Sizin reklam burada
Sizin reklam burada
  • “YOL MƏDƏNİYYƏTİ – XALQIN İNKİŞAF SƏVİYYƏSİNİN GÜZGÜSÜDÜR”

    Eldar ƏSGƏROV (ŞƏKIBƏYOV),
    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

    2-Cİ HİSSƏ

    Dünya təcrübəsi sübut edir ki, yolun təhlükəsiz saxlanılmaması da insan həyatına təhlükə yaradan cinayət hərəkəti ola bilər.
    Azərbaycan qanunvericiliyi isə hələlik bu məsuliyyəti inzibati çərçivədə saxlayır, halbuki bu, artıq ictimai təhlükə səviyyəsini çoxdan keçib.
    Bu səbəbdən təklif etmək olar ki, Cinayət Məcəlləsində ayrıca bir norma - “Yol infrastrukturunun təhlükəsizliyinə məsul şəxsin səhlənkarlığı nəticəsində ölüm və ya xəsarət” və ya buna oxşar bir maddə formalaşdırılsın.
    Bu norma həm hüquqi ədalətin bərpasına, həm də yol mədəniyyətinin yüksəlməsinə real töhfə verər. Çünki hər bir düzgün saxlanılmayan yol, əslində, insan həyatına uzanan səhlənkarlıq zənciridir.
    Bu zənciri qırmağın yeganə yolu - məsuliyyəti yalnız sürücüdən yox, yoldan da, yəni yolu inşa edib istismara verən subyektdən də tələb etməkdir.
    Yol mədəniyyətinin əsas göstəricilərindən biri - yol nişanlarıdır. Onlar yalnız sürücülərə istiqamət göstərən və ya hərəkəti məhdudlaşdıran metal lövhələr deyil; əslində, bu nişanlar yol mədəniyyətinin, təhlükəsizliyin və intizamın dilidir, cəmiyyətin nizam-intizam səviyyəsinin, dövlətin qayda və təhlükəsizliyə verdiyi önəmin göstəricisidir.
    Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 61-ci maddəsində vurğulandığı kimi, yol nişanları yol hərəkətinin təşkilində və təhlükəsizliyin təmin edilməsində, yol hərəkətinin əsas nizamlayıcı vasitələrindən biridir. Yollarda hərəkətin düzgün və təhlükəsiz təşkili üçün bu nişanların rolu misilsizdir. Bu nişanlar yol hərəkətinin təhlükəsizliyini təmin edən əsas texniki vasitələrdən biri kimi sürücüyə və piyadaya istiqamət, xəbərdarlıq və qadağa haqqında məlumat verir, yollarda nizam-intizam yaradır, eyni zamanda o, həm yol hərəkətinin təşkili, həm də nizamlanması məqsədinə xidmət edir.
    Yol nişanları - mədəniyyətin səssiz çağırışıdır. Hər bir nişan cəmiyyətin intizam səviyyəsini göstərir. Əgər sürücü nişanı görür, anlayır və əməl edirsə, bu artıq hüquqi deyil, mədəni məsuliyyət göstəricisidir.
    Buna görə də yol nişanlarının təkcə quraşdırılması deyil, onların maarifləndirici dəyəri də önəmlidir: məktəblərdə, kənd icmalarında, hətta fermerlər arasında bu nişanların mənası barədə məlumatlılıq artırılmalıdır.
    Yol nişanları - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yollarda hərəkətin təhlükəsiz və nizamlı həyata keçirilməsi üçün məlumat verən, xəbərdarlıq edən, qadağan edən və ya göstəriş xarakterli xüsusi nişanlardır. Onlar həm yol hərəkətinin təşkili vasitəsi, həm də dövlət nəzarətinin mühüm aləti kimi çıxış edir.
    Onların məqsədi sürücüləri, piyadaları və yol hərəkətinin digər iştirakçılarını vaxtında xəbərdar etmək, hərəkət istiqamətini, sürət rejimini və davranış qaydalarını tənzimləmək, yol şəraitini, təhlükələri və məhdudiyyətləri aydın şəkildə göstərməkdir.
    Yol nişanları yol hərəkətinin intizamını və təhlükəsizliyini təmin edir, qəza risklərini əvvəlcədən azaldır, nəqliyyat axınının tənzimlənməsində mühüm rol oynayır və dövlətin nəqliyyat siyasətinin praktiki ifadəsi kimi çıxış edir.
    Yol nişanları insanla yol arasındakı “səssiz dialoqun” dilidir. Onlar hərəkət iştirakçısına xəbər verir, xəbərdarlıq edir, bəzən qadağan edir, bəzən də icazə verir. Məhz bu sistemli xəbərdarlıq və tənzimləmə sayəsində yollar idarə olunan, təhlükəsiz və nizamlı bir məkana çevrilir.
    Nişanların forması, rəngi və yerləşmə qaydaları təsadüfi deyil - onların hər biri beynəlxalq standartlara uyğun şəkildə hazırlanır və dövlət səviyyəsində təsdiq olunur. Azərbaycan yollarında tətbiq edilən bütün yol nişanları da bu prinsiplərə əsaslanır.
    Yol nişanlarının əsas vəzifəsi təkcə nəqliyyat axınını yönləndirmək deyil, həm də insan həyatını qorumaqdır. Sürücü və piyada bu nişanların dilini nə qədər yaxşı “anlasa”, yol bir o qədər təhlükəsiz olar. Buna görə də, yol nişanlarına əməl etmək yalnız inzibati məsuliyyətdən yayınmaq üçün deyil, həm də vətəndaş məsuliyyətinin təzahürüdür.
    Unutmaq olmaz ki, hər bir nişanın arxasında bir qayda, hər qaydanın arxasında isə bir həyat dayanır. Yol nişanlarına hörmət etmək - həm qanuna, həm də insana hörmət etmək deməkdir.
    Yol nişanlarının quraşdırılmasına məsul subyektlər həmin nişanların cari vəziyyətinə nəzarət etməlidirlər. Bu, onların üzərinə Qanunla qoyulan vəzifədir.
    “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin XI hissəsinə müvafiq olaraq yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
    “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 saylı fərmanına uyğun olaraq Qanunun 61-ci maddəsinin XI hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
    Fərmanın özündən də görünür ki, yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət etmək vəzifəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə düşür.
    Bəzən yollarda elə nişanlara rast gəlinir ki, onların hansı vəziyyətdə olmaları təəccüb və təəssüf doğurur. Mövcud yazıda əksini tapan yol nişanları isə montaj deyil, müəyyən vaxtlarda çəkilmiş və hazırda mövcud olan yol nişanlarının şəkilləridir.



    Yolu çəkmək şərt deyil, əsas şərt onu qoruyub saxlamaqdan ibarətdir.

    Asfalt örtüyü uzun xidmət müddətinə, yaxşı işləmə xüsusiyyətlərinə və çoxsaylı üstünlüklərinə görə ən sərfəli variantdır. Bununla belə, istənilən asfalt örtüyü vaxt keçdikcə köhnəlməyə məruz qalır. Asfalt örtüyünün xidmət müddətini bilmək vaxtında təmirin planlaşdırılması üçün vacibdir. Buna görə də, dayanıqlığa təsir edən əsas amilləri nəzərə almaq və asfalt örtüyünün nə vaxt təmir ediləcəyini və ya tamamilə dəyişdiriləcəyini müəyyən etmək vacibdir.
    Asfalt dünyanın bir çox ölkəsində istifadə olunan ən çox yayılmış yol örtüyü növlərindən biridir. Bununla belə, hər hansı digər səth növü kimi, asfaltın da müəyyən ömrü var. Onun xidmət müddəti asfaltın hazırlandığı materialların keyfiyyətindən, yol örtüyünün iş şəraitindən, bölgənin iqlim şəraitindən və bir çox amillərdən asılı ola bilər.
    Orta hesabla asfaltın xidmət müddəti 10 ildən 20 ilə qədərdir. Bununla belə, düzgün və müntəzəm qulluq ilə onun xidmət müddətini uzatmaq olar.
    Asfalt səthinin, çatların və çuxurların müntəzəm olaraq doldurulması və bərpası, asfaltın istismar müddəti onun ilkin olaraq necə düzgün döşəndiyindən, sonradan necə istifadə olunduğundan və nə qədər yaxşı saxlanılmasından asılıdır.
    Asfaltın tərkibi və növlərindən söhbət düşmüşkən, qeyd etmək lazımdır ki, asfalt - bitum, minerallar (qum, çınqıl, daş qırıntısı) və bəzən modifikatorlardan ibarət qarışıqdı. Əsas məqsəd - möhkəm, elastik və iqlimə davamlı örtük yaratmaqdır.
    Asfaltın ömrü onun necə istehsal olunmasından çox, necə döşənməsindən asılıdır, yəni məsələ təkcə texnologiyada deyil - diqqətdə, məsuliyyətdə, vicdandadır.
    Ən mühüm mərhələ - asfaltın döşənmə prosesidir. Mütəxəssislər bildirirlər ki, bu mərhələdə bircə səhv bütün çəkilən zəhməti puça çıxara bilər. Əsas amillər bunlardır:
    1. temperatur rejimi – isti asfalt 140–170°C aralığında döşənməlidir; temperatur az olsa, qatlar birləşmir, asfalt “bir-birinə yapışmır”.
    2. yol əsasının hazırlanması – alt qat lazımi qədər bərkidilməzsə, asfalt çox keçmədən oturur, büzülür və çatlayır.
    3. sıxılma dərəcəsi (kompaksiyalaşdırma) – döşəmə zamanı ideal sıxılma alınmasa, asfaltın içərisində boşluqlar qalır və bu boşluqlardan su və hava daxil olur, nəticədə yol tez sıradan çıxır.
    4. iqlim və rütubət – yağış, şaxta və yüksək rütubət qoyulma zamanı asfaltın “tutmasını” zəiflədir.
    5. material keyfiyyəti – bitumun və daşın markası düzgün seçilməlidir. Məsələn, Qafqaz iqlimində SBS-modifikasiyalı bitum daha uzunömürlü nəticə verir.
    Asfalt örtüyü qısa zamanda dağılırsa, səbəbləri də çox uzaqda axtarmağa ehtiyac yoxdur. Çox vaxt məsələ elə bu beş amilin birində gizlənir.
    Asfaltın “ömürünü qısaldan” əsas səbəblər bunlardır:
    1. iqlim amili – yayda +60°C, qışda –20°C fərqi asfaltı “yorur”;
    2. texnoloji intizamın pozulması – tələsik qoyulma, soyuq hava, az sıxılma, qeyri-bərabər qalınlıq - bunların hamısı yolun düşmənidir.
    3. aşağı keyfiyyətli materiallar – ucuz bitum, zəif daş, suya davamlılığı olmayan qum asfaltı tez “qocaldır”.
    4. yük norması pozuntusu – ağır yük maşınlarının çoxluğu, xüsusən dağlıq ərazilərdə, asfaltın daşıma qabiliyyətini azaldır.
    5. drenajın olmaması – su asfaltın altına keçdikdə buzlaşma və yumşalma prosesi başlayır, nəticədə “oyma”, “çatlama” və “çuxurlaşma” əmələ gəlir.
    Beləcə, bir asfaltın ömrü çox vaxt onun alt qatına qoyulan zəhmətlə, üst qatına qoyulan vicdanla ölçülür. Amma bəzən problem texnologiyada deyil, tender cədvəllərində başlayır.
    Əgər yola ayrılan milyonların izi kağızda qalır, amma asfaltda görünmürsə – deməli, oradakı qarışıq yalnız bitumla daş arasında deyil.
    Əgər büdcədən ayrılan milyonların izi sənədlərdə qalsa da, yolun üzərində görünmürsə, bu artıq texniki problemdən çıxıb institusional sual yaradır: büdcə xərclənməsinin effektivliyi necə təmin olunur və şəffaflıq haradadır?
    Əgər bir il keçməmiş yolda çuxurlar yaranırsa, bəlkə də əvvəlcə həmin yoldan vicdanın keçmədiyini yoxlamaq lazımdır. Asfaltın ömrü – onu çəkənlərin vicdan müddətidir.
    Asfalt təkcə “material” deyil - mühəndislik, texnologiya və intizamın sintezidir. İstənilən mərhələdə – tərkibdə, qoyulmada, vəsait bölgüsündə – məsuliyyətsizlik olarsa, nəticə eyni olur: çatlamış, dalğalanmış, su toplanan yollar.
    Azərbaycanda avtomobil yollarının istismar müddəti onların texniki dərəcəsi və tikinti keyfiyyətindən birbaşa asılıdır. Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki göstəricilərinə və mövcud tikinti norma və qaydalarına əsasən, magistral (I və II texniki dərəcəli) yollar təxminən 12–15 il, regionlararası və yerli əhəmiyyətli yollar 8–10 il, kənddaxili yollar isə orta hesabla 5–7 il ərzində öz funksionallığını qoruyur. Lakin bu rəqəmlər yalnız texnoloji intizam qorunduqda və iqlim şəraiti nəzərə alındıqda özünü doğruldur. Əks halda, asfaltın ömrü bir neçə il içində kəskin azalır. Təəssüf ki, bəzi hallarda layihə keyfiyyəti ilə real icra arasındakı fərq, həmçinin nəzarətsizlik bu normativ müddətləri kağız üzərində saxlayır.
    Beləliklə, aydın olur ki, asfaltın uzunömürlülüyü təkcə materialdan yox, həm də texnoloji intizamdan, nəzarətdən və istismar mədəniyyətindən asılıdır.

    (Davamı var)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ