hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
1-Cİ HİSSƏ
Nahaq yerə demirlər ki, hər bir xalqın mədəniyyəti onun yolundan başlayır. Bu sözlərdə böyük hikmət var. Yol həm iqtisadiyyat, həm də həyatdır, yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, eyni zamanda inkişafdır, hər bir dövlətin güzgüsüdür, insanların rahatlığı, həm də həyatın başlanğıcıdır.
Evdən yola çıxıb hər hansı bir istiqamətə gedərkən, məsələn, işə, məktəbə, başqa ölkəyə, ev sahibinə və ya qonağa “yolun açıq olsun” deyərək, onlara uğurlu yol arzulayırlar. Bunun üçünsə yol örtüyünün keyfiyyətli olması əsas şərtdir, çünki qəzaların bir hissəsi bir qayda olaraq keyfiyyətsiz yollarda baş verir.
Yol örtüyünün keyfiyyətsizliyi təkcə komfort məsələsi deyil – bu, həm də insan həyatına təhlükə yaradan amil, özəl mülkiyyətə (nəqliyyat vasitəsinə) zərər vuran səbəb və dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi problemini ortaya çıxarır.
Yol yalnız daş və asfalt deyil – o, həyatımıza, təhlükəsizliyimizə və dövlətin məsuliyyətinə ayna tutur. Bu reallıqlar bizi hüquqi normaların rolunu araşdırmağa aparır.
Yolun sosial-iqtisadi və təhlükəsizlik baxımından bu qədər əhəmiyyətli olması onun hüquqi əsaslarının da möhkəm olmasını tələb edir. Yolların layihələndirilməsi, tikintisi, saxlanılması və qorunması yalnız texniki məsələ deyil, həm də hüquqi münasibətlər sistemidir.
Nəticə etibarilə, yolun yalnız nəqliyyat marşrutu olması fikri yalnışdır – yol həm ictimai rifahın, həm də ictimai təhlükəsizlik və dövlət iqtisadiyyatının əsas göstəricisidir. Bu baxımdan yol münasibətlərinin hüquqi tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Yol örtüyünün keyfiyyətsizliyi insan həyatı üçün birbaşa təhlükə, şəxsi mülkiyyətə ziyan və dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi deməkdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasında avtomobil yollarının hüquqi-təşkilati əsaslarını müəyyən edən normativ aktların mövcudluğu və onların effektiv tətbiqi vacibdir.
İndi isə baxaq görək bu sahə qanunvericilik səviyyəsində Azərbaycanda necə tənzimlənir?
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun giriş hissəsində qeyd edilmişdir ki, bu qanun Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması, qorunması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Bu Qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün avtomobil yollarına şamil edilir.
Qanunun bu ümumi müddəası onun nələri tənzimlədiyini göstərir. Belə ki, qanun yalnız asfaltın və ya yolun özünün deyil, yol sisteminə aid bütün mərhələləri (yolun dizayn və planlaşdırılması, tikinti prosesi, yoldan gündəlik istifadə, nəqliyyatın hərəkəti, təmir, yolun normal vəziyyətdə saxlanılması, qış və yay mövsümünə hazırlıq, yolların zədələnməsinin, icazəsiz istifadə və yolun dağılmasının qarşısının alınması və yeni yolların salınması, köhnələrinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məsələlərini) vahid hüquqi çərçivədə birləşdirir.
Qanunun bu müddəası hüquqi baxımdan “ümumi normativ baza” xarakteri daşıyır və avtomobil yolları ilə bağlı bütün fəaliyyətlərin (layihələndirmədən istismara qədər) vahid hüquqi sistem çərçivəsində həyata keçirilməsini təmin edir. Burada əsas məqsəd yol təsərrüfatında mülkiyyət formasından asılı olmayaraq (dövlət, bələdiyyə və ya özəl) eyni hüquqi tələblərin tətbiqini təmin etməkdir.
Mətnin konstruksiyasına diqqət yetirdikdə görünür ki, Qanun “layihələndirmə - tikinti - istifadə - saxlanılma - qorunma - inkişaf” ardıcıllığını müəyyən etməklə yolun həyat dövrünü tam əhatə edir. Bu isə hüquqi sabitlik və idarəetmə sisteminin bütövlüyü baxımından mühüm yenilikdir.
Digər tərəfdən, Qanunun “bütün avtomobil yollarına şamil edilir” ifadəsi hüquqi universallığı təsdiqləyir - yəni tənzimləmə yalnız dövlət yollarını deyil, həm də bələdiyyə və özəl yolları əhatə edir. Onun məqsədi - yolların təhlükəsiz, səmərəli və davamlı idarə olunmasını, dövlət və vətəndaş maraqlarının qorunmasını təmin etməkdən ibarətdir. Bu yanaşma Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət formalarının bərabərliyi prinsipinə uyğun gəlir.
Beləliklə, Qanunun giriş hissəsi həm müxtəlif hüquqi rejimlər arasında inteqrasiya yaradır, həm də yol təsərrüfatında dövlət nəzarətinin və məsuliyyət bölgüsünün əsasını formalaşdırır. Bu, gələcək bölmələrdə (yolun saxlanılması, təhlükəsizlik, məsuliyyət, sığorta və s.) təhlil ediləcək bütün məsələlər üçün konseptual başlanğıc rolunu oynayır.
Qanun təkcə yolların özünə deyil, bütün yol təsərrüfatı sisteminə - yəni yol quruculuğu, idarəetmə, maliyyə və planlaşdırma sahəsində fəaliyyət göstərən qurumların iş qaydalarına da aiddir, yəni “hüquqi prinsiplər” – kim məsuliyyət daşıyır, hansı qanunlarla tənzimlənir; “texniki-iqtisadi prinsiplər” - yol tikintisinin texniki standartları, iqtisadi səmərəliliyi, keyfiyyət göstəriciləri; “təşkilati prinsiplər” - bu işlərə rəhbərlik edən və icra edən qurumların (məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və bələdiyyələr) struktur və səlahiyyət bölgüsü məsələləri nəzərdə tutulur.
Yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir dedikdə, söhbət yol təsərrüfatı ilə bağlı dövlət sifarişçisi ilə podratçı şirkət arasında, yol idarəsi ilə yerli icra orqanı arasında, yolun istismarı zamanı yol istifadəçiləri (vətəndaşlar, şirkətlər) ilə müvafiq orqanlar arasında yaranan münasibətləri tənzimləyir ki, kimin hansı məsuliyyəti, hüququ və vəzifəsi var, aydın olsun.
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 40-3-cü maddəsində qeyd edilir ki, yol örtüyü tələb olunan hesabi sürəti və hərəkətin təhlükəsizliyini təmin edən səthə malik olmalıdır. Növbəti hissə hərəkət hissəsinin səthində çökmələr, çalalar və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən digər zədələr olmamalıdır müddəasını özündə əks etdirir.
Düzdür, bu gün Azərbaycanda quruculuq sahəsində bir çox uğurlara imza atılıbdır və atılmaqdadır. Lakin, elə ərazilər vardır ki, Qanunun bu müddəasına qətiyyən əməl edilmir.
Məsələn, Azərbaycanımızın dilbər guşələrindən biri olan Gədəbəy rayonunda Qanunun bu müddəasına qətiyyən əməl olunmur. Şəmkir rayonundan Gədəbəy rayonuna gedərkən rayonun kəndarası yolları, Gədəbəyin Düz Yurd kəndindən Miskinliyə gedən yol, keçmiş Başkənddən Düzrəsulluya gedən yol heç bir standarta cavab vermir. Mövcud olan yola “yamaq”vurmaq isə məsələnin həlli deyil. Bu, şahidi olduğum yollardır ki, bu yazıda misal gətirirəm.
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi avtomobil yolları istifadəçilərinin yol təsərrüfatı orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində əmlakına və sağlamlığına dəymiş zərərin ödənilməsini tələb etmək və ya müvafiq məhkəmələrdə iddia qaldırmaq hüququnu təsbit edir.
Qanunun 48-ci maddəsi avtomobil yollarının idarə olunmasını həyata keçirən yol təsərrüfatı orqanları, habelə onların idarə, müəssisələri və vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşımalarını özündə ehtiva edir.
Yol konstruksiyalarının və qurğuların korlanmasına, zədələnməsinə və dağıdılmasına, eyni zamanda avtomobil yol istifadəçisinin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil yollarına dəymiş ziyana görə Qanunun 50-ci maddəsinə müvafiq olaraq avtomobil yolları istifadəçiləri yol verdikləri bu və digər hüquq pozuntularına görə məsuliyyət daşıyırlar.
Qanunun növbəti 52-ci maddəsi yol təsərrüfatı orqanlarının, habelə onların idarə və müəssisələrinin öz vəzifələrini yerinə yetirmədiklərindən və ya lazımınca yetirmədiklərindən yol şəraitinin qeyri-qənaətbəxş olduğuna görə avtomobil yol istifadəçilərinin həyatına və sağlamlığına dəyən zərər həmin orqanların, idarə və müəssisələrinin vəsaiti hesabına ödənilir müddəasını nəzərdə tutur.
Qanunun 38-ci maddəsinə müvafiq olaraq avtomobil yollarının qorunması avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən həyata keçirilir.
Şahidi olduğum bir faktı da bu kiçik həcmli məqalədə qeyd etməyi özümə borc bildim. Belə ki, Tovuz rayonunun Qovlar şəhərindən Gədəbəyin Novosaratovka kəndinə gedən istiqamətdə İsakənd kəndinin ərazisində onsuz da ensiz olan yolun bir hissəsini sel yuyub aparıb və yolun həmin hissəsi nəinki yararsız hala, mən deyərdim ki, təhlükəli vəziyyətə düşüb. Bu faktla bağlı bir neçə dəfə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin çağrı mərkəzinə və Tovuz rayonunun İcra hakimiyyətinə müraciət etmişəm. Ən azından “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən mənim hətta şifahi müraciətimə müsbət və ya mənfi cavab verilməli idi. Təəssüf ki, bu günə kimi sorğuma hər hansı bir cavab ala bilməmişəm.
Yol təhlükəsizliyinin qorunması yalnız hərəkət iştirakçılarının deyil, həm də yolun sahibi və istismarçısının birbaşa vəzifəsidir. Hər bir yolun üzərində dövlətin sərmayəsi, xalqın vergisi, insan əməyinin izi var. Buna görə də onun təhlükəsizliyi təkcə texniki məsələ deyil, hüquqi məsuliyyət kateqoriyası kimi dəyərləndirilməlidir.
Görünür ki, yolun bu hissəsində hansısa bədbəxt hadisə baş verməlidir ki, əlaqədar qurumlar əl-ayağa düşələr və hansısa subyekt məsuliyyətə cəlb oluna.
Azərbaycan qanunvericiliyində bu məsələ əsasən inzibati müstəvidə tənzimlənir. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda göstərilir ki, yolun sahibi və ya istismarçısı onun vəziyyətinə görə cavabdehdir. İnzibati Xətalar Məcəlləsində isə bu vəzifəni yerinə yetirməyənlərə qarşı cərimə sanksiyaları nəzərdə tutulur.
Lakin yolun keyfiyyətsiz saxlanılması nəticəsində ölüm və ya xəsarət hadisəsi baş verərsə, Cinayət Məcəlləsində bu barədə ayrıca norma mövcud deyil. Bu cür hallar çox vaxt “vəzifə səhlənkarlığı” maddəsi ilə (CM-nin 314-cü maddəsi) qiymətləndirilir, lakin bu, konkret hüquqi tənzimləmə deyil, yalnız dolayı yanaşmadır.
Halbuki, beynəlxalq təcrübə göstərir ki, yolun texniki səhlənkarlığı insan həyatına təhlükə yaradırsa, bu, birbaşa cinayət məsuliyyəti doğurmalıdır.
Almaniyada Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən, yolun təhlükəli vəziyyətdə saxlanılması nəticəsində ölüm hadisəsi baş verərsə, bu “səhlənkarlıqdan doğan ölüm” kimi qiymətləndirilir. Yol idarəsi və ya podratçı şirkət təhlükəni vaxtında aradan qaldırmayıbsa, şəxsi məsuliyyət daşıyır.
Fransada 221-6-cı maddə “homicide involontaire par négligence” anlayışını təsbit edir - yəni səhlənkarlıqdan doğan ölüm. Dövlət və ya bələdiyyə qurumunun əməkdaşı öz xidməti borcunu yerinə yetirmədiyi üçün insan itkisinə səbəb olarsa, bu, cinayət sayılır.
Böyük Britaniyada 2007-ci ildə qəbul edilmiş “Corporate Manslaughter and Corporate Homicide Act” qanunu bu məsələni daha da konkretləşdirib: infrastrukturun təhlükəsizliyini təmin etməyən təşkilat və şirkətlər ölüm hadisəsi baş verdikdə “korporativ qətl” ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunur.
ABŞ-da isə “gross negligence” (ağır səhlənkarlıq) anlayışı mövcuddur. Əgər yol idarəsi və ya podratçı ölümə səbəb olan nasazlığı vaxtında aradan qaldırmayıbsa, bu, “criminal negligence manslaughter” cinayətkar səhlənkarlıqla adam öldürmə kimi araşdırılır və cinayət sayılır.
(Davamı var)
