Sizin reklam burada
Sizin reklam burada
  • Dağlarla ülfət bağlayan igid

    Kəlbəcərlilər Ağdabanda özünü qurban verərək düşmən tankını partladan Azərbaycan bayrağı ordenli, əfsanəvi kəşfiyyatçı şəhid Ülfət Kərimovu 32 ildir Milli Qəhrəman kimi tanıyıb, çünki o, buna layiq qəhrəmanlıq göstərib...

    Atalar deyib: “İgidin adın eşit, üzünü görməyə ehtiyac yoxdur”. Əslində, burada bir müdriklik var: adını igid kimi eşitdiyin qəhrəmanı xalq tanısın. Hər kəs igid olmaq istəyər, əlbəttə. Uşaqlıq illərində qəhrəman olmaq istəyən oğullar azmı olur? Bəlkə də hər oğlan uşağının qəlbindən keçən ən ümdə arzudur bu. Onun da qəlbindən nələr keçdiyini bir özü bildir, bir də Yaradanı! Bəlkə də general olmaq arzusunda idi Ülfətimiz. Kəlbəcərlilərin hər birinin oğul bala, qardaş, əmi, dayı kimi tanıdığı Ülfət Kərimovu deyirəm.

    Onun igidlik, qəhrəmanlıq dastanıyazılmalı, oxunmalı və gənc nəslə tanıdılmalı. İllər öncə Məhəmməd Nərimanoğlunun kəlbəcərli şəhidlərin nakam, lakin şərəfli ömür və döyüş yollarına həsr etdiyi “Dağların sinə dağı”, “Yurd göynərtisi, “Qanlı köynəklər”, “Ağdabanım-bağrı qanım” və s. kitablarından onun qəhrəmanlıqları haqqında yazılan ağı-oçerki oxumuşdum. O vaxtlar orta məktəb şagirdi idim. Hələ yurd, torpaq, Vətən uğrunda canından keçənləri bu qədər tanımırdıq, lakin Kəlbəcərdə hər kəs Ülfət Kərimovun qorxmazlığından, cəsurlu döyüşçü olmasından, bir sözlə, qəhrəmanlıqlarından danışmaqdan yorulmazdılar.

    Zaman vaxt uçub-getdi, yox, sürünüb aşdı Murovdağın Gəncə səmtinə. İgidliklər göstərən oğullarımızın haqqı da sanki unuduldu, yaddan çıxdı. Hər kəs öz dərdləri ilə baş-başa qaldı.
    Yox, kəlbəcərlilər Ülfət Kərimovun adını dilində əzbər elədilər. Ağdərə-Kəlbəcər magistral yolunun açılmasında göstərdiyi igidliklər, Narıışdar, Qozlu Körpü, Drambon, Umudlu, Çərəktar istiqamətlərində erməni saqqallı silahlı quldur dəstələrinin qəfil hücumlarının qarşısını alanda da Ülfətimizin adı birinci çəkilirdi.

    ...İgidləri ilə hər zaman tarixdə səs salmış doğma Kəlbəcər istər birinci, istərsə də II Qarabağ – Vətən müharibəsində yüzlərlə övladını Azərbaycanın bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda savaşa yolladı ki, onlar da qəhrəmanlıqlar göstərdlər. Həmin igidlərimizdən biri də Ülfət Kərimov oldu. Kəlbəcərin I Qarabağ savaşındakı bu qəhrəman övladı haqqında dillərdə indi də əfsanələrə, rəvayətlərə bənzər həqiqətlər gəzib-dolaşmaqdadır...

    Ülfət Ələkbər oğlu Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər rayonunda anadan olmuşdur. O, vaxtilə Ağdərə uğrunda döyüşlərə qoşulan ilk igidlərimizdəndir. Ülfət Kərimov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1991-ci ildə, vətənin o ağır günlərində keçmiş Sovet Ordusunda - Taqanroq şəhərində hərbixidmətini başa vurduqdan sonra Azərbaycana qayıdan Ülfət Kərimov indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olur. Amma Vətənin dar günündə ürəyi vətən eşqi ilə döyünən Ülfət Kərimov ali təhsilini yarımçıq qoyaraq, könüllü şəkildə döyüşçülərin sırasına qatılıb. Müqəd¬dəs Vətən torpaqlarını erməni qəsbkarlarından qorumaq üçün könüllü olaraq döyüşən batalyona yazılıb. Azğın düşmənlə savaşa atılan, Ağdərə, Laçın, Kəlbəcər döyüşlərində igidlik və rəşadət nümunələri göstərən, qısa müddətdə dəfələrlə təşəkkür və mükafatlar alan Ülfətə tezliklə leytenant hərbi rütbəsi verildi, bölük komandiri vəzifəsinə irəli çəkildi.

    Ülfət yüksək əsgəri keyfiyyətləri, bənzərsiz təşkilat¬çılıq qabiliyyəti, hərbi hünəri ilə hamını heyran qoyurdu. Erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə Ülfət Kərimov cəsurluğu, qorxmazlığı ilə seçilir. O, 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd “PK” pulemyotunu, üç ədəd “RPQ-7”ni və xeyli atıcı silah, hərbi sursatı qənimət kimi ələ keçirib, 22 qulduru icə məhv edib. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağı uğrunda döyüşlərdə 11 əsgərlə hücuma keçən Ülfət Kərimov 3 ədəd tank, 2 ədəd “PDM-2”, 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) qənimət kimi ələ keçirib. Eyni zamanda düşmən qüvvələrin 2 ədəd tankını, 70-dən artıq canlı qüvvəsini məhv edib.

    Erməni daşnakları 1992-ci il sentyabrın 5-də Ağdərə rayonunun Vəng istiqamətində Qozlu kəndinə hücum edən zaman Ülfət başsız qalmış tağımın komandiri olaraq özünü qorxmaz və bacarıqlı komandir kimi göstərir. Bu döyüşdə Ülfət yenə də şəxsi şücaətliklər göstərir, ikinci həmlədə isə əlbəyaxa döyüşə girir, düşmənin11 əsgərini və bir tabor komandirini əsir götürərək, 15 erməni quldurunu məhv edir.

    ...1992-ci ilin sentyabrı: Ağdərənin Vəng kəndindən hücuma keçən düşmən güclü texnika ilə Qozluya doğru irəliləyirdi. Döyüşlər getdikcə şiddətlənir, qan su yerinə axırdı. Ülfət qorxu bilmədən hədəf seçdiyi düşmən hərbçilərini bircə-bircə biçir, sanki “gizlən-qaç” oynayır, bir göz qırpımında yerini dəyişərək düşmənin başına od ələyib, yenidən “qeybə” çəkilirdi.

    Elə həmin günlərdə bir neçə düşmən texnikası yolda tozu dumana qataraq hücuma keçmişdi. Məsafə əlverişli deyildi. Ülfət əlində hazır tutduğu qumbaralardan birini lap yaxına buraxdığı tankın tırtılları altına tulladı. Dərələri vahiməyə salan tank ilan vurmuş kimi yerində fırlandı. İkinci tank sol cinahdan Ülfətə tərəf irəliləyirdi. Ülfət bir andaca yerini dəyişib, tankı bir az da yaxına buraxdı. Beş-altı metrdən tankasarı atdığı qumbara öz işini gördü: arxadan gələn texnika fırlanaraq, üz tutdu geriyə. Ülfətin bu qorxmazlığı və çevikliyi tabor komandirinin gözündən yayınmadı. Ülfət elə döyüş meydanında komandirin xüsusi təşəkkürünə layiq görüldü.
    Xidmət göstərdiyi tabor həmin il oktyabrın 11-də Laçın rayonundakı Hoçaz dağına gedəndə Ülfət artıq bölük komandiri idi. Əməliyyatın ilkin mərhələsini öz üzərinə götürərək o, on bir döyüşçü yoldaşı ilə “tülkü yuvası”na doğru irəlilədi.

    Əlverişli imkandan istifadə edən komandir düşmən postlarındakı hərbçiləri səhərin alatoranında elə aradan götürdü ki, “ruhları da incimədi”. Hələ bundan xəbərsiz düşmən qüvvələri onlara tərəf irəliləyəndə əks-həmləyə tab gətirməyib, iki tankı da qoyub qaçmağa məcbur oldu.
    Döyüş uğurları Ülfəti ancaq irəliyə doğru aparırdı. Ermənilərin ikinci hücumu da pis nəticə verir. Təkbaşına on beş qulduru məhv edən Ülfət iki “dil” də qənimət götürdü. Bunlardan biri kapitan rütbəli komandir, o birisi isə sıravi idi.
    1992-ci il dekabrın 3-də Laçın yolunu bağlamış düş¬mən qüvvələrini dağıtmaq üçün başlamış döyüşlərdə Ülfət üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirdi. Heç özü də bilmədi ki, igidliyi barədə sonralar çox danışı¬lacaq. Məhz Ülfət kimi oğulların silaha sarılmasının hesabına idi ki, Kəlbəcər düşmən qüvvələrinin azğınlaş¬mış hərəkətlərini dəf edir, işğalçılara qarşı barışmaz mövqe tuturdu. 1992-ci ilin qanlı vuruşları zamanı Kəl¬bə¬cər özünümüdafiə qüvvələri əlli şəhid versə də, rayonun bir neçə yaşayış məntəqəsi düşmən caynağından xilas edə bilmişdilər.
    Ülfətin cəsur bir döyüşçü kimi yaddaşlara həkk olan xatirələri dostlarının, komandirlərinin dilindən düşmür.
    “ Sən demə, onun özü yox, qəhrəmanlığı yoldaşımız olacaqmış”, - deyən “N” saylı hərbi hissənin zabiti, Ülfətin dö¬yüş yoldaşı Çingiz Əliyev hər dəfə onu sanki yenidən kəşf edir:
    – Adam var ki, uzun müddət onunla dostluq edirsən, amma ülfət bağlaya bilmirsən. Ülfət isə adama tez isinişən, doğmalaşan igidlərimizdən idi. Onun təkcə qəhrəmanlığı yox, eyni zamanda, bütün insani keyfiyyətləri də xalqımıza çatdı¬rıl¬malıdır. Biz onu sağlığında qəhrəman bir oğul kimi tanı¬yırdıq. Dəfələrlə təkbaşına döyüşə atılsa da, qorxmazlığı onu təhlükədən sovuşdurmuşdu.
    Bircə sözü vardı: “Əgər düşmən məni vursa, onda Kəlbəcərdən əlinizi üzün! Nə qədər ki mən sağam, ermənilər Kəlbəcər üzü görməyəcək, buna əmin olun!”
    ...1993-cü il martın ortaları idi. Dağlarda hələ soyuq qış cövlan edirdi. Novruz bayramı yaxınlaşsa da, hələ bahar¬dan əsər-əlamət yox idi. Təbiət kimi, insanların da baharı, yazı gecikir, ürəklərini qış boranı, tufanı bürüyürdü. Kəlbəcər hər tərəfdən mühasirəyə alınırdı. Oğullar soyuq səngərlərdə, anaların əlləri göylərə uzanılı qalmışdı. Vəziy¬yət yaman ağırlaşmışdı. Ağdərə tərəfdən hücuma keçən düşmən qüvvələri müqavimətə rast gəlmədən irəliləyirdi.
    Basarkeçər tərəfdən Zəylik, Zivel, Zar, Yellicə, Barmanbinə, Dərəqışlaq, Aşağıayrım, Otaqlı və Kəlbəcər “Qrad” yağışı altına düşmüşdü. Görülən tədbirlərin heç bir səmərəsi yox idi. Yerli taborun döyüşçüləri martın 27-də Ağdabanı tərk etmək məcburiyyətində qaldı. Ülfət dözə bilməyib, qaçanların qabağını kəsib dedi:
    – Ay bədbəxtlər, hara kimi qaçacaqsız?! Kişi deyilsiz?! Kişi kimi ölmək yurdsuz yaşamaqdan yaxşıdır…
    ...Artıq gec idi. Üstünə irəliləyən düşmən tankını əlindəki qumbaraatanla vurub sıradan çıxartdı. İkinci tank Ülfətin səngərinin üstünə yeridi. O, özünü itirmədən səngərə yatdı. Tank səngərdən keçən kimi arxadan tullanaraq tankın üst qapağını açanda düşmən PDM-i onu haqladı...
    Bu da Ülfətin torpağa ülfəti və Vətənə olan məhəbbətinin əbədi ifadəsi idi. Torpağı Vətən, Vətəni ana bilən igid döyüşçümüzün axırıncı döyüşü, son dəqiqələri də beləcə qəhrəmanlıqla keçdi. Qeyrətini odlu silahdan güclü bilən igid döyüşçümüzün adı kimi, qəhrəmanlığı da yaddaşlara yazıldı. Ömrünün iyirmi üçüncü baharı açılmadı. Qışla baharın qovuşuğunda borana, tufana düşdü…
    “Azərbaycan ordusu” qəzetinin əməkdaşı Bahəddin Cəmiyyətoğlu da Ülfətin igidliyi barədə fikirlərini belə bölüşür:
    – Ülfət barədə dönə-dönə eşitmişəm. Haqqında mate¬rial hazırlayarkən, bir neçə mənbəyə üz tutdum. Ağdərə bölgəsində gedən qanlı döyüşlərin videolentinə tanınmış operator Nazim Abbasla birlikdə baxdıq.
    Budur, Qozlunun yaşıl yamacları görünür. Ülfət idarə etdiyi “KAMAZ”-ın sükanı arxasından düşüb məğrur-məğrur ətrafına baxır. Yanında dayanmış zabit onu təqdim edir:
    – Baxın, adını eşidib, üzünü görmədiyiniz Ülfətdir. Bir az əvvəl düşmən mövqeyinə qalxıb, quldurlarla savaşa girərək, onlara ağır zərbələr endirib. Biz bundan istifadə edərək sol cinahdan hücuma keçib, Qozlu yüksəkliyini quldurlardan azad etdik.
    Operator:
    – Bəs sən nə demək istərdin, Ülfət?
    – Mən Azərbaycan oğullarını bura – torpaqlarımızın müdafiəsinə çağırıram! Vətən namusdur, onu isə oğullar qorumalıdır!..

    Ülfət Kərimov Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən qeyri-bərabər döyüşlər zamanı əhalinin yaşayış məntəqəsini sağ-salamat tərk etməsinə nail olub. 1993-cü il martın 27-də Ülfətin sonuncu döyüşü zamanı tam mühasirədə olan Ağda¬bandan mülki əhali hələ çıxarılmamışdı. Bunun üçün vaxt lazım idi. Düşmən qüvvələrinin həddindən çox olmasına baxma¬yaraq, Ülfət vəziyyətdən çıxış yolu axtarırdı. Nəyin baha¬sına olursa-olsun, əliyalın, dinc sakinləri ölümün pəncə¬sindən xilas etmək lazım idi. Gənc leytenant ölüm-dirim savaşına qalxdı. Döyüşdə yaralanan qəhrəman zabit son nəfəsində də sayıqlığını itirmir, düşmənin zirehli texnika kalonuna qarşı vuruşur, qumbaratanla 1 tankını məhv edib, əlində qumbara, digər tankın üsütnə çıxaraq, tankın lyukundan içəri ataraq onu məhv elədi. Düşmən tankının üstündən tullanarkən, düşmənə məxsus PDM tərəfindən atəş açıldı və Ülfət Kərimov yaralandı. O, yaralı halda əlində qumbara ilə ona yaxınlaşan düşmənə məxsus PDM-in altına tullandı, onu partladaraq qəhrəmancasına şəhid oldu.

    İllər keçdi, böyük Zəfərlə bitən II Qarabağ müharibəsindən sonra 90-ci illərin kölgədə qalan bir çox qəhrəmanları kimi, Kəlbəcər diyarının qəhrəman övladı, igidliyi dillər əzbəri olmuş Ülfətin qara saçlarını vaxtından qabaq ağ hörmüş boynubükük bacısı Xuraman, anası Fatma xala, qohumları, yaxınları onun sağlığında layiq olduğu Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təskinlik tapmaq arzusundadırlar.

    Ülfət Kərimov Vətənin müdafiəsində göstərdiyi belə misilsiz qəhrəmanlığına görə ölümündən sonra, 14 sentyabr 1993-cü il tarixində“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Hələ o zaman Ülfət Kərimovun Milli Qəhrəman adına təqdim edilməsi üçün lazım olan sənədlər hazırlanıb, müvafiq orqanlara verilmişdir. Belə təqdimat dəfələrlə təkrarlansa da, tarixi həqiqət reallaşmadı. Bu xoş xəbəri isə bütün Kəlbəcər, Qarabağın sağ qalan keçmiş məcburi köçkün-didərginlərindən biri olan Ülfətin anası Fatma nənə də illərdir ki, bu xəbəri gözləyir.

    Ötən il “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi ilə şəhid ailələrin nümayəndələri rəsmi surətdə Milli Məclisin Kəlbəcərli deputatı Mircəlil Qasımlıya müraciət ediblər

    Bu günlərdə isə Milli Məclisin deputatı Mircəlil Qasımlı bu məsələ ilə bağlı ölkəmizin parlamentində çıxış edib. O, şəhid Ülfət Kərimova Milli Qəhrəman adının verilməsi ilə bağlı ictimaiyyətin müraciətini səsləndirib. Deputat çıxışında məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi şəhidlərimizin canı, qazilərimizin qanı hesabına tarixi torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.

    Yeri gəlmişkən, geniş ictimaiyyətin bu məsələ ilə bağlı aktual təklifini parlamentdə qaldırdığına görə, dəyərli millət vəkilimizə xüsusi təşəkkürlərimizi çatdırırıq.

    Biz də öz növbəmizdə inanırıq ki, dövlətimizin müvafiq qurumları bununla bağlı bütün məsələləri vaxtında həll edəcək və gəncikən şəhidlik zirvəsinə ucalmış qəhrəmanımız Ülfət Kərimov Milli Qəhrəman adına layiq görüləcək.

    …Yenə də qarşıdan bahar gəlir. Dağlara gələn bahar o yerlərdə qanı daşlarda qalan igidlərin anaları üçün elə zimistandır - qışdır, qar-borandır. Dağlarla ülfət bağlayan Ülfətlərimizin özlərindən sonra yadigar qalan isə yalnız igidlikləri, məğrurluqları, Vətən sevgiləri və qəhrəmanlıqlardır. Niyə qıyılmasın ona halal haqqı-adı! Bu, qəhrəman şəhidimizin ruhuna hörmət, vətənkeş oğullarımıza isə bir nümunə deyilmi?

    Söz adamlarının gücü isə qələminə, bir də bu sətirlərə çatır:

    Yarı yolda qaldı arzu-diləyin,
    Vətən-vətən dedi hər an ürəyin.
    “Qoy olum Vətənə qurban!” - deməyin
    Kövrəltdi dağları, düzlər ağlayır.


    Cəmilə ÇİÇƏK
    Prezident təqaüdçüsü,
    f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ