hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
3-CÜ HİSSƏ
Avropa ölkələrinin təcrübəsi göstərir ki, asfalt örtüyünün uzunömürlülüyü yalnız iqtisadi imkanlardan deyil, həm də idarəetmə mədəniyyətindən və texnoloji intizama münasibətdən asılıdır. Məsələn, Almaniyada magistral yollar (autobahn və digər federal yollar) üçün layihələndirmə və material seçimi çox ciddi normativlərə əsaslanır; əhali və yük sıxlığı, qat materialı və preventiv texniki nəzarət nəticəsində magistralların ömrü 18–25 il və daha çox ola bilir (uzunömürlü beton/asfalt həlləri və davamlı texnologiyalar tətbiq olunur). Bunun səbəbi keyfiyyətli materialla yanaşı, hər il aparılan planlı texniki baxış və vaxtaşırı üst qatın yenilənməsidir. Avropa təcrübəsində “long-life pavement” - uzunömürlü səki yanaşmaları daha geniş yayılmışdır.
Yaponiya rütubətli, siklik temperatur fərqləri olan sahə olduğundan, yol texnologiyaları -materiallar və preventiv texniki xidmət - sıx planlaşdırılır. Yaponiyanın yol idarəetmə sistemi vaxtaşırı texniki baxışlar, preventiv təmir və innovativ qarışıq tədqiqatları ilə yolların ömrünü 15–20 il aralığına qaldırır.
İsveçrə yolları isə dünyanın ən uzunömürlü asfalt örtüklərinə malikdir. Burada asfalt tərkibinə polimer-bitum qarışıqları əlavə edilir, bu da həm elastikliyi, həm də şaxtaya və yüksək temperatur fərqlərinə davamlılığı artırır. Nəticədə yol örtüyü 18–25 il arasında problemsiz xidmət göstərir.
Amerika Birləşmiş Ştatlarında da oxşar yanaşma var: burada “preventive maintenance” (profilaktik təmir) adlanan sistem tətbiq olunur – yəni yol tam sıradan çıxmadan, müəyyən intervallarla (məsələn, hər 5–6 ildən bir) üst qat yenilənir. Bu üsul həm iqtisadi baxımdan sərfəlidir, həm də yolun ömrünü əhəmiyyətli dərəcədə uzadır.
Sinqapurda LTA yolları real vaxtda izləmə, “pavement performance system (səki performans sistemi)” və material innovasiyalarına (bərpa olunmuş asfalt, isti qarışıq, plastik qalıqların emalı və s.) investisiya edir. Burada yolu sadəcə çəkmək yox, onun performansını sensorlarla, innovativ materiallarla və təkmil əməliyyatla qorumaq əsasdır - nəticədə ömür və təhlükəsizlik yaxşılaşdırılır.
Türkiyə kimi iqlimi bizə bənzər ölkələrdə də son illər polimerləşdirilmiş bitum tətbiqi nəticəsində asfaltın ömrü 10–15 il arasında dəyişir. Burada əsas məqsəd – materialın iqlimə uyğunlaşdırılması və yükdaşımaların çoxluğunu nəzərə almaqdır.
Xarici təcrübə göstərir ki, yolun ömrü yalnız materialın xassəsindən asılı deyil - idarəetmə, texniki nəzarət və innovasiyalar onun ömrünü müəyyən edir. Almaniyada uzun-ömürlü magistral yanaşmaları, Yaponiyada sıx preventiv texniki yoxlamalar, Sinqapurda real-vaxtın monitorinqi yolların daha dayanıqlı olmasına gətirib çıxarır - və biz də bu təcrübələrdən öyrənməliyik.
Beləliklə, görürük ki, inkişaf etmiş ölkələrdə yolun uzunömürlülüyü şəffaf maliyyə mexanizmləri, davamlı nəzarət və elmi yanaşma ilə təmin olunur. Yəni asfaltın keyfiyyəti laboratoriyada yox, idarəetmə masasının arxasında formalaşır.
Bizdə isə vəziyyət fərqlidir: yolları tikməyi bacarırıq, amma onların ömrünü uzatmaq məsuliyyətini çox vaxt unuduruq. Bizdə yol tikmək, təəssüf ki, hələ də nəticə yox, proses kimi dəyərləndirilir. Bizdə yol salmaq hələ də nəticə deyil, tədbirdir. Hər dəfə lent kəsiləndə ümid doğulur: bəlkə bu dəfə qalıcı olar? Sanki əsas məqsəd yol çəkmək yox, lent kəsmək, kameralar qarşısında poz vermək olur. Lent kəsilir, fotolar çəkilir, çıxışlar olur, başlar təriflənir hər kəs gülümsəyir - sonra da sükut - ta ki, ilk yağış düşənədək və ilk çala peyda olana qədər. Yağış düşən kimi asfaltın altından həqiqətlər üzə çıxmağa başlayır. Halbuki, yolun keyfiyyəti onun açılışında deyil, illər sonra üzərindən keçən maşınların sükutunda ölçülür. Yük maşınları, keyfiyyətsiz materiallar, səhlənkarlıq, “qənaətcil” tender qalibləri... Və nəticədə – xalqın səbrini sınağa çəkən çalalı yollar. Sonra yol da, sürücü də, piyada da, büdcə də eyni halı yaşayır: bataqlıqda ilişib qalmaq.
Əgər bu gün Azərbaycan yollarının bir çoxunda çatlar, çökmələr, su yığılmaları müşahidə olunursa, bunun səbəbi təkcə iqlim deyil. Burada həm texnoloji intizamın pozulması, həm də maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi amilləri ön plana çıxır. Heç kimə sirr deyil ki, dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin bir hissəsi “yolda itib-batır”. Nəticədə, elə bir mənzərə yaranır ki, sanki asfalt öz ömrünü sürmür, onu sürürlər.
Halbuki, bir az məsuliyyət, bir az vicdan, bir az da şəffaflıqla Azərbaycanın yolları bu gün təkcə regionun deyil, Avropa üçün də nümunə ola bilərdi. Nümunə kimi Gəncədən Gürcüstan sərhədinə kimi çəkilən yolu misal gətirmək olar. Axı biz yolları xalq üçün salırıq, xalqın səbrini yoxlamaq üçün yox.
Yol təkcə asfalt və daş deyil - o, bir xalqın düşüncə tərzidir, mədəniyyətidir. Yolun keyfiyyətinə münasibət, əslində, insanın özünə, yaşadığı torpağa münasibətidir.
Əgər hər il milyonlarla vəsait ayrılır, amma yollar bir-iki qışdan sonra dağılırsa - deməli, biz haradasa səhv edirik. O səhv texnologiyada, nəzarətdə, bəlkə də vicdanda gizlənib. Bu səhvi düzəltməyin yolu isə sadədir: nəzarəti gücləndirmək, şəffaflığı təmin etmək, məsuliyyəti şəxsi maraqlardan üstün tutmaq.
Biz yolları “səliqə xatirinə” deyil, xalqın təhlükəsizliyi və rahatlığı üçün salırıq. Yolun hər qarışı həm də gələcəyə uzanan bir izdir. Gəlin elə yollar quraq ki, onlardan keçən nəsillər bizə təşəkkür etsin, nifrət yox.
Çünki mədəniyyət də, inkişaf da, rifah da... elə yoldan başlayır.
Yol - bizim vizit kartımızdır. Amma bəzi yerlərdə bu kart o qədər cızılıb ki, nə yazısı oxunur, nə ünvanı bilinir. Asfaltın altına milyonlar basdırılır, üstündən bir qış keçir, yol elə bil “imtahandan” çıxır - yarısı qırılıb, yarısı çöküb, bəzən də hamısı “təzədən doğulmaq” istəyir.
Əslində, məsələ çətin deyil - bir az vicdan, bir az nəzarət, bir az da texnologiya. Amma görünür, bu “bir az”ların hamısı bizdə çox baha başa gəlir.
Yollarımıza bir az da hörmətlə yanaşsaq, bəlkə onlar da uzunömürlü zövqlə daşıyar. Axı yol da canlı kimidir - baxmayanda, sevməyəndə, ona dağ kimi yüklənəndə bezir, dağılır, susur.
Yol - dövlətin güzgüsüdür. Amma bizim güzgü çox vaxt ya buxarlanır, ya da çatlayır. Büdcədən milyonlar ayrılır, tenderlər keçirilir, asfalt səpilir… və bir-iki fəsil sonra “yeni yol” köhnə problemlərin eynisini yaşayır. Elə bil yollar yox, biz özümüz təkrarlanırıq.
Amma yolun da dözüm həddi var. O da hər dəfə “yenidən salınmaq” bəhanəsiylə əzildikcə, bu torpağın da, bu xalqın da inamı bir az daha çatlayır.
Yol - mədəniyyətin təməlidir. Gəlin elə yollar quraq ki, təkcə maşınlar yox, vicdan da rahat keçsin. Çünki yol xalqın yaddaşıdır - o yaddaşı hər dəfə silmək yox, qorumaq gərəkdir.
Nəhayət, yazımızın aktual bir mövzusuna keçmək istərdik.
Yay aylarında qoyun-mal sürüsü arandan dağa, payız aylarında isə dağdan arana köç edir. Bu köç zamanı sürücülərə narahatçılıq yaratmasından əlavə asfalt yolda mal-qaranın nəcisi, sidiyi həm fiziki, həm də kimyəvi yolla asfalt örtüyünün korlanmasına səbəb olur. Bu məsələ çox vaxt nəzərdən qaçırılır, amma yol mühəndisliyi baxımından bu kifayət qədər ciddi problemdir.
Asfalt örtüyü əsasən bitumdan (neft mənşəli bağlayıcı) və mineral komponentlərdən - qum və çınqıldan ibarətdir. Heyvan sidiyi və nəcisi isə tərkibinə görə amonyak (NH₃) və ammonium duzları, ürik və sidik turşuları, zülal parçalanma məhsulları, eləcə də orqanik turşular (sirkə, süd, butirik və s.) kimi aktiv maddələri ehtiva edir.
Bu maddələr, xüsusilə ammonyak və orqanik turşular, asfaltın bitum hissəsini kimyəvi cəhətdən “qırır”, yəni onun strukturunu zəiflədir. Başqa sözlə, bu birləşmələr bitumun bağlayıcılıq xüsusiyyətini azaldır, nəticədə asfaltın yapışma qabiliyyəti zəifləyir, mikroçatlar yaranır. Bunun ardınca su və oksigen asfalt qatlarına daha asan nüfuz edir, örtük vaxtından əvvəl yaşlanır, soyulur və dağılır.
Nəticədə, bir neçə dəfə heyvan sürüsünün keçidi və ya onların nəcisi ilə çirklənmə belə, uzun illər əmək və milyonlarla manat dəyərində olan asfaltın ömrünü xeyli qısalda bilir.
Heyvan nəcisi və sidiyi çoxlu rütubət və bakterial ferment daşıyır. Bu fermentlər (xüsusilə ureaza) sidik cövhərini ammonyaka çevirir və bu proses asfaltın səthində qələvi reaksiyaya səbəb olur. Qələvilər (bazik mühit) bitumun strukturunu pozur - sanki “yuyucu” kimi davranır.
Əgər temperatur yüksəkdirsə (yayda 35–45°C arası), bu kimyəvi reaksiyalar daha da sürətlənir. Nəticədə asfaltın səthində rəng dəyişməsi, parıltının itməsi, xırda qopmalar və yapışmalar müşahidə olunur.
Mal-qara dəfələrlə eyni yolla keçəndə, nəcisin və sidiyin yaratdığı sürüşkən təbəqə asfaltla təkərin arasında mikrosürüşmə yaradır, bu da səth qatını (xüsusilə nazik örtükləri) mexaniki eroziyaya uğradır. Yağış və günəşin ardıcıl təsiri ilə bu təbəqə çatlayır, “qabarma” və “çuxurlaşma” əmələ gəlir.
Bu proseslərin cəmi aşağıdakı nəticələri asfaltın vaxtından əvvəl köhnəlməsi, su keçirməzliyin azalması, və nəhayət yamaclarda və döngələrdə sürüşmə riskinin artmasına, son olaraq uzunmüddətli istifadədə asfaltın soyulması və təmirə ehtiyacın artmasına səbəb olur.
Məsələn, Almaniya və Avstriyada aparılmış yol mühəndislik tədqiqatlarına görə, heyvan nəcisi ilə çirklənmiş kənd yollarında asfaltın xidmət müddəti 20–25% qısalır.
Asfalt örtüyünün qorunması üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsi məqsədəmüvafiqdir. Məsələn, kənd yollarında xüsusilə isti havalarda köç zamanı asfalt üzərinə nazik qum və ya torpaq örtük tökülməsi zəruridir.
Avropada olduğu kimi, köç başa çatdıqdan dərhal sonra yol səthinin su ilə yuyulması və mexaniki təmizlənməsi tələb olunur. Yeni dövr asfaltlarda yüksək kimyəvi dayanıqlı bitumlardan (polimerləşdirilmiş bitum (PMB) istifadə olunur, bu da amonyak və turşulara qarşı daha davamlıdır. Nəticə olaraq maarifləndirmə məsələsinə xüsusi diqqət yetirilməlidir, fermerlərə bildirilməlidir ki, bu, təkcə estetika deyil - yol örtüyünün iqtisadi dəyərinə zərər məsələsidir.
Bir çox Avropa ölkələrində “Mal-qaranın yolla sərbəst gəzintisi” üçün xüsusi qanunlar və lokal normalar mövcuddur. Məsələn, fermerlər və heyvan sahibləri heyvanların yolları təhlükəsiz keçməsinə görə məsuliyyət daşıyırlar. Bu subyektlər tərəfindən yol kənarlarına hər hansı bir növ hasar qoyulmalı, heyvanların yola çıxmasının qarşısı alınmalıdır. Bu tələb həm dövlət qanunlarında, həm də aşağı səviyyədə - bölgə/vergi/kommunal qaydalarında əks olunur. Fermaların yaxınlığında, keçid yerlərində hasarlar (barmaqlıqlar, istiqamətləndirici maneələr) və ya xüsusi keçid yolları çəkilir ki, heyvanların avtomobil yoluna çıxmasının qarşısı alınsın. Heyvan sahibi onun nəzarətini təşkil etməli, heyvanın sərhədlərini müəyyən etməli və onu nəzarətsiz buraxmamalıdır. Avropanın dağlıq və ya kənd yollarında “heyvan keçə bilər” tipli xəbərdarlıq nişanları çoxdur, xüsusilə səhər və axşam heyvanların keçdiyi dövrlərdə sürücüləri xəbərdar etmək məqsədi ilə görünüşlü nişanlar qoyulur.
Yerli inzibati orqanlar, fermer birlikləri tez-tez yolların kənarlarının təmizlənməsi, heyvanların yönləndirilməsi və keçid yerlərinin hazırlanması kimi tədbirləri həyata keçirirlər.
Bir çox hallarda belə incə məqamlar - “heyvanın yola çıxmaması üçün sahibin məsuliyyəti” kimi məsələlər - ciddiyə alınmır. Amma əslində bu, həm mədəni məsuliyyət, həm də hüquqi borcdur.
Avropada bu barədə xüsusi düşünülüb, çünki orada anlayırlar ki, yolda bir saniyəlik məsuliyyətsizlik - bir insanın, bəzən də bir ailənin həyatı bahasına başa gələ bilər. Ona görə də, heyvanın sərbəst çıxması, nəcisin və sidiyin yola düşməsi və s. halların qarşısı inzibati qaydalarla çox ciddi şəkildə alınır.
Avropa ölkələri bu məsələyə təkcə kənd təsərrüfatı və ya yol təhlükəsizliyi prizmasından deyil, həm də ictimai mədəniyyət və məsuliyyət baxımından yanaşırlar. Orada heyvanın yola çıxması artıq “təbii hadisə” deyil, yol təhlükəsizliyinin pozulması kimi qiymətləndirilir.
Almaniya və İsveçrə yol təhlükəsizliyi və kənd təsərrüfatı fəaliyyətinin əlaqələndirilməsi baxımından nümunə sayılır.
Məsələn, Almaniyada bu məsələ əsasən “Tierehalterhaftung” (heyvan sahibinin məsuliyyəti) anlayışı və Mülki Məcəllənin 833-cü maddəsi ilə tənzimlənir. Qanuna görə, heyvanın sahibi onun törədə biləcəyi bütün zərərlərə görə məsuliyyət daşıyır. Əgər inək, at və ya başqa bir heyvan yola çıxaraq nəqliyyat hadisəsinə səbəb olursa, bu, artıq “təsadüf” deyil - nəzarətsiz buraxılmaya görə hüquqi məsuliyyət sayılır. Fermer və ya heyvan sahibi heyvanın yola çıxmaması üçün hasar çəkməli, xəbərdarlıq nişanları qoymalı, bəzən də xüsusi müşayiətçi nəqliyyat vasitəsi təmin etməlidir.
(Davamı var)
