Əlizeynal müəllim 1956-cı ildə qədim və ziyalılar şəhəri olan Gəncədə dünyaya göz açmışdı. Orta təhsilini şəhərin 6 nömrəli məktəbində almış, gənc yaşlarından elmə və hüquqa böyük maraq göstərmişdi. Bu maraq onu Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə gətirmiş və o, bu ali məktəbi müvəffəqiyyətlə bitirərək hüquqşünas kimi fəaliyyətə başlamışdı.
Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlayan Əlizeynal müəllim müxtəlif məsul vəzifələrdə çalışaraq böyük təcrübə qazanmışdı. Qanunlara dərindən bələdliyi, prinsipial mövqeyi və ədalət hissi onun peşəkar fəaliyyətinin əsas xüsusiyyətlərindən idi. O, uzun illər dövlətə və qanunun aliliyinə sədaqətlə xidmət etmiş, polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdı.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması onun hüquq sahəsində qazandığı nüfuzun və etimadın bariz nümunəsi idi. Hakim kimi fəaliyyət göstərdiyi illərdə o, həmişə ədalətin keşiyində durmuş, qanunun aliliyinə sadiq qalmış, öz prinsipiallığı və obyektivliyi ilə həmkarlarının və cəmiyyətin hörmətini qazanmışdı.
Mənim üçün isə Əlizeynal müəllim yalnız tanınmış hüquqşünas deyildi. O, həm də tələbə yoldaşım Bəxtiyarın böyük qardaşı idi. Biz Gəncə Texnologiya Universitetində oxuduğumuz illərdə onunla tez-tez görüşər, söhbət edərdik. O görüşlərdən yaddaşımda qalan ən gözəl cəhətlərindən biri onun səmimiyyəti və insanlara olan mehriban münasibəti idi.
Əlizeynal müəllim əsl gəncəli ziyalı idi. Danışığındakı o doğma Gəncə ləhcəsi, yumor hissi və səmimi davranışı insanı dərhal özünə yaxınlaşdırırdı. Onunla söhbət edən hər kəs Əlizeynal müəllimin sadəliyini, mədəniyyətini və daxili alicənablığını hiss edirdi. O, həm peşəsində, həm də insanlıqda nümunə sayılacaq bir ömür yaşamışdı.
Belə insanlar həyatdan köçsə də, xatirələrdən silinmir. Onların adı, əməli və insanlara bəxş etdiyi yaxşılıq yaddaşlarda yaşayır.
Mart ayının 15-i onun anım günüdür. Bu gün onu hörmət və ehtiramla yad edir, əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anırıq.
Allah rəhmət eləsin, ruhu şad olsun.
Övladlarına, qardaşlarına və bütün doğmalarına səbr və dözüm diləyirəm. Onun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Rauf İlyasoğlu
