Sizin reklam burada
Sizin reklam burada
  • Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq Zərifə xanımı əfsanələşdirmişdir

    Zərifə xanım məşhur həkim-oftalmoloq, tibb elmləri doktoru, akademik, Azərbaycanın əməkdar elm xadimi, parlaq alim və eyni zamanda həssas, qayğıkeş pedaqoq, müdrik təşkilatçı idi. Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq Zərifə xanımı əfsanələşdirmişdir. Alim kimi o, fundamental əsərlər qoyub getmişdir. Onun irsi, elmi nailiyyətləri, pedaqoji təcrübəsi daim tədqiqat obyekti olmuşdur.

    Görünür, Zərifə Əliyeva şəxsiyyətinin gücü məhz onun insanların qayğı və iztirablarına, niyyət və arzularına fədakarcasına xidmətində idi. Zərifə xanım yüksək əyarlı əxlaqa malik bir insan idi. O, xəstələri yalnız işdə və klinikada deyil, hər yerdə, zərurət halında hər şəraitdə qəbul edirdi; onlara məsləhətlər verir, əgər şərait tələb edirdisə, təcili surətdə işə qarışırdı; əməliyyat edir, heç kimi köməksiz qoymur, heç kimi ümidsiz qaytarmırdı. Zərifə xanım kənd əhalisi arasında tibbi biliklərin təbliğini də fəal surətdə müdafiə edirdi. «Ailə həkimləri»nin rolunu yüksək qiymətləndirir, ailə həkimliyi institutunun yaradılmasını təkidlə tövsiyə edirdi.

    Onun 1983-cü ildə nəşr olunmuş «Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri» adlı kitabı yalnız tibb işçilərinin stolüstü kitabı olmadı, onu həm də insan münasibətlərinin, cəmiyyət əxlaqının nizamnaməsi saymaq olar. Zərifə Əliyeva həkimin həyat mövqeyini müəyyənləşdirərkən onun xəstəyə münasibətini əsas götürürdü. O, hesab edirdi ki, həqiqi həkimin xəstənin əzabına laqeyd qalmağa, pasiyentin dərdinə şərik olmamağa haqqı yoxdur. Zərifə Əliyevanın Özbəkistanın «Tibb» nəşriyyatı tərəfindən buraxılan «Şəkərli diabetdə göz xəstəlikləri» kitabı Orta Asiya və Zaqafqaziyada geniş yayılmış bu xəstəliklə mübarizədə böyük rol oynadı. Bu əsər oftalmoloqların stolüstü kitabıdır.

    Zərifə xanım hər zaman ön sırada idi. Hələ gənc ikən — elmi-tədqiqat mövzusunu müəyyənləşdirərkən respublika səhiyyəsi üçün böyük əhəmiyyət kəsb edən sahəni seçmişdi. Namizədlik dissertasiyasının mövzusu ictimai nöqteyi-nəzərdən oftalmologiyanın aktual probleminə — traxoma ilə mübarizəyə aid idi. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, dünyada 400 milyon insan bu xəstəlikdən əzab çəkir, 80 milyon nəfər isə bu xəstəlikdən kor olub. Görmə qabiliyyətinin itirilməsinin çox geniş yayılmış səbəblərindən biri olan traxoma həqiqətən həmin illərdə Azərbaycanda ictimai bəlaya çevrilmişdi. Zərifə xanım dissertasiya üzərində işləyə-işləyə yüzlərlə, minlərlə xəstənin sağlamlığını özünə qaytardı. Uşaq evlərindəki çoxlu yetim uşağı müalicə etdi. Bundan əlavə, Zərifə xanım qlaukoma və zəif görmənin qarşısını almaq məqsədi ilə tədbirlər keçirmək üçün dəfələrlə respublikanın regionlarına getmişdi. Qlaukomaya meyilli xəstələri aşkar etmək üçün o, uzun illər Əli Bayramlı (indiki Şirvan) şəhərinin sənaye müəssisələrində ciddi diaqnostik iş aparmışdı. Bu xəstəliyə meyilli olanları Zərifə xanım tez dispanser uçotuna götürüb stasionar müayinə və müalicəyə cəlb edirdi. Bundan başqa, o bu şəhərin məktəblərində yaxını görən uşaqları müəyyənləşdirmək üçün böyük iş apardı.

    Zərifə xanım sevdiyi təbabətə inamla və ədalətlə xidmət edirdi. Bu xidmət çətin, lakin fərəhli idi. Seçdiyi elm sahəsindəki nailiyyətləri Zərifə xanımı ruhlandırırdı, kiçik uğursuzluqlar isə onu mütəəssir etmirdi, təslim olmur, problemi daha da inadla öyrənirdi. Öz təbiətinin misilsiz xüsusiyyətləri sayəsində o, böyük tədqiqat potensialına yiyələnmişdi və buna görə də nəzəri problemlər üzərində işləməyə həvəslə başlayır, bununla belə, nəzəri nəticələri təcrübəyə tətbiq etməyə, tibbi biliklərin praktikada işlədilməsinə çoxlu vaxt və əmək sərf edirdi. Onda yüksək peşəkarlıq və biliklərin vüsəti rəftar, insanpərvərlik və xeyirxahlıq mədəniyyəti ilə üzvi şəkildə birləşmişdi. Bütün bu keyfiyyətlər Zərifə Əliyevanı peşələrin ən humanisti olan həkimlik peşəsinə fədakarcasına xidmətin simvolu kimi qəbul etməyə əsas verir. Bütün çətinliklərə baxmayaraq, həkimlik onun üçün sadəcə iş deyil, həm də fasiləsiz ilham mənbəyi idi. O, təkcə öz varlığıyla belə həmkarları və pasiyentləri arasında xüsusi inam və xeyirxahlıq atmosferi yaradırdı.

    Bununla belə, heç vaxt seçilməyə çalışmırdı, özünü camaata göstərmək üçün işləmirdi. Ordinatordan başlayaraq tanınmış həkimə, alim-akademikə qədər uzanan bu çox çətin və şərəfli yolda ciddiyyətini, səmimiyyətini və təvazökarlığını qoruyub saxladı.

    Zərifə Əliyeva müasir dünyada həkim etikasının məsələləri və prinsipləri mövzulu «Yüksək əqidə» adlı əsərində məxsusi olaraq özünün insan kredosu ilə bütövlük təşkil edən sənətinin əsl mahiyyətini belə açır: «Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda o soruşur: Ağ xalat geyməyə haqqın varmı? Sənin əllərin xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir. Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, pasiyentin ağrısı elə həkimin şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır».
    Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq Zərifə xanımı əfsanələşdirmişdir
    Hüseynbala Mirələmov
    (Azərbaycan qəzeti- 2012-ci il)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ