Sizin reklam burada
Sizin reklam burada
  • AKADEMİK ZƏRİFƏ ƏLİYEVA: ALİM, MÜƏLLİM, ANA, İNSAN

    İlkin Abbasov
    YAP Qax rayon təşkilatının sədr müavini:

    Xalqımız tarixin dolambaclı yollarında daim müxtəlif çətinliklərlə üzləşmiş, bu çətinlikləri müdrik, elmli və vətənpərvər övladlarının əvəzedilməz səyləri ilə dəf etməklə qalmamış, dünya tarixində də dərin izlər buraxmışdır. Xalqımzın başını uca tutan bu qəhrəmanlar heç vaxt unudulmamış, nəsillərə əsrlər boyunca nümunə olmağa davam etmişlər.
    Azərbaycan xalqının belə övladlarından biri də Zərifə xanım Əliyevadır. Keçdiyi həyat yolu qısa olsa da neçə-neçə gənclərimizin ilham qaynağı olan bir ömür yaşamış Zərifə xanım Əliyeva, sadəcə ölkəmizin və dünyanın elminə verdiyi tövhələri ilə deyil, həm də bir qadın kimi, ana kimi, sadə bir insan kimi könüllərdə bu gün də yaşayır, nümunə olur.
    Xarakterində birləşdirdiyi müsbət keyfiyyətlərin rəngarəngliyi özünü sadəcə ailə həyatında, sosial əlaqələrində göstərməmiş, şəxsiyyətini peşə həyatının müxtəlif istiqamətlərində ən yüksək peşəkarlıqla təmsil etməsində də xüsusi rol oynamışdır.
    Zərifə xanım Əliyeva 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. 1981-ci ildə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən nüfuzlu mükafat - SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanımın səhiyyə sahəsində kadrların hazırlanmasında və həkimlərin təkmilləşdirilməsi işində də böyük zəhməti olmuşdur. Alimin rəhbərliyi ilə oftalmologiya sahəsində yüzlərlə gənc həkim ordusu yaranmışdı. Böyük xidmətlərinə, çoxillik tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan SSRİ EA-nın akademiki seçilmişdir.
    Zərifə xanım Əliyevanın fəaliyyəti Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə sıx bağlı olmuşdur. O, bu təhsil ocağında uzun illər çalışaraq həkimlərin ixtisasartırma prosesinə rəhbərlik etmişdir. Onun əsas məqsədi həkimlərin bilik və bacarıqlarını daim yeniləmək, onları müasir tibbin tələblərinə uyğun hazırlamaq idi. O, dərslərində yalnız nəzəri biliklərə deyil, praktik təcrübəyə də geniş yer verirdi. Bu isə gənc həkimlərin daha peşəkar və məsuliyyətli mütəxəssis kimi formalaşmasına şərait yaradırdı.
    Akademikin elmi maraqları olduqca geniş və çoxşaxəli idi. O, görmə orqanının peşə patologiyası sahəsində apardığı fundamental tədqiqatlarla tanınsa da, bununla kifayətlənmirdi.
    Zərifə xanım Əliyevanın elmi fəaliyyətində traxoma xəstəliyinin öyrənilməsi xüsusi yer tutur. Traxoma uzun illər ərzində geniş yayılmış və kütləvi şəkildə görmə qabiliyyətinin itirilməsinə səbəb olan təhlükəli xəstəlik idi. Alim bu xəstəliyin epidemiologiyasını, yayılma mexanizmlərini və sosial səbəblərini dərindən araşdırmışdır. Onun tədqiqatları nəticəsində xəstəliyin qarşısının alınması üçün kompleks tədbirlər sistemi hazırlanmış və praktik səhiyyədə tətbiq olunmuşdur. Bu isə ölkədə traxomanın yayılmasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.
    Akademik Zərifə Əliyevanın fəaliyyətində yalnız elmi uğurlar deyil, həm də həkim etikası və insanlara olan dərin qayğı əsas yer tuturdu. O, hər zaman xəstələrinə böyük diqqət və həssaslıqla yanaşmış, onların sağlamlığı uğrunda yorulmadan çalışmışdır. Bu xüsusiyyətlər onu yalnız böyük alim deyil, həm də nümunəvi insan kimi tanıtmışdır. Onun irsini yalnız elmi nailiyyətlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Zərifə Əliyeva həm də yüksək mənəvi keyfiyyətləri, insana dərin hörməti və humanist yanaşması ilə seçilən bir şəxsiyyət idi. O, həkimlik peşəsini yalnız peşə kimi deyil, insanlara xidmət missiyası kimi qəbul edirdi.
    Zərifə Əliyeva elmi fəaliyyətlə yanaşı, ailə dəyərlərinə böyük önəm verən, qayğıkeş və mehriban ana və həyat yoldaşı olmuşdur. Onun ailəyə bağlılığı, səmimiyyəti və yüksək mənəvi keyfiyyətləri onu cəmiyyət arasında daha da sevilən bir şəxsiyyətə çevirmişdir. O, ailə dəyərlərinə sadiqliyi, sadəliyi və zəngin daxili dünyası ilə seçilmişdir.
    Bu gün Zərifə xanım Əliyevanın vəfat etməsindən 41 il keçir. Hətta Zərifə xanımsız keçən bu 41 ildə də, alim, müəllim, ana və ziyalı kimi bizlərə çox şey öyrədir, xalqımıza xidmət etməyə davam edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ