Sizin reklam burada
Sizin reklam burada
  • PİYADA OLMAQ BƏZƏN AVTOMOBİL SÜRMƏKDƏN DAHA TƏHLÜKƏLİDİR

    Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov),
    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

    1-Cİ HİSSƏ

    Piyadalar yol hərəkəti iştirakçıları arasında ən həssas qruplardan birini təşkil edir. Sürücülərdən fərqli olaraq, onlar fiziki baxımdan qorunmur və piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri çox vaxt ağır, bəzən isə həyatla bir araya sığmayan nəticələrlə yekunlaşır. Təəssüf ki, bəzi hallarda bu qəzaların səbəbi piyadaların yol hərəkəti qaydalarını kifayət qədər bilməməsi və ya onlara etinasız yanaşması ilə də əlaqəli olur.
    Yol hərəkəti təhlükəsizliyi təkcə nəqliyyat sahəsinə aid texniki məsələ deyil, bu, qlobal miqyasda sosial, iqtisadi və ictimai sağlamlıq problemidir. Bir çox ölkələrdə avtomobillərin sayının sürətlə artması mövcud riskləri daha da dərinləşdirir. Məhz bu səbəbdən yol qəzaları nəticəsində ölüm və xəsarət hallarının azaldılması istiqamətində kompleks və davamlı tədbirlərin görülməsi zəruridir.
    Piyadalar kimlərdir? Ümumi yanaşmaya görə, piyada yolda, səkidə və ya velosiped yolunda nəqliyyat vasitəsinin xaricində olan və orada hər hansı fəaliyyətlə məşğul olmayan şəxs hesab olunur.
    “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir. Əlilliyi olan şəxslər üçün açıq məkanda istifadə olunan mexaniki təkərli oturacaqda hərəkət edənlər, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, moped və ya motosiklet aparan, eləcə də kirşə, əl arabası, uşaq arabası və oxşar vasitələri aparan şəxslər də hüquqi baxımdan piyadaya bərabər tutulur.
    Müqayisə üçün qeyd etmək lazımdır ki, piyada anlayışı bir çox ölkələrin yol hərəkəti qanunvericiliyində oxşar, lakin müəyyən nüanslarla fərqlənən şəkildə tərif edilir. Məsələn, Almaniyanın Yol Hərəkəti Qaydalarına (Straßenverkehrs-Ordnung) əsasən, piyada nəqliyyat vasitəsindən istifadə etmədən yol hərəkətində iştirak edən şəxs hesab olunur və bu kateqoriyaya əl arabası, uşaq arabası aparan şəxslər, eləcə də əlilliyi olan şəxslərin hərəkət vasitələrindən istifadə edənlər də aid edilir. Velosipedi və ya digər nəqliyyat vasitələrini əl ilə aparan şəxslər də piyadaya bərabər tutulur.
    Fransa Yol Hərəkəti Məcəlləsində (Code de la route) piyada anlayışı daha geniş şərh olunur və nəqliyyat vasitəsindən kənarda yol hərəkətində iştirak edən bütün şəxsləri, o cümlədən uşaq arabası aparanları və əlilliyi olan şəxslərin mexaniki hərəkət vasitələrindən istifadə edənləri əhatə edir. Bu yanaşma piyadanın yalnız hərəkət formasını deyil, yol mühitində xüsusi qorunmaya ehtiyacı olan subyekt kimi statusunu ön plana çıxarır.
    İtaliya qanunvericiliyində (Codice della Strada) piyada anlayışı nəqliyyat vasitəsi ilə hərəkət etməyən şəxslər kimi müəyyən edilir və buraya əlil arabası, uşaq arabası və digər köməkçi vasitələrlə hərəkət edən şəxslər də daxil edilir. Eyni zamanda, velosipedi və ya mopedini aparan şəxslər də hüquqi baxımdan piyadaya bərabər tutulur.
    Birləşmiş Krallığın Yol Qaydalarında (Highway Code) isə piyada anlayışı normativ tərifdən daha çox davranış və təhlükəsizlik prinsipləri üzərindən izah olunur. Burada piyada nəqliyyat vasitəsini idarə etməyən və yol mühitində xüsusi qorunmaya ehtiyacı olan yol istifadəçisi kimi qəbul edilir. Uşaqlar, yaşlılar və əlilliyi olan şəxslər ayrıca risk qrupu kimi vurğulanır.
    Beləliklə, müxtəlif ölkələrin qanunvericiliyinin müqayisəsi göstərir ki, piyada anlayışı təkcə “nəqliyyat vasitəsindən kənarda hərəkət edən şəxs” kimi deyil, eyni zamanda yol hərəkəti sistemində ən həssas və qorunmağa ehtiyacı olan iştirakçı kimi qəbul edilir. Bu yanaşma piyadaların təhlükəsizliyinin yalnız fərdi davranışlarla deyil, institusional və infrastruktur həlləri ilə təmin olunmasının zəruriliyini ön plana çıxarır.
    Qabaqcıl beynəlxalq yanaşmalara uyğun olaraq, piyada yol hərəkəti sistemində yalnız passiv iştirakçı deyil, xüsusi risk və qorunma statusuna malik subyekt kimi qəbul edilir. Bu yanaşma piyada anlayışının normativ səviyyədə genişləndirilməsini və onun təhlükəsizliyinin infrastruktur, texniki standartlar və hərəkətin təşkili vasitəsilə sistemli şəkildə təmin olunmasını tələb edir.
    Hər bir yol-nəqliyyat hadisəsinin arxasında insan faciəsi dayanır: valideynsiz qalan uşaqlar, övlad itirən ailələr, yarımçıq qalan arzular, sağ qalsa belə, ömürlük əlillik və ya yataq xəstəliyi ilə üzləşən insanlar. Yol qəzalarının yaratdığı sosial-iqtisadi yük də olduqca ağırdır - mövcud beynəlxalq qiymətləndirmələrə görə, bu hadisələr ölkələrin ümumi daxili məhsulunun təxminən 1-3 faizi həcmində iqtisadi itkilərə səbəb olur.
    Yol hərəkəti mürəkkəb bir prosesdir, lakin onun təhlükəsizliyi hər bir iştirakçının davranışından asılıdır. Piyada olmaq böyük məsuliyyətdir. Yol hərəkəti qaydalarını bilmək, küçədə düzgün davranmaq, yolayrıcılarını təhlükəsiz şəkildə keçmək piyadalar üçün həyati əhəmiyyət daşıyır. Piyadalar yalnız yol iştirakçıları deyil, onlar şəhər əhalisinin geniş hissəsini təşkil etdiyindən Avropa təcrübəsində yol şəbəkəsinin planlaşdırılmasında piyadaların maraqları prioritet hesab olunur.
    Evdən işə, məktəbə və digər gündəlik məkanlara gedib-qayıdan hər bir insan istisnasız olaraq piyada rolunu oynayır. Piyada həm ən həssas, həm də ən azad yol iştirakçısıdır. Sürücü avtomobilin metal gövdəsi ilə müəyyən dərəcədə qorunur, piyada isə belə bir fiziki müdafiəyə malik deyil, ona görə də piyada yolun hərəkət hissəsinə daxil olarkən öz davranışını, riskləri nəzərə alaraq tənzimləməli və təhlükənin miqyasını dərk etməlidir. Piyada bunları daim yadda saxlamalıdır və yolun hərəkət hissəsinə daxil olarkən özünü hansı təhlükəyə məruz qoyduğunun fərqində olmalıdır. Azadlıq birinin sərbəstliyi başqa birisinin təhlükəsizlik sərhədində bitir və bu sərhədə hörmətlə yanaşmaq yol hərəkəti mədəniyyətinin əsas göstəricilərindən biridir.
    1896-cı ilin may ayında Nyu-Yorkda qadın velosipedçinin iştirakı ilə ilk yol-nəqliyyat hadisəsi baş vermişdir. 17 avqust 1896-cı ildə isə Londonda piyada ilə ilk ölümcül toqquşma qeydə alınmışdır. Belə ki, həmin tarixdə Londonun Kristal Palas Parkında, təcrübəsiz sürücünün günahı ucbatından və nəzərdə tutulduğundan iki dəfə artıq sürətlə (saatda 13 km) hərəkət edən avtomobilin vurduğu 45 yaşlı iki uşaq anası Bridcet Driskol həlak olmuşdur.
    İstintaq həm sürət həddini aşan sürücünün, həm də qadağanedici işarələrə baxmayaraq yola çıxan zərərçəkənin günahkar olduğunu müəyyən etmişdir.
    Baş vermiş hadisə ilə bağlı 6 saat davam edən məhkəmə prosesində münsiflər heyəti xanım Bridcet Driskolun ölümünün təsadüfi olduğuna dair qərar vermişdir. Nə avtomobili idarə edən Artur Edsellə, nə də İngiltərə-Fransız Motor Carriage Company-yə qarşı heç bir cinayət işi qaldırılmamışdı. Ehtimal ki, hökm, o dövrdə sürücünün məhkum edilməsinə imkan verən qanunların olmaması nəzərə alınmaqla, kompromis nəticəsində qəbul edilmişdi. Hökm elan edildikdən sonra britaniyalı məhkəmə eksperti birmənalı şəkildə xəbərdarlıq etmişdir: “Belə qəza heç vaxt təkrarlanmamalıdır”.
    Yol-nəqliyyat hadisələri insanların həyatına son qoyduqda və ya onları ağır xəsarətlərlə üz-üzə qoyduqda, dünya yalnız ayrı-ayrı fərdləri itirmir. Dünya eyni zamanda onların potensialını, ideyalarını və cəmiyyətə verə biləcəkləri gələcək töhfələri də itirir. Bu isə artıq təkcə fərdi faciə deyil, cəmiyyətin inkişaf trayektoriyasına vurulan sistemli və uzunmüddətli zərərdir.
    Beynəlxalq Yol Qiymətləndirmə Proqramı (iRAP) ekspertlərinin təhlili göstərir ki, ilkin reaksiya və uzunmüddətli müalicə ilə bağlı qlobal xərclər gündə 9,7 milyard ABŞ dollarına, illik məbləğ isə təxminən 3,6 trilyon dollar səviyyəsinə çata bilər.
    Hər il noyabrın üçüncü bazar günü dünya Yol Hərəkəti Qurbanlarının Ümumdünya Anım Gününü qeyd edir. Bu qlobal gün yol qəzalarında həlak olan milyonlarla insanın və onların ailələrinin ehtiramla xatırlanmasına həsr olunur. Yol qəzalarında ölüm halları ciddi qlobal problem olaraq qaldığı üçün bugünkü qeyd etmə maarifləndirmənin artırılmasının, yol təhlükəsizliyinin yaxşılaşdırılmasının və daha çox zərərin qarşısının alınması üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulayır.
    Ümumdünya Yol Hərəkəti Qurbanlarının Anım Günü 1993-cü ildə Böyük Britaniyada yol hərəkəti qurbanlarının xatirəsini yad etmək üçün bir neçə kilsə xidmətinin keçirildiyi zaman qeyd olunmağa başlayıb.
    Tezliklə bu gün təkcə Avropada deyil, həm də Afrika, Cənubi Amerika və Asiyadakı yol-nəqliyyat hadisəsi qurbanları təşkilatları tərəfindən qeyd olunmağa başlamışdır. İllər keçdikcə tədbirin miqyası və təsiri artmışdı. 2004-cü ildə Birləşmiş Millətlər Təşkilatının Yol Təhlükəsizliyi Əməkdaşlığı (UNRSC) yol təhlükəsizliyinə həsr olunmuş dünya gününün təsis edilməsi imkanlarını araşdırmağa başlamışdı. Avropa Yol Hərəkəti Qurbanları Federasiyasının təşəbbüsündən sonra, 2005-ci ildə BMT Baş Assambleyası noyabrın üçüncü bazar gününü rəsmi olaraq Ümumdünya Yol-nəqliyyat Hadisəsi Qurbanlarının Anım Günü kimi təyin etmişdi.
    O vaxtdan bəri, bu gün əhəmiyyətli bir qlobal hadisəyə çevrilərək, ölənlərə və yaralananlara diqqəti cəlb edir və dünya miqyasında yol qəzalarından ölüm və xəsarət alanların sayını azaltmaq üçün daha təsirli tədbirlər görülməsinə çağırır.
    2020-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası A/RES/74/299 saylı “Qlobal miqyasda yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılması” adlı qətnaməni qəbul edərək, 2021-2030-cu illəri əhatə edən Yol Hərəkəti Təhlükəsizliyi üzrə Fəaliyyət Onilliyini elan etmişdir. Qətnamədə 2030-cu ilə qədər yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm və xəsarət hallarının ən azı 50 faiz azaldılması kimi iddialı və strateji məqsəd müəyyən edilmişdir.
    Bu çərçivədə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin regional komissiyaları, Yol Hərəkəti Təhlükəsizliyi üzrə BMT Əməkdaşlığına daxil olan digər tərəfdaşlarla birgə, Fəaliyyət Onilliyi üçün Qlobal Plan hazırlamışdır.
    Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələri tərəfdaşlıq çərçivəsində özündə birləşdirir.
    2015-ci ilin sentyabrında Asiya və Sakit Okean Ölkələri Nəqliyyat Nazirlərinin Monqolustanda keçirilən bu Proqramın 14-cü Nazirlər Konfransında Üzv Ölkələr yol təhlükəsizliyinə sadiqlik nümayiş etdirərək təhlükəsizlik, rəqəmsallaşdırma və ətraf mühitə diqqət yetirərək regionda dayanıqlı nəqliyyat inkişafı müzakirə olunaraq Ulan-Bator Bəyannaməsini qəbul etmişlər.
    Bu Təşkilatın bildirdiyinə görə bir sıra CAREC ölkələrində, o cümlədən Azərbaycanda bütün yol ölüm hadisələrinin təxminən 42 faizi, Qırğızıstan və Tacikistanda 40 faiz, Monqolustanda 29 faiz və Gürcüstanda 27 faiz piyadaların payına düşür. CAREC Regional Yol Təhlükəsizliyi Strategiyası (2017–2030) üzv ölkələrdə yol hərəkəti təhlükəsizliyi üzrə tədbirlərin səmərəli icrasını hədəfləyir. Strategiyanın məqsədi 2030-cu ilə qədər CAREC dəhlizlərində ölüm hallarını 2010-cu illə müqayisədə 50 faiz azaltmaq, təxminən 23 min insanın həyatını xilas etmək və 250 min ağır xəsarətin qarşısını almaqdır. Hesablamalara əsasən, bu tədbirlər iqtisadi itkilərin ildə təqribən 16 milyard ABŞ dolları azalmasına imkan verə bilər.
    Yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının öyrənilməsi müasir elmin diqqət mərkəzində olan sahələrdəndir. Bir sıra ölkələrdə avtomobil qəzaları əhalinin azalmasının əsas səbəblərindən biri kimi qiymətləndirilir. Bu sahədə statistik məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən toplanır və hər 3-5 ildən bir “Yol hərəkəti təhlükəsizliyinin qlobal vəziyyəti haqqında hesabat” dərc olunur. Bu hesabatda əhalinin hər 100.000 nəfərinə ildə orta ölüm nisbəti haqqında məlumatlar verilir.
    Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada hər gün avtomobil qəzalarında 3,5 mindən çox insan həlak olur, əlli milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alır, hər il yollarda təxminən 1,25 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirir, bu da orta hesabla hər 24-30 saniyədə bir ölüm deməkdir. Bu təşkilatın hesabatlarına görə, yol qəzalarında ölənlərin təxminən 26 faizi piyada və velosipedçilərin payına düşür, uşaqlar və gənclər (5-29 yaş) üçün isə yol-qəzaları əsas ölüm səbəblərindən biridir - hər 24 saniyədə təxminən bir uşaq bu səbəbdən həyatını itirir. Hazırki məqaləni oxuduğunuz müddətdə dünyanın hansısa ölkəsində artıq bir neçə insan yol qəzasının qurbanı olmuşdur. Yol-nəqliyyat hadisələri 15-29 yaş qrupunda ölüm səbəbləri arasında əsas yerlərdən birini tutur və proqnozlara görə, təcili tədbirlər görülməsə, 2030-cu ilə qədər ümumi ölüm səbəbləri siyahısında beşinci yerə yüksələ bilər. Eyni zamanda, yol-nəqliyyat hadisələrinin dünya iqtisadiyyatına vurduğu illik zərərin həcmi yüz milyardlarla dollarlarla ölçülür (təxmini 500 milyard ABŞ dolları).

    davamı var

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ