezident Yeltsin və onun “Ailəsi” daxili qohumbazlıq tarixində yeni səhifə açdı. Onun yüngül əli ilə hakimiyyət dairələrində hər cür çaplı “nepotlar” peyda oldu...
ABŞ-ın qanunvericiliyinə görə nepotizm və digər bu kimi hallar dövlət mexanizminin fəaliyyətinə mənfi təsir göstərən amillər kimi tanınır. Federal və əyalət qanunvericiliyinə qohumbazlığın yaranmasının qarşısını alan qadağanedici xarakterli müddəalar daxildir, o cümlədən qohumbazlıq cinayət hesab edilir və ona görə cəza nəzərdə tutulur. Yalnız peşəkar keyfiyyətlərin qiymətləndirilməsinə əsaslanan işə qəbul və karyera yüksəlişi sistemi qanunla müəyyən edilir və fəaliyyət göstərir. Qohumbazlığın qarşısını alan müddəalara əməl olunmasına nəzarət ixtisaslaşdırılmış dövlət orqanlarına həvalə edilir.
Belə halların qarşısını almaq üçün əksər Avropa dövlətləri öz qanunvericiliyində vəzifəli şəxslərin yaxın qohumlarına bilavasitə onların tabeliyində olan hər hansı bir vəzifə tutmağı qadağan edir.
Bu sahədə ABŞ-ın təcrübəsi xüsusilə böyük maraq doğurur.
ABŞ-da korrupsiyaya qarşı mübarizə sahəsində əsas hüquq mənbələrindən biri ABŞ-ın “Dövlət Qulluğu haqqında” Federal Qanunudur ki, qanunvericilik praktikasında ilk dəfə olaraq müəyyən edilmişdir ki, yüksəliş yalnız məmurun işgüzar keyfiyyətləri və xidmətləri əsasında həyata keçirilməlidir.
Korrupsiyaya qarşı mübarizə sahəsində digər ən əhəmiyyətli normativ hüquqi aktlardan biri isə Birləşmiş Ştatların Qanunlar Külliyatıdır. Belə ki, başlıq 5, “Hökumət və İşçilərin Təşkilatı”, § 3110, “Qohumların işə götürülməsi; Qadağalar” və § 2302, “Qadağan edilmiş Kadr Təcrübələri” federal dövlət qulluqçusuna qohumlarının işə götürülməsinə və ya irəli çəkilməsinə köməklik göstərməsini və ya hər hansı şəkildə təsir göstərməsini qadağan edir.
Vəzifəli şəxsin şəxsi dostluq münasibətdə olduğu şəxslərin işə qəbulu və ya irəli çəkilməsində də belə yardımın göstərilməsi qadağandır. Qanun pozuntuları aşkar edildikdə, yardımın göstərilməsində təqsiri olan vəzifəli şəxs qanunla müəyyən edilmiş məsuliyyəti daşıyır, onun himayədarı isə işə qəbul və ya irəli çəkilmə nəticəsində əldə etdiyi maliyyə vəsaitini geri qaytarmalıdır.
Oxşar normalar keçmiş SSRİ respublikalarının qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Qazaxstanın, Qırğızıstanın və bir sıra dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuşdur.
Yaxın qohumlar anlayışı Cinayət Prosessual Məcəlləsində və Əmək Məcəlləsində verilmişdir. Fikrimizcə, bu Qanunun məqsədləri üçün babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr, qudalar, ərinin (arvadının) valideynləri, qardaşlar, bacılar yaxın qohumlar hesab edilməlidirlər.
Hələ “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilməmişdən öncə vəzifəli şəxsin yaxın qohumları bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər tələbi Azərbaycan Respublikasının bəzi normativ hüquqi aktlarında öz əksini tapmışdır.
Hazırda qüvvədə olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “i” bəndinə müvafiq olaraq hərbi qulluqçular vəzifəyə təyin edilərkən riayət etməli olduqları şərtlərdən biri ondan ibarətdir ki, bir-biri ilə yaxın qohum olanlara - qudalıq əlaqəsində olan hərbi qulluqçulara (valideynlər, ər-arvadlar, qardaşlar, bacılar, oğullar və qızlar, eləcə də ər-arvadın qardaşları, bacıları, valideynləri və uşaqları) onların bir hərbi hissədə (idarədə, təşkilatda, hərbi təhsil müəssisəsində, müəssisədə), birləşmədə həqiqi hərbi xidmət keçməsinə əgər birinin digərinə tabeçiliyi və ya nəzarəti altında olması ilə bağlıdırsa, icazə verilmir.
Qanun tərəflərə imkan verir ki, bu tələblərin pozulması müəyyən edildiyi təqdirdə həmin tələbləri pozan şəxslərdən biri 30 gün müddətində tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilsin, bu mümkün olmadıqda isə onlardan biri tutduğu vəzifədən azad olunsun. Vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədəki bu tələb “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun layihəsi üzərində işlənilərkən “Yaxın qohumların birgə işləməsinə yol verilməməsi” başlığı altında mövcud Qanunun 7-ci maddəsində öz əksini tapmışdır.
Təəssüf ki, təcrübədə Qanunun bu tələbinə bəzi rəhbər işçilər tərəfindən düzgün əməl olunmur. Əminliklə deyə bilərəm ki, bəzi vəzifə sahibləri Qanunun bu tələbini ya özləri tam anlamırlar, ya da heç fərqində deyillər. Məsələn, yaxın qohumlar uzun müddətdir ki, hansısa dövlət orqanında fərqli şöbələrdə işləyirlər, əvəzsiz mütəxəssisdirlər, bir-birilərinə də tabeçiliyi yoxdur. Dövlət orqanının rəhbəri Qanunun bu tələbini bilərəkdən və ya bilməyərəkdən (daha doğrusu, ona sərf edən varianta üstünlük verir), işçilərin birinin işdən kənarlaşdırılması barədə qərar qəbul edir. Başqa bir misal. Bir dövlət qulluqçusu hansısa dövlət orqanında işləyir. Bu qulluqçunun yaxın qohumu dövlət qulluğuna qəbul olunmaq üçün bu orqana müraciət edir. Bu halda da müraciət etmiş dövlət qulluqçusuna Qanunun 7-ci maddəsinin tələblərini düzgün anlamadan imtina edilir.
Maddənin fəlsəfəsi ondan ibarətdir ki, bir qohum digərinin tabeçiliyi və ya nəzarəti altında işləyə bilməz. Qanunun başqa cür şərhi yolverilməzdir. Bir həqiqət də vardır ki, sui-istifadə hallarına da yol vermək olmaz.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda verilmiş korrupsiya anlayışında konkret olaraq hədiyyə ilə bağlı müddəa öz əksini tapmamasına baxmayaraq vəzifəli şəxsin hər hansı hədiyyə qəbul edə bilib-bilməməsi Qanunda təfsilatı ilə çox aydın şəkildə izah edilmişdir.
Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir.
Bir çox ölkələrin qanunvericiliyində olduğu kimi vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
Bu tələb “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində də təsbit edilmişdir. Bu maddədə də qeyd edilir ki, dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Elə buradaca “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 8.2-ci maddəsinə istinad edilir.
Vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar alınan hədiyyələr Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il 11 may tarixli R(2000) 10 nömrəli “Dövlət qulluqçuları üçün davranış haqqında kodeks”in tövsiyyələrinə uyğun olaraq kiçik hədiyyələr və adi qonaqlıq hədiyyə hesab edilmir. Məsələn, Amerika Birləşmiş Ştatlarının qanunvericiliyinə görə vəzifəli şəxsi ələ almağın qarşısını almaqdan ötrü 33 ştatda hədiyyə almaq, 29 ştatda isə dövlət qulluqçularına hətta məqalə və çıxışlara görə qonorar almaq qadağandır.
ABŞ-ın qanunvericiliyinə müvafiq olaraq ölkənin birinci şəxsləri və digər yüksək vəzifəli şəxslər əcnəbilərdən hədiyyə alarlarsa və həmin hədiyyənin dəyəri 300 ABŞ dollarından çox olarsa, o, Milli arxivə təhvil verilməlidir. Yeri gəlmişkən, ABŞ-ın dövlət başçılarına verilən hədiyyələri onların prezident kitabxanalarında və xüsusi sərgilərdə görmək olar.
“Amerika Birləşmiş Ştatlarının dövlət qulluqçularının etik davranışının standartları”nda hədiyyə qismində nəyin götürülə biləcəyi, nəyin götürülə bilinməyəcəyi, hədiyyənin hansı məbləğdə, hansı miqdarda götürülə biləcəyi dəqiqliyi ilə göstərilmişdir.
Amerika senatorları üçün xarici vətəndaşlardan və təşkilatlardan daxil olan hədiyyənin dəyəri 75 ABŞ dollarından, konqresmenlər üçün isə 100 dollardan çox ola bilməz. Hədiyyə xoşuna gələrsə, dövlət qulluqçusu həmin hədiyyənin dəyərini ödəməklə onu əldə edə bilər. İl ərzində senatorlara verilən hədiyyənin dəyəri 300 ABŞ dollarından çox ola bilməz.
Amerikanın dövlət qulluqçusuna verilən istənilən suvenirin dəyəri il ərzində 100 dollardan çox olarsa, bu rüşvət hesab olunur. Hədiyyə yol verilən dəyərdən artıq olarsa, dövlət qulluqçusu onu 60 gün müddətində öz idarəsinin müvafiq şöbəsinə təhvil verməlidir.
Amerikanın Dövlət Departamenti hər il ölkənin birinci şəxslərinə verilən hədiyyələrin siyahısını Milli arxivin “Federal Register” adlı xüsusi məcmuəsində dərc edir. Prezident hədiyyələrinin siyahısından məlum olur ki, Ağ evin sahiblərinə verilən hədiyyələr onların tabeçiliyində olanlardan azdır.
2007-ci ildə sabiq dövlət katibi Kandoliza Rays amerika məmurları arasında ən çox hədiyyə alanlar siyahısında olmuşdur. Dövlət Departamentinin ekspertlərinin hesablamalarına görə xanım Rays təkcə İordaniyanın və Səudiyyə Ərəbistanının krallarından 316.000 dollar dəyərində zinət əşyalarını qəbul etmişdir. Yeri gəlmişkən, sabiq prezident Corc Buşa verilən hədiyyələrin dəyəri bu məbləğdən üç dəfə az olmuşdur, birinci ledi Lora Buşa verilən hədiyyələrin cəmi isə 85.000 ABŞ dolları təşkil etmişdir.
Cənubi Koreyanın Milli Assambleyası 1 milyon vondan və ya təxminən 900 dollardan çox pul və ya hədiyyə qəbul edən dövlət qulluqçuları, jurnalistlər və müəllimlər üçün üç ilə qədər həbs cəzası nəzərdə tutan anti-korrupsiya qanunu qəbul etmişdir. Pul zərflərinin və digər hədiyyələrin verilməsinin və ya alınmasının uzun müddət mədəniyyətin bir hissəsi və rüşvət üçün kanal olduğu bir ölkədə qanunun qəbulu əhəmiyyətli idi. Yeni qanunun 2016-cı ilin oktyabrında qüvvəyə minməsi nəzərdə tutulurdu, bundan sonra dövlət qulluqçuları, müəllimlər və jurnalistlər müəyyən məbləğdən artıq hədiyyə qəbul etdiklərinə görə cərimə və ya üç ilədək həbs cəzası ilə cəzalandırılmalı idilər. Əgər həyat yoldaşları belə hədiyyələri qəbul etsəydilər, onlar da cəzalandırılmalı idilər.
Müəyyən edilmişdir ki, Dalay Lama Amerika prezidentinin xanımına 6 dollar dəyərində olan ən ucuz hədiyyə - qurudulmuş meyvə və çərəzlə doldurulmuş kisəçik hədiyyə etmişdir.
Hədiyyələrlə bağlı Amerikanın çox da uzaq olmayan tarixinə kiçik ekskurs etmək istərdim.
Tomas Cefferson pendirin böyük həvəskarı kimi tanınırdı. Bu faktı Amerika prezidentlərinin ilk hədiyyələrini qeydə alan sənədlər də təsdiq edir. 1802-ci ildə Yeni il gecəsi Tomas Ceffersona 300 kiloqramlıq bir yumru pendir verilmişdir. Hədiyyə uzun bir yol qət etmişdir və Birləşmiş Ştatların bütün ərazisində təyinat yerinə çatmaq üçün tam bir ay çəkmişdir. Donorlar - Baptist Respublikaçılar - indi heç kimin xatırlamadığı şeyə etirazlarını bu şəkildə ifadə etmişdilər. Prezident pendirə 200 dollar ödəmişdi, çünki o, heç vaxt pulsuz hədiyyə qəbul etmirdi.
Franklin Ruzvelt, ehtimal ki, şirniyyatların böyük bir pərəstişkarı idi. 59-cu ad günündə prezident çəkisi 100 kq, hündürlüyü 1,5 metr olan tort hədiyyə almışdır. Hədiyyə Ruzveltə amerikalı şirniyyatçılar, Amerika Çörək və Şirniyyat İşçiləri Beynəlxalq İttifaqı tərəfindən təqdim edilmişdir. Tortla yanaşı, prezident poliomielit fondu üçün 500 dollarlıq çek də almışdır.
Prezident olduğu illərdə Ronald Reyqan çoxlu sayda yəhər və 372 ədəd kəmər tokaları almışdır. Belə elitar hədiyyələri prezidentə onun pərəstişkarları təqdim etmişdilər. Ən gözəl yəhər Reyqana 1985-ci ildə Əlcəzair prezidenti tərəfindən hədiyyə edilmişdir. Amma maraqlısı odur ki, prezidentə verilən atların sayı barədə heç bir mənbə məlumat vermir.
Litva Respublikasının 1997-ci il 2 iyul tarixli Qanununa müvafiq olaraq hədiyyələr beynəlxalq protokol qaydalarına və ənənələrə uyğun alınmışsa, bu qadağalar tətbiq olunmur. Latviya Respublikasının “Korrupsiyanın qarşısının alınması haqqında” 1998-ci il 23 oktyabr tarixli Qanununun 13-cü maddəsinə müvafiq olaraq vəzifəli şəxs yalnız diplomatik rəsmi səfərlər, Latviyanın milli bayramları zamanı və əlamətdar günlərdə və Hökumətin müəyyən etdiyi bir sıra hallarda hədiyyə ala bilər.
Korrupsiya ilə mübarizə çərçivəsində son illər Cənubi Koreyada vəzifəli şəxslər kənar şəxslərdən heç bir hədiyyə və buna oxşar şeylər ala bilməzlər. Qanuna görə dövlət qulluqçusu dəyəri 30.000 vondan (27 dollar) çox olan hədiyyəni qəbul edə bilməz, başqasının hesabına nahar etmək isə qadağan edilir.
Bu məbləğ Koreya üçün çox cüzidir. Hədiyyə göstərilən məbləğdən yuxarıdırsa, yaxşısı budur ki, belə hədiyyəni qəbul etməyəsən, qəbul etmisənsə, onu dövlətə təhvil verməlisən. Əks halda bu rüşvət kimi qiymətləndiriləcəkdir.
Əlbəttə, dövlət qulluqçuları ilə bağlı Koreyada baş verən korrupsiya qalmaqalları korrupsiyaya qarşı mübarizə haqqında qanunu pozanların sayının o qədər də az olmadığını deməyə əsas verir.
Buna baxmayaraq, dövlətin ehtiyat fondu dövlət qulluqçularına verilən qiymətli avtoqələmlərlə, rəsm əsərlərilə, spirtli içkilər və digər əşyalarla zənginləşir. Söhbət Koreyanın ali rəhbərliyinə verilən hədiyyələrdən gedirsə, bütün hədiyyələr anbarlara yığılır, sonradan nadir və maraqlı əşyalar xüsusi sərgilər keçirilən zaman ictimaiyyətə sərgilənir.
davamı var
