Eldar ƏSGƏROV (ŞƏKIBƏYOV),hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
4-CÜ HİSSƏ
Əsas məqamlar bunlardır:
- heyvan sahibi, onun nəzarətində olan heyvanın törətdiyi hər cür zərərə görə məsuliyyət daşıyır (yəni günah sübut olunmasa belə məsuliyyət qalır);
- əgər heyvan yola çıxıb və qəza baş vermişsə, zərərin ödənilməsi onun sahibinin üzərinə düşür;
- sahib heyvanın yola çıxmaması üçün “mümkün olan bütün təhlükəsizlik tədbirlərini” görməlidir: hasar, bağ, nəzarət və s.
Fermer heyvanların köçü zamanı xüsusi xəbərdarlıq nişanları və müşayiətçi işıqlı nəqliyyat vasitəsi təmin etməlidir;
Heyvanların sərbəst buraxılması və ya yolun çirkləndirilməsi yerli qaydalarla inzibati xətadır və bələdiyyələr tərəfindən cərimə olunur.
Almaniyanın kənd yollarında tez-tez “Vorsicht – Viehtrieb!” (Ehtiyatlı olun – mal-qara keçidi!) nişanı qoyulur. Bu nişanlar müvəqqəti xəbərdarlıq nişanı sayılır və sürücünün məsuliyyətini azaldan, eyni zamanda sahibin məsuliyyətini müəyyən edən hüquqi göstəricidir.
İsveçrədə də oxşar sistem mövcuddur. İsveçrə qanunvericiliyində məsələ həm Mülki Məcəllə (ZGB), həm də Yol Hərəkəti Qanunu (SVG) ilə tənzimlənir. Kənd yerlərində və dağ marşrutlarında heyvan köçü əvvəldən planlaşdırılır və heyvan köçü əsas avtomobil yolları ilə keçiləcəksə fermer polisə və ya bələdiyyəyə əvvəlcədən məlumat verməlidir. “Alp sürüləri” (yaylaq köçü) üçün xüsusi marşrutlar ayrılır və həmin marşrutlarda müvəqqəti nişanlar və xəbərdarlıq işıqları qoyulur. Yolların heyvan nəcisi və sidiyi ilə çirkləndirilməsi isə inzibati məsuliyyətə səbəb olur. İsveçrə qanunvericiliyi bu məsələyə çox ciddi yanaşır: heyvanın sərbəst buraxılması “ictimai təhlükə yaratmaq” kimi qiymətləndirilir və ağır nəticələrə səbəb olarsa, hətta cinayət məsuliyyəti də yarana bilər.
Fransa tarixən heyvan sürülərinin , heyvanların yol üzərində aparılması və sərbəst gəzintisi ilə bağlı çoxsaylı normativ aktlara malikdir. Heyvan sürülərinin və heyvanların yollarda necə gəldi aparılması barədə Köhnə Yol Məcəlləsi və yeni qaydalar heyvan sürülərinin yol hərəkətini təhlükəyə salmayacaq şəkildə təşkil edilməsini tələb edir.
Heyvan sürənlər və ya sahibkarlar, heyvanları yolla keçirdikdə, təhlükəsizlik qaydalarına riayət etmək kimi öhdəliklər daşıyır.
Birləşmiş Krallığın 1971-ci ildə qəbul etdiyi “Heyvanların saxlanılması və yol təhlükəsizliyi haqqında qanun”a əsasən heyvanların yola çıxması nəticəsində ziyan iddialarını tənzimləyir, yəni heyvan sahibi onun yola çıxmaması öhdəliyi daşıyır. Heyvanın yoldan keçən magistral yola daxil olmasının qabaqcadan qarşısını almaq məqsədilə sahibinin üzərinə kifayət qədər hasar qurmaq və nəzarətdə saxlamaq kimi öhdəliklər qoyulur.
Bu təcrübələr göstərir ki, məsələ təkcə qanunla deyil, həm də ictimai şüurla bağlıdır. Avropada fermerlər və sürücülər arasında qarşılıqlı anlayış və mədəni davranış formalaşıb. Onlar bilirlər ki, yol hərəkəti təkcə avtomobilin deyil, həm də insanın, heyvanın və təbiətin təhlükəsizliyidir.
Gəldiyimiz nəticələr onu deməyə əsas verir ki, Azərbaycanda da belə yanaşma formalaşarsa, həm yol mədəniyyəti, həm də kənd təsərrüfatı fəaliyyətinin təhlükəsizliyi daha yüksək səviyyəyə qalxar
Yol - təkcə hərəkət vasitəsi deyil, həm də insan davranışının, mədəniyyətinin və məsuliyyət hissinin göstəricisidir. Biz çox vaxt asfaltı, nişanları, qaydaları dövlətin borcu kimi görürük, amma unuduruq ki, yol mədəniyyəti hər kəsin içindən başlayır. Əgər bir çoban öz sürüsünə nəzarət etmir, yaxud bir sürücü tələskənliklə təhlükə yaradırsa, burada problem təkcə inzibati məsələ deyil - cəmiyyətin dəyərlər sistemindəki çatdır.
Sürücü yolun sahibi kimi düşünür, çoban isə torpağın. Halbuki hər ikisi eyni dövlətin, eyni torpağın və eyni rifahın iştirakçısıdır. Biri asfaltı qorumağa borcludur, digəri isə onun üzərinə məsuliyyətlə çıxmağa. Bu qarşılıqlı anlayış formalaşmadıqca, ən müasir qanun da, ən bahalı yol da öz missiyasını tam yerinə yetirə bilməz.
Mal-qaranın yolda hərəkəti, sürücülərin məcburi gözləməsi, asfaltın çirklənməsi və korlanması - bunların hamısı bir nəticəyə gətirir: biz yolun fiziki vəziyyətini deyil, mədəni münasibətini itiririk.
“Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsi isə yolun təmiz saxlanılmasını və maneələrin aradan qaldırılmasını tələb edir. Yəni yolun üzərində heyvan nəcisi, sidiyi, daş, torpaq və digər maneələr varsa, həmin yol hissəsinin sahibi və ya qulluq edən təşkilat bu vəziyyəti vaxtında aradan qaldırmalıdır.
Eyni zamanda, heyvan sahibləri də məsuliyyətdən kənarda qalmırlar. Qanunun elə həmin maddəsində göstərilir ki, yol hərəkətində iştirak edən bütün şəxslər, o cümlədən nəqliyyat vasitələri və heyvan sahibləri hərəkət təhlükəsizliyinin təmin edilməsinə borcludurlar. Yollarda heyvanların nəzarətsiz buraxılması həm yol hərəkətinin təhlükəsizliyini pozur, həm də infrastrukturun zədələnməsinə səbəb olur. Bu hallar inzibati məsuliyyət doğura bilər.
Yuxarıda qeyd edildiyi kimi Avropada bu problemi tənzimləyən onlarla norma var, amma onların kökü bir anlayışda birləşir - hörmət. Hörmət təkcə insana deyil, həm də yolun özünə, onun çəkilən zəhmətinə, dəyərinədir.
Unutmayaq ki, yol dövlətin sərvətidir, amma onu qorumaq xalqın vicdanına əmanətdir. Hər dəfə çoban sürüsünü yola çıxaranda, hər dəfə sürücü sükanı əlinə alanda, hər dəfə piyada yolu keçəndə – biz bu əmanətə ya sədaqət göstəririk, ya da xəyanət.
İnzibati Xətalar Məcəlləsinin 352.1.6-cı maddəsinə müvafiq olaraq avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə görə -
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddənin özündən də görünür ki, onun dispozisiyası “Avtomobil yolları haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunlarının sintezi əsasında formalaşmışdır.
Amma məsələ təkcə cərimə ilə bitmir. Burada mənəvi məsuliyyət də var: yol - hamının ortaq sərvətidir. Bir sürücünün diqqətsizliyi, bir sahibkarın səhlənkarlığı, bir kəndlinin laqeydliyi bəzən milyonluq zərərə, bəzən də insan itkisinə gətirib çıxarır.
Avropa ölkələrində - xüsusilə Almaniya, İsveçrə, Avstriya və Hollandiyada - yolların qorunması yalnız dövlətin deyil, cəmiyyətin ortaq məsuliyyəti sayılır. Bu ölkələrdə “yol sahibi” anlayışı geniş mənada başa düşülür: bura həm yerli idarəetmə orqanları, həm də yolun yaxınlığında yaşayan sakinlər, fermerlər, hətta heyvan sahibləri də daxildir.
Məsələn, Almaniyanın Yol İstismar Qaydaları (Straßenverkehrsordnung) və Heyvanların Sahibliyi Haqqında Qanunu (Tierschutzgesetz) açıq şəkildə bildirir ki, əgər heyvan yola çıxırsa və nəticədə hər hansı bir hadisə, yaxud yol örtüyünə zərər dəyirsə, bu, heyvan sahibinin məsuliyyətidir. Əgər heyvanların keçid yolu dövlət tərəfindən düzgün nişanlanmayıbsa - məsuliyyət bələdiyyə və ya yol xidmətinə aiddir.
İsveçrə və Avstriyada bu məsələ bir qədər də sərtdir: fermer heyvanlarını yalnız qeydiyyatdan keçmiş marşrutla, xəbərdarlıq nişanları altında yoldan keçirə bilər. Qaydanı pozan şəxsə cərimə ilə yanaşı, yol örtüyünün bərpası üçün xərclər də ödətdirilir.
Nəticə etibarilə, bu ölkələrdə məsuliyyət təkcə “kim günahkardır?” sualına cavab vermir - həm də təhlükəsizlik mədəniyyətinin formalaşmasına xidmət edir.
Yol mədəniyyəti təkcə qaydalar toplusu deyil - asfaltın deyil, xalqın vicdanının güzgüsüdür, bu, düşüncə tərzidir, həyat fəlsəfəsidir, onu qorumaqla biz yalnız yolları deyil, gələcəyimizi də qoruyuruq.
Yolu qorumaq - büdcə vəsaitini, əmək sərfini, texnologiyanı qorumaq deməkdir. Amma hər şeydən önəmlisi, bu, insan həyatını və gələcək nəsillərin təhlükəsizliyini qorumaqdır.
Bir heyvanın yola çıxması, bir sürücünün diqqətsizliyi, bir yol sahibinin səhlənkarlığı bəzən yüz kilometrlərlə məsafəni, illərlə əməyi, bir ailənin taleyini puça çıxara bilir.
Buna görə də yol mədəniyyəti - dövlətlə vətəndaşın ortaq məsuliyyətidir. Bu məsuliyyətin bir ucunda hökumət durur, digərində isə hər birimiz - sükan arxasında, piyada keçidində, yaxud tarlasında mal-qarasını otaran kəndli kimi.
Yolun taleyi təkcə asfaltın keyfiyyətində deyil, bizim düşüncəmizdə, vicdanımızda ölçülür. O düşüncə və o vicdan sağlam olanda, yollar da hamar, ömürlər də təhlükəsiz olur.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun mal-qara ötürənlərin vəzifələri adlanan 30-cu maddəsinin 1-ci bəndində göstərilmişdir ki, mal-qara ötürənlər mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər. Maddənin özündən də görünür ki, asfalt və sement-beton örtüklü yollarla mal-qaranın ötürülməsi birmənalı qadağan edilir. Maddənin 3-cü bəndində isə qeyd edilir ki, mal-qara ötürənlər mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Uyğunsuzluq göz qabağındadır.
Fikrimizcə, bu uyğunsuzluğun aradan qaldırılmasına ehtiyac duyulur.
Son olaraq qeyd etmək istərdik ki, Siz də yolun bir parçasısınız - həm fiziki, həm də mənəvi mənada. Bir anlıq laqeydlik böyük zərərə, hətta insan itkilərinə səbəb ola bilər. Amma eyni zamanda, hər diqqətli addım, hər qaydaya riayət, hər məsuliyyətli qərar asfaltı qoruyur, insan həyatını qoruyur, gələcək nəsillərə ümid daşıyır.
Yol yalnız asfalt və nişan deyil, yol - həyatdır. Təkərlər fırlanır, amma onların altından keçən vicdanımız, diqqətimiz və məsuliyyətimizdir. Hər bir sürücünün hərəkəti, hər bir heyvan sahibinin diqqəti, hər bir yol idarəçisinin addımı asfaltın ömrünü, insanların təhlükəsizliyini və gələcəyimizi müəyyən edir. Yol mədəniyyəti - təkcə dövlətin deyil, hər birimizin ortaq borcudur. Onu qorumaqla biz yalnız asfaltı deyil, həm də öz mədəniyyətimizi, həmrəylik ruhumuzu və insanlıq dəyərlərimizi qorumuş oluruq.
Hər bir Azərbaycan vətəndaşımıza ümumi bir çağırışımız var. Gəlin, yolun yalnız daşına və asfaltına yox, onun mənasına da sahib çıxaq. Gəlin, “yol” sözünü təkcə hərəkət istiqaməti kimi yox, mədəniyyətin adı kimi yaşadaq.
