Eldar Əsgərov (Şəkibəyov),hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
5-Cİ HİSSƏ
Məsələn, 1961-ci ildə əhalisi 73,6 milyon olan Almaniyada cəmi 340 nəfər alternativ xidməti yerinə yetirmək hüququ əldə etmişdir. Vahid İdarələrarası İnformasiya və Statistika Sisteminin 2023-cü ilin ikinci yarısı üçün məlumatına əsasən, əhalisi 146,4 milyon olan Rusiyada 1140 vətəndaş alternativ dövlət qulluğunda olmuşlar, 2022-ci ildə isə əhalisi 2,539 milyon olan Moldovada isə bu xidmətə 624 nəfər cəlb edilmişdir.
Statistik rəqəmlər onu deməyə əsas verir ki, ilk baxışdan alternativ xidmət cəlbedici görünsə də onun tətbiq edilmə prosesində bu sahəyə axın, meyl o qədər də çox olmayacaqdır, çünki alternativ xidmətin xarakteri belə demək mümkündürsə, hərbi xidmətin çətinliklərinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan gənclərinin 44 günlük müharibədə Silahlı Qüvvələrə bağlılığı, Vətənə sevgisi özünü bir daha göstərdi.
Alternativ xidmətin o qədər də cəlbedici olmaması üçün bu institutun mahiyyəti lazımi səviyyədə əhalinin nəzərinə çatdırılsa, tam məsuliyyətlə deyə bilərik ki, gənclərimizdə bu sahəyə meyl o qədər də çox olmayacaqdır.
“Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında” Əsasnamənin preambulasında qeyd edilmişdir ki, bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydasını müəyyən edir.
Bu sənəd alternativ xidmətin mahiyyətinə aydınlıq gətirir, məqsədinin nədən ibarət olunmasını açıqlayır. Belə ki, Əsasnaməyə əsasən alternativ xidmət (əmək mükəlləfiyyəti) dövlət xidməti olub Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dövləti qarşısında vəzifələrini icra etməsi məqsədini güdür.
Əsasnamənin ikinci bölməsi prosedur qaydalarını müəyyən etdiyindən məsələnin texniki tərəfinə o qədər də diqqət ayırmamaq qənaətindəyik.
Müəyyən xoş məramı olmasına baxmayaraq bu Əsasnamə həyata vəsiqə qazana bilməmişdir. Qəbul edildiyi tarixdən tətbiq olunmayan bu normativ hüquqi akta Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 615 nömrəli, 2018-ci il 6 mart tarixli 1862 nömrəli, 2020-ci il 14 avqust tarixli 1134 nömrəli, 2021-ci il 12 iyun tarixli 1352 nömrəli və 16 avqust tarixli 1428 nömrəli Fərmanları ilə əlavələr və dəyişikliklər edilmişdir.
Bundan əlavə, bir sıra qanunlarımız mövcuddur ki, alternativ xidmətlə bağlı müddəalar bu qanunlarda öz əksini tapmışdır.
Məsələn, Əmək Məcəlləsinin “Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları” adlanan 74-cü maddəsində qeyd edilmişdir ki, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.1.14.16-cı maddəsinə əsasən işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd edilir ki, dövlət əmək dəstələrində, humanitar istiqamətli və kommunal bölmələrdə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçən şəxslərə hərbi qulluqçu statusu şamil edilmir.
Dövlət əmək dəstələrində, humanitar istiqamətli və kommunal bölmələrdə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçən şəxslərə hərbi qulluqçu statusu şamil edilmir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu vətəndaşların alternativ xidmətə göndərilməsi qaydasını tənzimləmir, lakin Qanunun 3.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Alternativ xidmətin təcrübədə tətbiq edilmədiyi halda Qanunun 23.0.4-cü maddəsi alternativ xidmət keçməyə göndərilmiş çağırışçıların dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmələrini nəzərdə tutur.
Götürək elə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməni. Bu sənədin 169-cu maddəsinə əsasən hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılanlardan başqa) ehtiyata keçirilirlər.
Maraqlıdır, vətəndaş alternativ xidmət keçmirsə, o, nə cür ehtiyata keçirilə bilər?
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü və 21.2.3-cü maddələri də alternativ xidmətlə bağlı müddəaları nəzərdə tutur.
Qanunların da təhlilindən belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında vətəndaşın həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz edilməsi hüququnun olmamasına baxmayaraq, alternativ xidmətlə bağlı müddəalar bu qanunlarda təsadüfi xarakter daşımır.
1995-ci il 12 noyabr tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası ilə bağlı 2002-ci il 24 avqust, 2009-cu il il 18 mart, 2016-cı il 26 sentyabr tarixlərdə ümumxalq səsverməsi (referendum) keçirilərkən Konstitusiyanın alternativ xidmətlə bağlı qüvvədə olan müddəasına toxunulmamışdır.
Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, gec-tez alternativ xidmət institutu ölkəmizdə də tətbiq olunacaq. Bu Qanunu qəbul etməklə Azərbaycan beynəlxalq qurumlar qarşısında da belə demək mümkündürsə öz layiqli missiyasını yerinə yetirmiş olacaq.
Gələcəkdə bu institutun fəaliyyətini necə görürük, necə təsəvvür edirik?
Bu günkü reallığı, ölkəmizin və Silahlı Qüvvələrimizin hazırki durumunu nəzərə alaraq ilk növbədə beynəlxalq təcrübə, qonşu ölkələrin qanunvericiliyi nəzərə alınmaqla “Alternativ xidmət haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi günün tələbi olmalıdır.
Ölkədə ajiotaj yaranmasın deyə ilk növbədə cəmiyyət buna hazır olmalıdır. Qanun qəbul edilməsindən öncə cəmiyyətin bu məsələyə münasibətini müəyyənləşdirmək lazımdır, alternativ xidmətlə bağlı əhali arasında sorğu keçirilməli, maarifləndirmə işləri aparılmalıdır. Bu institutun əhəmiyyətini nəzərə alaraq qanun layihəsi hazırlanaraq onun ictimai dinləməsi keçirilməlidir. Bu işdə medianın və vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhər rayonlarında çağırış komissiyaları yaradılır. Komissiyanın sədri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri həyata keçirirlər. Komissiya sədrinin müavini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının nümayəndələridir, üzvləri isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və hərbi həkim komissiyasının sədri daxildir. Bu komissiyanın işində həkim mütəxəssislər - cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq iştirak edirlər.
Göründüyü kimi, Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qərar qəbul edən komissiya yalnız məmurlardan ibarətdir. Üstəlik, onun ən azı yarısı mərkəzi icra hakimiyyəti orqanlarına, hüquq-mühafizə orqanlarına aid olan məmurlardan ibarətdir. Fikrimizcə, bu, Avropa İnsan Hüquqları Məhkəməsinin hazırladığı meyarlara cavab vermir, bu, alternativ xidmət keçmək istəyən şəxsin fikirlərinin həqiqiliyini obyektiv şəkildə dərk edə biləcək komissiya deyil.
Qanunun özündən də görünür ki, komissiyanın tərkibində bir nəfər də olsun xüsusi biliyə malik olan mütəxəssislər, psixoloqlar, hüquqşünaslar, humanitar təhsilli şəxslər daxil edilməmişdir.
Bundan əlavə, Qanunun “Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri” adlanan 14-cü maddəsində alternativ xidmətə çağırışla bağlı hər hansı müddəa mövcud deyil.
Bəs bu xidmətin konturlarını necə görmək istərdik?
Sovetlər dönəmində kifayət qədər hərbi tikinti hissələri mövcud idi. Bu hərbi hissələrin mövcudluğu SSRİ-nin hərbi qüdrətinə, onun imicinə, potensialına zərrə qədər ziyan vurmurdu, əksinə, hərbi infrastrukturun (Rusiyada hərbi obyektlərin tikintisini bu hərbi hissələr həyata keçirirdi), uzunmüddətli müdafiə strukturlarının və rabitə vasitələrinin tikintisi, habelə təşkili, o cümlədən ölkədə xalq təsərrüfatının bir çox sahələrinə böyük dəstək olurdular (məs., Qazaxstanın Cambul şəhərində Yeni Cambul fosfor zavodunun tikintisini misal göstərmək olar).
Ötən əsrin 80-ci illərində SSRİ-də bu təsisatda 300 mindən 400 minədək insan hərbi xidmət keçirdi. Bu rəqəm Hava-Dəniz Qüvvələrində (60.000), Dəniz Piyadaları Korpusunda (15.000) və Sərhəd Qoşunlarında (220.000) birləşmiş hərbi personalın sayını üstələyirdi.
Bu hərbi hissələr SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə almanlardan azad edilmiş ərazilərdə obyektlərin təmiri və tikintisi ilə məşğul olan Hərbi Yenidənqurma İdarəsi yaradıldığı 1942-ci il fevralın 13-nə təsadüf edir.
Bəs nə etməli?
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsi istisna olmaqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsi ölkə ərazisində həqiqi hərbi xidmətə çağırışı təmin etməkdən ibarətdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elə resursu yoxdur ki, alternativ xidmət keçmək istəyən vətəndaşla bağlı şahid ifadələrini dinləsin, müəyyən ekspertizalar keçirsin və s. və i.a.. Belə bir funksiyanı yalnız məhkəmə orqanları həyata keçirə bilərlər. Məs., alternativ xidmətlə bağlı məsələyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində xüsusi icraat qaydasında baxmaq məqsədəmüvafiq olardı.
Məcəllənin özündən də görünür ki, hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
Qeyd etmək lazımdır ki, 1919-cu ildən 1936-cı ilə qədər SSRİ-də dini səbəblərə görə hərbi xidmətdən azad edilmə işlərinə baxılması üçün məhkəmə proseduru mövcud idi.
Bu gün Qarabağımızın bərpa edilməsinə kifayət qədər vəsait və fəhlə qüvvəsi tələb olunur. Alternativ xidmət institutunu tətbiq etməklə alternativ xidmət keçmək istəyənlər işğaldan azad edilmiş ərazilərimizdə tikinti və bərpa işlərinə və başqa işlərə cəlb oluna bilərlər. Belə olarsa, büdcəyə də xeyli qənaət edilmiş olar, vətəndaşların Konstitusion hüquqları da təmin olunar.
Güman edirik ki, Parlamentin hazırki tərkibi bu məsələyə münasibət bildirəcəkdir.
